Avropa Parlamentində azərbaycanlı zabit Ramil Səfərovla bağlı qəbul olunmuş qətnaməyə cavab olaraq YAP-ın təşəbbüsü ilə imzalanan kommunikedə ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələrin həmrəylik bildirməsi zəruri sayılıb.
Bu məqsədlə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov İctimai Palatada təmsil olunan partiyaların təmsilçilərinə zəng edərək, onların ümummilli məsələ sayılan müzakirələrdə iştirak etməsini və sənədi imzalamasını xahiş edib.
İP-də təmsil olunan siyasətçilərdən biri musavat.com-a bildirib ki, onlar sözügedən kommunikenin bu gün mediada gedən mətni ilə tanış olublar və müxalifətin bu sənədə qoşulmasını məqbul hesab edirlər. AXCP-dən Razi Nurullayev, Müsavatdan Gülaga Aslanlı, Xalq Partiyasından Qiyas Sadıqbəyli artıq bu müraciəti imzalayıblar.
Müraciətdə deyilir:
Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə, “Euronest”in qurucu üzvüdür.
Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem – Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul etmişdir. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı 732 üzvü olan Avropa Parlamentində 76 nəfər deputatın iştirakı və onlardan 58 nəfərinin lehinə səs verməsi ilə qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi “Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya”nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad olunaraq həyata keçirilmişdir. Təəssüf ki, Avropa strukturlarının bir sıra qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar və sənədlər yayılmışdır.
Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi gedişində bir çox yaxınları, qohumları öldürülmüş, ailəsi isə qaçqın vəziyyətinə düşmüşdür. Ramil Səfərov 2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz qalmış və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son vasitəyə əl atmışıdır. Ramil Səfərovun üzərində Budapeştdə aparılan məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm prinsipləri ilə uzlaşmayan hökm verilmişdir. Halbuki, Avropa ölkələrinin məhkəmələrində belə sərtlik özünü biruzə vermir. Son misal kimi, Norveçdə Breyvik üzərində qurulan məhkəmə və onun çıxardığı qərarı göstərə bilərik.
Hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana ekstradisiya edərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktının özü əslində heyrət və təəssüf doğurur. Halbuki, bu terrorçular Ermənistana ekstradisiya edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törətmişlər. Başda Avropa Parlamenti olmaqla, nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın bu əməllərinə qarşı tam laqeydlik göstərməsi isə bu dairələrdə ikili standartların mövcudluğundan xəbər verir. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar, daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv və ikili standartların növbəti təzahürü hesab edirik.
***
Azərbaycanın iqtidar və müxalifət partiyaları Avropa Parlamentinin Ramil Səfərov haqqında qətnaməsinə birgə münasibət bildirəcəklər. Bu haqda “Azadlıq” radiosuna Müsavat Partiyası başqanı İsa Qəmbər deyib. İsa Qəmbərin sözlərinə görə, bu haqda təklif Yeni Azərbaycan Partiyasından gəlib. Birgə bəyanatın layihəsi bir neçə partiya arasında müzakirə edilib və o yaxın saatlarda yayılmalıdır. «Biz bu bəyanatda arqumentlərimizi sadalayırıq ki, nəyə görə Avropa Parlamentinin qətnaməsini obyektiv bir sənəd kimi qiymətləndirə bilmərik».
Radionun əldə etdiyi məlumata görə, ilkin variantda sənədin yalnız parlament partiyaları adından imzalanması gözlənilirmiş. Amma sonra parlamentdən kənar partiyaların da bura qoşulması ideyası gündəmə gəlib.
Bu sənəd son illərdə Azərbaycanda iqtidar və müxalifət partiyalarının birgə imzalayacağı ilk sənəd olacaq.