Qulamhüseyn Əlibəyli: “Dövlət başçısı əks addımları qarşılamaq üçün sərt mövqedən çıxış etmək istəyir”
Ərəstun Oruclu: “Qərblə onsuz da yox dərəcəsində olan münasibətlər bir az da kəskinləşəcək”
Ölkə başçısı Ilham Əliyev Ramil Səfərovun əfv edilməsindən sonra Azərbaycan rəhbərliyini tənqid edən beynəlxalq təşkilatların, xüsusilə də Avropa Şurasının baş katibi Torbyörün Yaqlandın ünvanına sərt ifadələr işlədib. Azərbaycan tərəfinin qanun, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində addım atdığını deyən Əliyev qurumun rəhbərini erməni maraqlarına xidmət etməkdə günahlandırıb.
Bir qayda olaraq Azərbaycan rəhbərliyinin hər hansı ölkə, yaxud təşkilata narazılığı məmurların dilindən səslənirdi. Lakin bu dəfə Avropa Şurası rəhbərliyinin ünvanına ölkə başçısının ittihamlarla çıxış etməsi diqqəti cəlb edir.
Böyük ehtimalla əvvəllər olduğu kimi bu dəfə də hakimiyyətə yaxın mətbuat bu kampaniyanı davam edəcək və budəfəki hədəf Avropa Şurası olacaq.
Ölkə başçısının səsləndirdiyi fikirlərdən sonra Milli Məclisin deputatı Azay Quliyev mətbuata açıqlamasında ölkədə bəzi məmurların Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıqdan imtina məsələsini müzakirə etmək arzusunda olduğunu deyib.
Ölkə başçısının ardınca Azay Quliyevin də belə bir açıqlama verməsi hakimiyyətin Avropa Şurası ilə münasibətlərinin arzuolunmaz səviyyədə olduğunu göstərir. Münasibətlərin bu vəziyyətdə olması nə vəd edir?
Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli Avropa Şurası ilə münasibətlərin əvvəlki dövrlərdə də gərgin olduğunu bildirdi. Son vaxtlar siyasi məhbuslar, insan hüquqları ilə bağlı məsələdə Avropa Şurasının mövqeyi müəyyən qədər sərtləşib. Həmçinin qurumun siyasi məhbuslar üzrə məruzəsiçisinin Azərbaycana buraxılmaması gərginliyi bir qədər də artırıb.
Q.Əlibəylinin fikrincə, Azərbaycanla Avropa Şurası arasında söz atışması nəticədə qurumun ölkəmizə qarşı sanksiylar tətbiq etməsinə gətirib çıxarmayacaq. Lakin sanksiyalar tətbiq etmək üçün yetərli əsaslar var. Bu da Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməməsi ilə bağlıdır. Hələ ki, bu, Avropa Şurası tərəfindən əks addımlara gətirib çıxarmır. Sadəcə olaraq dövlət başçısı bu addımları qarşılamaq üçün bir qədər sərt mövqedən çıxış etmək istəyir.
Politoloq Ərəstun Oruclu isə Ramil Səfərov olayının Azərbaycanın beynəlxalq dayağının olmadığını ortaya çıxardığını bildirdi. Avropa Şurası, NATO, Rusiya, ABŞ bu məsələdə birmənalı şəkildə antiAzərbaycan mövqeyi tutdu və hakimiyyəti kəskin tənqid etdi.
Ekspertin fikrincə, bu olayın start nöqtəsində də məhz Azərbaycanın Avropa, Qərblə münasibətlərinin korlanmasını, Rusiyaya doğru yönəlməsini istəyənlərin dayanması istisna deyil. Bu baxımdan Qərblə onsuz da yox dərəcəsində olan münasibətlərin bir az da kəskinləşəcəyini, çətin mərhələyə gəlib çıxacağını gözləmək olar.
Ekspert rəsmilərin açılqamasında uyğunsuzluğun olduğunu da qeyd etdi: “Azay Quliyev eyni zamanda başqa ideya da irəli sürüb ki, Dağlıq Qarabağdakı erməni qeyri-hökumət təşkilatları QHT-lərə yardım fondundan maliyyə ala bilər. Bu da anlaşılan deyil. Bir tərəfdən hakimiyyət beynəlxalq aləmə qarşı ortaya bu cür sərt mövqe qoyur, digər tərəfdən hökumətin təmsilçisi olan Azay Quliyev guya münaqişənin nizamlanması istiqamətində yeni təşəbbüslə çıxış edir. Bu da onu göstərir ki hakimiyyətdə nə xarici, nə də daxili siyasətdə vahid strategiya, vahid koordinasiya mərkəzi var”.
Ekspertin sözlərinə görə, artıq yalnız qrup maraqları prioritet təşkil edir və qarşıdakı prezident seçkilərində uğur qazanmaq mübarizəsi gedir. Bu mübarizədə tərəflər maksimal dərəcədə müxtəlif geosiyasi faktorların dəstəyindən yararlanmağa çalışır. Kimsə Qərbə doğru, kimsə Türkiyəyə, kimsə də Rusiyaya doğru meyillənmək istəyir.
Fizzə