Hakimiyyətin qorunması üçün “müharibə ssenarisi” işə düşə bilər
Azərbaycan hakimiyyəti 2013-cü il prezidenti seçkisi ilə bağlı xüsusilə Avropa strukturlarından ciddi təzyiqlər gözləyir. Bu baxımdan iqtidar ideoloqları kritik dövrü adlamaq üçün hazırlıqlarını davam etdirir.
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, hökumət seçki ərəfəsində 2005-ci ildə imtina etdiyi demokratiyanın imitasiyası siyasətinə qayıtmağı düşünür. Hakimiyyət görüntü yaratmaq üçün müəyyən xırda islahatlara gedəcək ki, bu sıraya siyasi məhbusları azad etmək, Ictimai Televiziyada iqtidar üçün ciddi təhlükə yaratmayan fərqli fikirə yer ayırmaq, vətəndaşların daha çox narazılıq etdiyi sahələrə rəhbərlik edən şəxslərlə bağlı tədbirlər görmək və s. daxildir. Əldə etdiyimiz məlumatlara görə, hakimiyyətin 2013-lə bağlı daha bir plan üzərində işləyir. Iqtidar ideoloqları proporsional seçki sistemini bərpa etməklə Milli Məclisin say tərkibini artırmaq istəyir. Lakin bu halda da iqtidar hökumətyönlü deputatların müxalifət təmsilçiləri üzərində üstünlüyünü təmin etmək niyyətindədir. Yəni, müxalifət parlamentə buraxılacağı təqdirdə, hökumətyönlü deputatların sayının daha çox olmasına çalışılacaq, təbii ki, seçkilərin saxtalaşdırılması ilə.
Həmçinin hakimiyyətdə baş nazirin səlahiyyətlərinin artırılmasını zəruri sayırlar. Bu “Putin-Medvedev” variantı üçün nəzərdə tutulub. Yəni, seçki ərəfəsində ciddi təzyiqlərin olacağı təqdirdə Ilham Əliyevin prezident kürsüsünü baş nazir postu ilə əvəzləməsi nəzərdə tutulur.
Hakimiyyət imitasiya ilə Qərbi aldatmaq mümkün olmadıqda, ən pis varianta əl atmağı düşünür. Bu “müharibə ssenarisi”dir. Bununla hakimiyyət prezident seçkisini təxirə salmaq, Qərbi şantajla onu güzəştə məcbur etmək məqsədi güdür.
Azad