“Tariximizin qəhrəmanlıq salnaməsini yox etmək istəyənlər məğlub olacaqlar”
“Azadlıq” qəzeti Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Bu salnaməni yox etmək mümkün deyil”. Bu sözləri tanımış ziyalı, dilçi alim Kamil Vəli Nərimanoğlu “Azadlıq” qəzetinin nəşri üçün yaranmış təhlükəyə münasibət bildirərkən deyib: “Buna cəhd edənlərin işi çox çətin olacaq. Çünki onlar tarix qarşısında məsuliyyət daşıyacaq, gələcək nəsillərin hədəfinə çevriləcəklər. “Azadlıq” qəzeti tək Azərbaycan yox, bütün dünya alimləri, araşdırmaçıları üçün istinad nöqtəsidir. Ona görə bu böyük salnaməni heç kim durdura bilməz. Bunu etmək istəyənlər çox yanlış yoldadılar və bu, onların növbəti məğlubiyyəti olacaq. “Azadlıq” kimi bir qəzet bağlana bilməz. Şəxsən mən qəzetə hər formada yardım etməyə hazıram və bacardığım qədər yardım edirəm də. Qəzetin kollektivinə bu ağır, ciddi mücadilədə uğurlar arzulayıram”.
“Azərbaycanın ilk istiqlal qəzetini qorumaq ilk növbədə dövlətin borcudur”
Tanınmış şair Vaqif Bayatlı bildirir ki, “Azadlıq” qəzeti Azərbaycanın azad mətbuatının ilk nümunəsidir və onun qapadılması yolverilməzdir: “Azadlıq”ı yox etmək azadlıqlarımızı yox etmək deməkdir. Dövlətin borcudur ki, Azərbaycanın ilk istiqlal qəzeti olan “Azadlıq”ı qorusun və onu hər cür dəstəkləsin. Bildiyim qədər qəzetə borcu olan qurumlar var. Dövlət həmin borcların alınmasında da qəzetə köməklik etməlidir. “Azadlıq”ın bağlanması azad sözün təhlükə altına düşməsi, Azərbaycanın dünya ilə əlaqələrinin bağlanması deməkdir. “Azadlıq”ın önəmini göstərmək üçün bu siyahını çox uzatmaq olar”.