Keçmiş vicdan məhbusları yeni təşkilat yaratdı
Bir müddət öncə azadlığa çıxmış keçmiş vicdan məhbusları növbəti dəfə bir araya gəliblər. Müzakirə zamanı həbsdə olan vicdan məhbuslarının və digər qanunsuz həbs olunmuş şəxslərin hüquqlarının daha sistemli və ardıcıl müdafiə olunması məqsədilə yeni təşkilatın yaradılması haqqında qərar qəbul olunub. Təşkilat “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı adlandırılıb.
Toplantıda daha sonra təşkilatın yaradılması haqqında bəyannamə qəbul olunub. Bəyannamədə təşkilatın yaranma zərurəti, məqsədi, qarşıya qoyduğu məqsədlərə dair fikirlər yer alıb. Müzakirələr zamanı yeni təşkilatın yaxın dövrlərdə görəcəyi işlərlə bağlı İş Planı təsdiq olunub. Toplantıda qərara alınıb ki, hər bir vicdan məhbusu həbsdə saxlanıldığı İstintaq Təcridxanasında və Cəza Çəkmə Müəssisəsində hazırkı vəziyyətlə bağlı ümumi məlumatlar hazırlasın və bu məlumatlar ümumiləşdirilərək yekun hesabat halına salınsın və təşkilatın ilk hesabatı kimi aidiyyatı yerli və beynəlxalq təşkilatlara təqdim edilsin.
Toplantıda həmçinin hazırda qanunsuz həbsdə olan hər bir məhbus barədə geniş Məlumat Bankı yaradılması da nəzərdə tutulub.
Eyni zamanda təşkilatın loqosu ilə yanaşı qanunsuz həbsdə olan siyasi məhbusların şəkillərindən ibarət baner hazırlanması da qərara alınıb.
Toplantıda Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserə məktub göndərilməsi, həmçinin qanunsuz həbsdə olan, yaxın günlərdə məhkəməsi keçiriləcək vicdan məhbusları Taleh Xasməmmədovun, Əvəz Zeynallının, İlham Əmiraslanovun, İlqar Rzayevin və digərlərinin məhkəmə prosesində təşkilatın nümayəndələrinin iştirak etməsi və məhkəmə proseslərini diqqətdə saxlamaq barədə də məsələlər nəzərdə tutulub.
Xatırladaq ki, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının yaradılması təşəbbüsü bir neçə ay öncə azadlığa çıxmış vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və digərləri tərəfindən irəli sürülüb (qafqazinfo).