Əkrəm Əylisli: “Azadlıq”ın bağlanması azadlıqlara qarşı böyük təcavüz olar”
Musa Yaqub: “Imkanı olanlar bu qəzetə mütləq kömək etməlidir”
Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin “Azadlıq” qəzetini böhranlı vəziyyətdən çıxartmaqla bağlı ölkə ictimaiyyətinə müraciətləri davam edir. Tanınmış alim, Ziyalılar Forumunun üzvü Cəmil Həsənlidən sonra ayrı-ayrı nüfuzlu ziyalılar da “Azadlıq”ın durumu ilə bağlı həyəcan təbili çalır, Azərbaycan vətəndaşlarını qəzeti bu dar gündə tək qoymamağa çağırırlar.
Tanınmış yazıçı Əkrəm Əylisli əmindir ki, fəal vətəndaş mövqeyi və dəstəyi “Azadlıq”ın bu böhranlı vəziyyətdən çıxaracaq: “Azadlıq” böyük qəzetdir və onu heç kim bağlaya bilməz. Mən Cəmil Həsənlinin müraciətindəki bütün fikirlərlə həmrəyəm. “Azadlıq” qəzetinin bağlanması Azərbaycandakı azadlıqlara qarşı çox böyük təcavüz olar. Hesab edirəm ki, bu, hökumətin “Azadlıq”a qarşı növbəti təzyiqidir. Amma mən ona da inanıram ki, “Azadlıq” fəal vətəndaş mövqeli insanlarımızın dəstəyi ilə bu sınaqdan da üzüağ çıxacaq yerində möhkəm dayanacaq”.
Tanınmış şair Musa Yaqub “Azadlıq”ın bütün başqa sınaqlar kimi, bu sınaqdan da çıxacağını deyir: “Azadlıq” bizim hamımızın sevimli qəzetidir. Şəxsən mənim də. Heç vaxt istəmərik ki, “Azadlıq” qəzeti bağlansın. Biz “Azadlıq”a hər zaman dəstək olmağa hazırıq. Imkanı olan şəxslər bu qəzetə mütləq kömək etməlidir. Düzdür, iqtidar istəməz ki, bu qəzet çıxsın. Amma ölkənin azad düşüncəli insanları, ziyalıları “Azadlıq”a bacardığı qədər kömək etməlidir”.
Gültəkin