Britaniya qəzeti rəsmi Bakının İrana qarşı ABŞ-la kəşfiyyat əməkdaşlığı etdiyini yazıb
Son günlər dünya mətbuatının əsas gündəmindən biri də Macarıstanda erməni hərbçisini öldürən azərbaycanlı zabit Ramil Səfərovun 8 il yarımlıq həbsxana həyatından sonra Azərbaycan verilməsi və burada azadlığa buraxılmasıdır. Ekspertlər və rəsmilər zabitimizin azadlığa buraxılması ilə bağlı müxtəlif səpkili açıqlamalar verirlər. İngiltərədə yayımlanan “The Guardian” qəzetində dərc olunan məqalədə deyilir ki, Ramil Səfərovun azadlığa buraxılması Cənubi Qafqaz regionunda sabitliyə ciddi təhlükə yaradır.
Məqalədə digər maraqlı məqam ondan ibarətdir ki, qəzet Qərb-Azərbaycan münasibətləri fonunda Bakı ilə Tehran arasında yaşanan gərginliklərə toxunub. “The Guardian” yazır ki, ABŞ İranla bağlı kəşfiyyat əməkdaşlığı müqabilində Azərbaycan hakimiyyətinin insan haqları və söz azadlığını məhdudlaşdırmasına göz yumur. Qeyd olunur ki, İranda yaşayan azərbaycanlılar da ABŞ üçün ciddi əhəmiyyət daşıyır. Oradakı soydaşlarımız ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Tehran rejiminə qarşı əməliyyatlarında mühüm rola malikdir.
İngiltərə qəzeti Azərbaycanın İsraillə siyasi və hərbi müttəfiqliyinin də Bakı-Tehran gərginliyinin artmasına səbəb kimi göstərib. Qəzet bildirir ki, Azərbaycanın İsraildən 1.6 milyard dollarlıq silah alması həmçinin Cənubi Qafqazda sabitliyi zərbə altına qoyur.