Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Həbsxanada belə xəbər alacağımı heç ağlıma da gətirmirdim. Nə zamansa, həbsxanadan çıxıb kəndə gedəndə, atamın alnımdan öpüb bir az soyuqqanlıqla, bir az kövrək, bir az qocalıq qatılmış ötkəm səslə “Gəldin!” deyəcəyini gözləyirdim…
Həbsxana üzrə növbətçi mayor Şamil idi. O, “Yat!” komandasına əməl olunma dərəcəsini yoxlamağa gələndə mən radioda həmin xəbəri dinləyirdim. Şamil mənə başsağlığı verdi.
“Rəisə xəbər eləyin ki, mən hüzrə getməliyəm” – dedim.
Şamil anlaşılmazlıqla mənə baxdı:
– Amma bu, mümkün deyil. Mən 28 ildir bu sistemdə işləyirəm… mümkün deyil.
Mən bir daha ona təkid etdim ki, rəisə xəbər versin və yerimə keçib çarpayıda oturdum. Bir neçə dəqiqədən sonra başımı qaldırıb, az qala, korpusun yarısını ətrafımda gördüm. Hamı başsağlığı üçün yaxınlaşmışdı. Hamıya təşəkkür edib yerlərinə keçməyi də xahiş etdim: “Gəlib zəhlənizi tökərlər…”
Bir neçə nəfərdən başqa hamı çəkildi. Bir saat sonra Şamil gəldi. Məni həyətə dəvət etdi: “Rəis zəng eləmişdi. Dedi ki, çatdırım… yatma, bir azdan gələcək və sənədləri qaydasına salıb səni buraxacaqlar”.
Kəndə çatanda sübh tezdən idi və hamı yatmışdı… Bir neçə saat, bir neçə gün sonra belə, həbsdən çıxıb atalarının hüzr mərasiminə qatılan, amma bircə həftə sonra da oraya yenidən qayıdacaq qardaşların xəbəri soyumadı. Bu, ölkədə ilk hadisə idi. Amma bir qanun vardı və bu qanun nə zamansa işləməli idi. Azərbaycanda bu qanunu işlədən bir ictimai təpki vardı. Buna da şükür!
Bir neçə saat sonra həyət adamla doldu. Xalq Cəbhəsinin fədakar sədri Əli Kərimli böyük bir ordu ilə kəndə qayıtdı. “Qayıtdı”, ona görə ki, bir gün əvvəl həmin bu ordu bizim atamızın dəfn mərasimini təşkil edib Bakıya getmiş və üç mərasimi günü gələcəklərini demişdilər. Amma bizim gəlişimiz onların da dönüşünü bir gün sürətləndirdi. Mən Azərbaycanda demokratiya hərəkatının dirəniş göstərməsinin mühüm səbəblərindən birinin Əli Kərimli və Xalq Cəbhəsi faktoru olduğunu çox aydın təsəvvür edirəm və Azərbaycanda sonuncu işıqlar sönməyibsə, buna görə onun adını həmişə böyük ehtiramla çəkirəm. Amma bizim ailəmiz üçün çox kövrək olan həmin gündə bu ailəyə göstərdiyi böyük qayğıya görə də, ona əlahiddə minnətdarlığım heç zaman tükənməyəcək. Bizim həbsdə olduğumuz, oradan gəlib çıxa biləcəyimiz və ya bilməyəcəyimiz əlavə bir tərəddüd həyətimizdə, küçəmizdə, evimizin arxasındakı məktəbin qarşısında, kəndimizi magistrala bağlayan yolda, bir qədər aralıdakı Mirsalam bulağında, Ballı qayanın üstündəki kənd qəbristanlığında… dolaşırkən, Əli Kərimli özünü bu ailənin adamı kimi yetirərək gələni-gedəni qarşılayıb, oradakı sahmana nəzarəti əlinə almışdı. Bu ailənin həbsxanalarda olmayan onlarla, yüzlərlə, minlərlə övladının olduğunu öz məğrur görkəmi ilə hər kəsə bəyan etmişdi.
Bir həftə ərzində görə biləcəyim hər kəsi gördüm. Həftənin tamamında “Bundan sonra daha bir neçə il həbsdə qala bilərəm” düşüncəsi ilə Penitensiar Xidmətin bizi geri aparmaq üçün hazır olan maşınına oturub geriyə – həbsxanaya döndüm.
Korpusda dustaqlar atamın 3-ü günü ehsan vermişdilər. Taleh Quran oxumuşdu, adamlar çaydan, qənddən, şirniyyatdan toplayıb böyük bir ehsan süfrəsi açmışdılar. Mən də növbəti cümə axşamını bu ehsan süfrəsini təkrarladım və mənə göstərdikləri böyük diqqətə görə hamıya təşəkkür etdim.
Idarədəki rütbəli zabitlərdən biri heyrətlə soruşmuşdu:
– Zahidov, inanmaq mümkün deyil! Axı, bu adamlarla səni heç nə birləşdirmir… Bunlar tamam ayrı aləmin adamlarıdır! Bu adamlar səninlə bu qədər yaxından necə anlaşa bilərlər, axı?!
Bilmirəm. Doğrudan-doğruya bilmirəm. Mən bu adamlara pul vermirəm, onlara əlahiddə yardımlar göstərmirəm, onlarla saatlarla oturub çənə döymürəm, bir yerdə çifir içmirəm, onların günlərlə oturub izlədikləri səfeh seriallara, mənasız meyxanalara baxmıram; işim-gücüm kitab oxumaq və gündə, orta hesabla, bir-iki saat ən müxtəlif adamlarla ən müxtəlif söhbət eləmək olur; daha tez-tez nərd oynadığımı etiraf edirəm, hətta bir neçə dəfə nərd yarışı da təşkil etdiyimi, bu yarışların hamısında da elə birinci turda uduzub qırağa çıxdığımı cəsarətlə deyə bilərəm; hər axşam dəb halına düşmüş voleybol oyunlarında iştirak etmirəm…
Onlarla mənim məşğuliyyətim və hobbilərim tamam fərqlidir. Amma bu adamlara ikrahla, yuxarıdan aşağı baxmırdım, onlar hiss edirdilər ki, onlara sayqıyla yanaşıram. Bəzən bir neçə gün dalbadal hansısa birini çənəmin altına salıb danlayırdım, “a bala, adam ol, buradan çıxıb bir daha səni buraya gətirən sarsaq işlərlə məşğul olma” deyirdim. Adam da səbrlə, başını aşağı sallayıb qulaq asır, “düz deyirsən, Hacı, söz verirəm ki, bu yaramazlıqları bir daha etməyəcəyəm” kimi cavab verirdi. Əlbəttə, mən də bilirdim ki, bu söz o söz deyil, məndən ayrılandan cəmi bir neçə saat sonra adam bu söhbətin “doza”sından çıxacaq, amma həmin adamın özü həmin anda özünün başqa, alternativ bir perspektivinin olduğunu hiss edərək özünü sevə bilirdi. Görünür, onun qəlbində özünə sevginin motivlərini yarada bildiyimə görə mənə də sayğısı artırdı. Bir dəfə hətta rəis müavininə demişdim: “Samir müəllim, xristianlarda bir adət var ha, günahkarlar gəlib keşişə günahlarını danışır, Allahdan lütf qazanmaq üçün vasitəçilik istəyir, həm də dərdini dağıdıb yüngülləşirlər… Mənim buradakı missiyam, təqribən, belə bir işdir. Mən sizin cinayətkarlarınızın həmdərdi olmaqla onlara təsir etməyin ən gözəl yollarını bilirəm, bunu təcrübədə təsdiq edirəm və bu işə görə sizin hökumətinizdən də maaş-filan istəmirəm. Iş veriblər, sağ olsunlar, işimi görürəm”.
Bu münasibətlər o qədər harmonik, o qədər birmənalı idi ki, hətta yas mərasiminə gedəndə jurnalistlərin israrlı sorularının hamısına, “Orada mənim üçün yaxşıdır və heç bir problemim yoxdur” – şəklində cavab verirdim.
“Elə danışırsınız ki, sanki həbsdə olmağınızdan məmnunsunuz…” – sualı da vardı və “Insan düşdüyü situasiyanı məmnun qala biləcəyi situasiyaya çevirməyi bacarmalıdır” cavabı da.
Məmnun olmadığım tək görsəniş həbsxanalarda daşlaşmış münasibətlərdir. Dustağa olan münasibət. Bu münasibəti darmadağın etmək lazımdır. Bu, insanın insana olan münasibəti deyil. Bu, yırtıcı münasibətdir. Insanın xisləti belə ola bilməz. Ayrı-ayrılıqda həbsxana əməkdaşlarının çoxu normal və bütün duyğuları yerində olan adamlardır. Ilk baxışda, “onlar bu yırtıcı münasibətlərin tərəfi, həm də fəal tərəfi ola bilməzlər”, deyə düşünməli olursan. Amma bir qədər geniş yanaşın. Məsələn, ali məktəb müəllimlərinin əksəriyyəti tələbələrə yeriyən manatlıqlar kimi baxır və imkanı çatan birinci dayanacaqda bu manatlığı özününkü etmək üçün həmin tələbəyə mənəvi işgəncə verir. Yol polisini götürün. Ya məhkəmələri. Ya icra hakimiyyətlərini. Bələdiyyələri. MIS işçilərini. Bunların hamısı aşağı-yuxarı həmin yırtıcı münasibətin daşıyıcılarıdır: bütün qanuni və qanunsuz imkanlarını qanunsuz pul əldə etmək üçün səfərbər etmirlərmi? Bu münasibət qapalı, hündür, üstü tikanlı məftillərlə bələnmiş divarların o üzündəki dustaqlara hansı mülahizələrə görə tətbiq edilməməlidir ki?
Bu, belə də olmalıdır və belədir!
Ardı var