Xatırlayırsınızsa, ölkə başçısı İlham Əliyev bir müddət əvvəl Nazirlər Kabinetinin iclasında bildirmişdi ki, bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. O, fabriklərdən ikisinin özünün iştirakı ilə açıldığını vurğulayaraq bildirmişdi: “Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq… Bu il və gələn il müxtəlif bölgələrdə yun qəbulu məntəqələri açılacaq… Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur. Bu məqsəd üçün də vəsait ayrılıb. Ümid edirəm, gələn il fabrikin açılışı olacaq ki, biz həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyaq.”
Ölkə başçısının bu çıxışından sonra mətbuatda xalçaçılığın inkişafı ilə bağlı statistik məlumatlar açıqlandı. Açıqlamadan məlum oldu ki, 2017-ci ilin 9 ayında Azərbaycanda bütün müəssisələr tərəfindən 408,4 kv. metr xalça toxunulub. Satışa 505,1 kv. metr xalça göndərilib, oktyabrın 1-nə qədər anbarda 1274,5 kv. metr xalça qalıb. Müqayisə baxımından götürsək, 2016-ci il ərzində Azərbaycanda 198,8 kv. metr xalça toxunub və 2017-ci ilin yanvarın 1-nə qədər anbarda 811,2 kv. metr xalça qalıb.
Statistikadan görünür ki, hələ qədim xalq sənəti olan xalçaçılıqla bağlı gözlənən böyük uğurlardan danışmaq mümkün deyil. Faktlara əsaslansaq, istehsal olunan məhsulların böyük hissəsi anbarlarda yatıb qalır. Yerli məhsullar niyə alınmır? Malların yığılıb qalmasına əsas səbəb insanların alıcılıq qabiliyyətinin aşağı olmasıdır, yoxsa məhsulun keyfiyyətsizliyi? Alıcısı, bazarı olmayan məhsul istehsalı üçün bu qədər vəsait xərcləməyin mənası nədir? Hələ bir də ölkə rəsmiləri yaxın zamanda xalça istehsal edən fabriklərin sayının 30-a çatdırılacağını deyirlər.
Bəs əslində ölkədə xalçaçılğın inkişafı üçün perspektivlər necədir? Yerli məhsulların bazar rəqabətinə davamlılığı varmı? Azərbaycan alıcısı yerli xalça alırmı? Xalça ticarəti sahəsində 18 illik təcrübəsi olan Rasim Məmmədov suallarımıza maraqlı cavablar verib. O deyir ki, Azərbaycan bazarını öyrənmədən bu qədər fabrik açmaq tamamilə yanlış addımdır. Bu sahədə az-çox təcrübəsi olan adamlar bilir ki, bizim bazarda satılan xalçaların 90%-i Türkiyə və İran istehsalı olan xalçalardır. R. Məmmədov bazara daxil olan yerli fabrik məhsullarından da yaxşı məlumatlıdır: “Bakıda bir ay olar ki, yeni xalça müəssisəsi açılıb. Açılan kimi də məhsulları bazara girib. Deyirlər “yuxarılarındır”. Dükanlara 1 kv.m-i 5 dollardan verilir. Yerli xalçalar, ümumiyyətlə, ucuzdur. Amma yenə də alıcılıq qabiliyyəti çox zəifdir. Çünki keyfiyyəti də sıfırdır. Ən yaxşı xalçalar Təbriz xalçaları sayılır. 2×3 ölçülü Təbriz xalçaları minumum 300 manatdır. 2×3 Türkiyə xalçaları minimum 80 manata, 2×3 yerli xalça 60 manata satılır.”
Müsahibim deyir ki, eşitdiyinə görə, hardasa yerli keyfiyyətli əl işləri toxunur, onların qiyməti də xeyli baha olur. R. Məmmədov bildirir ki, ümumi götürəndə də durum pisdir. Alıcılıq yoxdur, bir aya ancaq 3-4 xalça satmaq olur, yerli xalça nadir hallarda satılır. “Xalça satılmırsa, bu fabrikləri niyə açırlar, sizcə?” sualına müsahibim belə cavab verir: “Çox çəkməz, onların hamısı bağlanacaq, bunu 100% əminliklə deyirəm. İçində olduğum bazar şərtləri bunu deyir. Bunlar daxili istehsaldan xeyir götürə bilməzlər. Velosiped zavodu işlədə bilməyənlər xalça fabriki işlədə bilər? Xarici məhsulları sıxışdırmaq da bunlara sərf etməz. İrandan və Türkiyədən gələn mallara 42% gömrük haqqı alınır, amma sənəd verilmir. Yəqin ki, fabrik-zavod açmaq da bir variantdır, pul yumaq variantı. Maya qoyan xüsusi şəxs olsa da, çox ehtimal ki, həmin sahibkarı da bir müddət sonra həbs edib əlindəkini alacaqlar.”
azadlıq.info