Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bizim həbsxanalarda dustağın hətta komendant seçmək hüququ yoxdur. Komendant cəhənnəmə. Həbsxanalarda “koptorqçu” adlanan bir məşğuliyyətin olduğunu yazmışdım, hətta “koptorqçu” Mirişin bizim ərzaq məhsullarımızı oğurlayıb satdığını da dedim. Bax, dustaqların o ixtiyarı da yoxdur ki, öz çantalarını, şəxsi əşyalarını saxladıqları otağa nəzarət edən bir bəkçi seçsinlər. Amma deputat seçmək, Konstitusiyanı dəyişmək, prezidentin kim olacağına rəsmən münasibət bildirmək hüquqları varmış. “Qah-qah, qəribə gülməlisən, xaniman xərab” (Bu, Sabirin bir şeirindəndir). Bu ölkədə prezident vəzifəsi “koptorqçu” Mirişin funksiyalarından daha əhəmiyyətsiz bir işmiş…
Təbii ki, mən prezident seçkilərinə, növbəti il təşkil edilən referenduma qatılmadım. Qabaqcadan bu kampaniyalara münasibətimi bildiklərinə görə də dustaqlara seçkidə iştirak hüququ verən müvəqqəti şəxsiyyət vəsiqəsi paylananda mənim şəxsiyyət vəsiqəmi elə sıranın qarşısındaca ayırıb bir qırağa qoydular və rəsmən bütün korpusa elan etdilər: “Seçkidə iştirakdan imtina edir”. Sonra da zəruri əlavə: “Əlbəttə, bizdə demokratiyadır, kim iştirak etmək istəmir, seçkiyə getməyə bilər”.
Təbii, başqa istəklər olmadı.
Açığı, mən bu prosesdə təkcə ona görə iştirak etmədim ki, müxalifət boykot elan etmişdi. Həm də ona görə ki, bu kampaniyada əvvəldən iştirak etmək hüququm olmamışdı. Mən bu kampaniyaya qatılsaydım, korpusdakı dustaqların 50 faizindən artığını bu mənasız əməliyyatdan çəkindirə bilərdim. Bunun da bir mənası olmazdı. Bütün ölkə boyu ictimai nəzarətdən kənar keçirilən seçkilərdə bir həbsxananın 100 dustağının iştirak etməməsinin heç bir siyasi nəticəsi yox idi.
Bu məsələ öz köklü həllini tapmalıdır. Azərbaycan dustaqlarına insan haqları tanınmır. Onlara birdən-birə seçki hüququ kimi mükəmməl hüquq verilir və onlar bu hüququdan çox sadə səbəbə görə istifadə edə bilmirlər: seçki hüququndan istifadə etmək üçün insanın mükəmməl vətəndaş azadlıqları olmalıdır. Dustaq, həm obyekiv olaraq bu hüquqların bir çoxundan, həm də rəsmən, məhkəmə yolu ilə üzərində saxlanılan digər hüquqlardan subyektiv olaraq məhrum edilir. Dustağa məxsus olan bütün əşya, predmet və haqlara istənilən zaman əl qoyula bilər. Azərbaycan həbsxanalarında dustağın cibindəki pulu belə, istənilən zaman ondan qoparmaq mümkündür. Burada dustaq bir qrup adamın əməkhaqqına əlavə vasitəsi kimi saxlanılan sosial müavinət mexanizmidir. Onun özünün sosial kateqoriya hesab edilməsi şübhəlidir. Nəinki dustaq, hətta onun ailə üzvləri də dustağın saxlanıldığı həbsxananın sosial müavinət mexanizmidir və yeri gəlmişkən, daha işlək mexanizmdir. Dustaq insandır, sənədləri var, həbsxana tarixçəsi var, məhkəmə hökmündə də belə təsdiq edilir ki, bu Azərbaycan vətəndaşı Azərbaycan dövləti adından məhkum edilir. Amma Azərbaycan dövləti adından məhkum edilən vətəndaş dərhal bütün sosial keyfiyyətlərini itirərək və sosial hüquqlarından da məhrum edilərək həbsxana məmurlarının istismarına verilir. “Onu adam edin!” tələbilə yox, “ona zülm edin!” tələbilə. Azərbaycan dövləti adından nəzərdə tutulan cəza mexanizmi fiziki və mənəvi işgəncə maşını deməkdir. Və birdən-birə bu binəsiblərə ali bir hüquq olan seçmək haqqı verilir.
Çox gülməli bir vəziyyət də var. Azərbaycanda bələdiyyələrin həbsxanalara burun soxmaq kimi bir səlahiyyəti yoxdur: “Həbsxana dövlət əhəmiyyətli xüsusi yerdir”, axı. Bələdiyyə sədrləri və ya üzvləri həbsxanalara yalnız dustaq keyfiyyətində gətirilə bilərlər. Amma dustaqlar bu bələdiyyələrin seçilməsi üçün səs verirlər. Həyatı boyu bir-birilə təması olmayacaq, yolları kəsişməyəcək, bir-birilə heç bir hüquqi əlaqəsi baş verməyəcək bu sosial vahidləri hansı məntiqlə bir-birinə bağlamaq olar? Hətta parlament üzvü belə seçildiyi ərazidə yerləşən cəzaçəkmə müəssisəsinə xüsusi icazə olmadan girə bilməz. Bu xüsusi icazə isə hər kəsə verilə bilər: jurnalistlərə, hüquq müdafiə təşkilatlarına, nə bilim, artistlərə… millət vəkilinə.
Həbsdə olduğum zaman mənimlə görüşmək üçün xüsusi səy göstərən millət vəkili Cəmil Həsənliyə belə bir icazə verilmədi. O, millət vəkili olmadan belə, tanınmış alimdir, görkəmli tarixçidir, dünyanın bir sıra hətta məxfi arxivlərinə giriş hüququ almış tədqiqatçıdır… Ona sıradan, ümumi rejimli, tərkibi əsasən narkomanlardan ibarət olan həbsxanaya gəlib rəsmən adicə xuliqanlıq ittihamı ilə həbsdə saxlanılan bir nəfərlə görüşmək imkanı vermədilər. Halbuki, dustaq özünün yaxın adamları, ailə üzvləri, dostları ilə görüşmək haqqına sahibdir və bu baxımdan da onun mənimlə görüşə buraxılmamasının heç bir qanuni əsası yox idi. Ad günümü təbrik etmək üçün gələn başqa bir millət vəkilini – Pənah Hüseyni də eyni qayda ilə qarşılayıb yola saldılar.
Amma dustaq bu ali hakimiyyət orqanının formalaşması üçün səs verməlidir. Əbləh vəziyyətdir, deyilmi?
Bu komediyanı qurtarın! Hətta Amerika Birləşmiş Ştatlarında belə, dustaqlara belə bir haqq tanınmır. ABŞ-ın 14 ştatında isə ayrı-ayrı cinayət maddələrilə ittiham edilən vətəndaşlar cəza müddətini başa vurandan sonra da avtomatik olaraq seçmək hüququ əldə etmirlər; bu hüququ qazanmaq üçün onlar uzun bir prosedur keçməli olurlar.
Azərbaycan dustaqlarını seçki qutularına doğru qovmaq isə seçkilərin nəticələrini hesablayan Məzahir Pənahovun bülleteninə xüsusi saxtakarlıq əməliyyatları keçmədən əlavə edilən sıfır tam onda neçə faizsə hazır səs üçün lazımdır…
Jurnalist
Yayın cırhacırında zona daxil oldu və gələn kimi də tək-tənha “tasovka”lamağa başladı. Həyətə çıxıb orada saatlarla var-gəl edərdi. Bir həftə, bəlkə daha artıq belə davam etdi. Sonra mənə dedilər ki, o da jurnalistdi və təbii olaraq ona marağım artdı. Amma yaxınlaşmadım. Bir az yekə çıxsa da, düşündüm ki, əgər adam həqiqətən də jurnalistdirsə, məni tanımalı və tanışlıq verməli idi. Hətta onu demirəm ki, “zon”a daxil olanda mənim buradakı mövcudluğum barədə artıq məlumatlı olmalı idi.
Yadıma bir əhvalat düşdü – həmin əhvalatın müəlliflik hüququ “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya məxsusdur. Deməli, Əvəzin hələ “Günaydın” qəzetində işləyən vaxtlarında baş redaktor Şahvələd Çobanoğluya iş üçün bir jurnalist müraciət edir. Siyasət yazarı olduğunu dediyi üçün Şahvələd bu gənci şöbə redaktoru Əvəzin yanına göndərir. Əvəz Zeynallı xeyli söhbətdən sonra gəncdən razı qalır, sözarası mənim ünvanıma “Ustad bu yerdə deyir ki…” tipli nəsə bir söhbət edir. Gəncin qırımından almadığı üçün birdən “Qənimət bəyi tanıyırsanmı?” – soruşur. Gənc “yox” deyincə, Əvəz də ona “sən necə jurnalistsən ki, Zahidovu tanımırsan?!” deyir və onun işə götürülməsinə qəti etiraz edir, Şahvələd Çobanoğlu isə Əvəzin “daşdan keçən” bu arqumentini haqlı sayır…
Amma hər halda, adam maraq dairəmdəydi və tamam bekar olanda onun həyətdə var-gəl eləməyinə göz qoyurdum. Sonra Ziya mənə dedi ki, onun qabağına hansısa şərtlər qoyublar: “Deyiblər ki, sən orda Qənimət Zahidə yaxınlaşmamalısan, yoxsa səni başqa korpusa atacağıq”. Məni gülmək tutdu: “Belə əhvalat bir dəfə olub və bir daha təkrarlanmayıb. Tarixin başlanğıcında. Allah Adəmi cənnətə atıb və deyib ki, orada nə varsa, hamısı sənin üçündür, amma almadan savayı. Onu yesən, səni cənnətdən qovacağam… Onu başqa korpusa atmaq fikirləri olsa, elə atardılar də. Bunun mənə nə dəxli var? Boş şeydir”, – dedim.
ardı var