Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Ümumiyyətlə, həbsxanada seçki keçirilməsinin məntiqi mənə çatmır. Üstəlik, Azərbaycan həbsxanalarında. Burada dustağın ən adi elementar hüquqları belə yoxdursa, o, öz azad seçki hüququnu necə reallaşdıra bilər?
Azərbaycan həbsxanalarında dustağın bütün hüquqları həbsxana rəisinə məxsusdur. Bizim ölkəmizdə vəkillərin sayı heç 1000 nəfərə çatmır; hüquq müdafiə mexanizmləri isə demək olar ki, işləmirsə, bunun başqa cür olacağını təsəvvür etmək belə mümkün deyil. Indiki sosial statusu etibarilə dustaq qul və kölədir. Bu adamlara seçici hüququ vermək üçün onların başqa, daha ibtidai hüquqlarını tanımaq lazımdır.
Böyük Britaniya demokratiyanın beşiyi olan ölkədir. Burada demokratiya anlayışı uğrunda sosial hərəkatlar XIII əsrdən başlayır; 1870-ci ildə qanuniləşdirilib ki, dustağın seçkilərdə iştirak etmək hüququ yoxdur. Baxmayaraq ki, XIX əsr Ingiltərəsində hüququn işləmə mexanizmi indiki Azərbaycanla müqayisəolunmaz dərəcədə mükəmməl idi, dövlət-vətəndaş hüquqlarının məcmusu kimi dərk edilməyə başlamışdı. Hətta Böyük Britaniyanın ucqar müstəmləkəsi olan Hindistanda Mahatma Qandi hərəkatı öz ictimai-siyasi uğurlarını məhkəmə qərarları ilə möhkəmləndirirdi. Mən Qandinin məhkəmə çəkişmələrilə bağlı oçerklər yazmaq istəmirəm, şübhəsi olanlar zəhmət çəkib özləri oxuya bilərlər. XIX əsrin sonunda, XX əsrin əvvəllərində həmin bu hüquqsuz hindlilər öz hüquqlarını məhkəmə yolu ilə, hətta Cənubi Afrika Respublikasında belə, qəbul etdirir, icma yaradır, mühacir icmasının həyatını mövcud hüquqlar üzrə tənzimləyirdilər. Indi Azərbaycan dustaqlarının deyil, hətta Azərbaycan vətəndaşlarının da belə hüquqları yoxdur.
Avropa Şurası Parlament Assambleyası da dustaqların səsverməsilə bağlı tərəddüdlü qərarlar verir. AŞ PA-nın 24 iyun 2005-ci il tarixli 1459 saylı qərarına görə, ucdantutma bütün dustaqların səsvermə hüquqlarının tanınması zəruri deyil: “Daha müasir yanaşma ondan ibarətdir ki, səsvermə hüququndan məhrum edilmə demokratiya prosesinin əleyhinə törədilən cinayətlərə görə tutuqlanan adamlara şamil edilsin”.
Buraya səsvermənin saxtalaşdırılması, seçicilərə və namizədlərə qanunsuz təzyiqlər, hərbi qiyamlarda və terror əməliyyatlarında iştirak etmiş şəxslər daxildir. Mənim hüquqi-məntiqi sillogizmlər qurmaq kimi bir azarım yoxdur, amma seçki saxtakarlığı ilə terrorçuluğu eyni cür qiymətləndirmək Avropa Şurasının heyrətləndirici məntiqidir. Azərbaycan həbsxanalarında hər bir seçki zamanı terrorçuluğa bənzər cinayət baş verir, demək; yalnız həbsxanalarda yox, həm də bütün ölkə boyu terror həyata keçirilir. Bu qərara görə, Məzahir Pənahov və onun bütün armadası Qobustan qapalı həbsxanasına yerləşdirilməli, üst-üstə Yer kürəsinin coğrafi yaşına bərabər cinayət cəzası almalıdırlar. Həbsxana rəisləri və personal da həmin armadaya daxildir. Amma bu, baş vermir.
Həbsxanalara əhalinin ən savadlı hissəsi düşmür. Xüsusilə, Azərbaycanda həbsxana kontingenti ölkənin ictimai-siyasi həyatı haqqında minimal bilgilərə də sahib deyil. Günlərin bir günü bu adamları həbsxanada quraşdırılmış seçki məntəqələrinə qovub da “gedin, səs verin” əmrini verməyin heç bir anlamı yoxdur. Kimə və nə üçün? Ona görə ki, bunu rəis istəyir. Kimə səs veriləcəyi dəqiq göstərilir.
Həbsxanadakı seçki məntəqələrində müşahidəçilik mexanizmi yoxdur. Olsa nə dəyişəcək ki?! Komissiya orada bircə gün, rəis isə əbədidir. Prezident seçkiləri cəhənnəm! Burada uzağı beş-altı namizəd və onların da arasında bircə dənə Ilham Əliyev var. Prezidentin adı dustaqlara bütün hallarda tanışdır. Ölkə həbsxanaları Əbülfəz Elçibəyi imzaladığı “qızıl amnistiya” fərmanına görə hələ də minnətdarlıqla xatırlayır. Ildə ən azı 10-15 dəfə həbsxanalarda gözlənilən amnistiya aktı barədə şayiələr, müzakirələr qopur. Bu müzakirələrin hamısında da kimliyindən asılı olmayaraq prezidentin adı çəkilir, gözlənilən aministiya olmayanda isə daha yağlı şəkildə xatırlanır. Amma həbsxanalarda Konstitusiya dəyişikliyi barədə referendum təşkil ediləndə mən uğunub getdim. Dustaqlara paylanmış nəhəng dəyişikliklər lahiyəsi bir neçə gün ərzində korpusda ağ göyərçinlər kimi süzdü. Onlarla adam mənə yaxınlaşıb, bu kağızın harasında amnistiya haqqında söhbətin getdiyini soruşdu. Bu adamlar üçün Konstitusiya dəyişikliyinin mənası və mahiyyəti təsəvvür edilmirdi. “Burda aministiya barədə söhbət yoxdursa, bunun bizə nə dəxli var? Bəlkə Məcəllə dəyişir?” – kimi suallara cavab verməkdən bezmişdim. Amma səbrlə izah edirdim ki, orada hansısa maddəni ona görə dəyişirlər ki, Əliyev törəmələri ömürlük hakimiyyətdə qalsınlar, qalan dəyişikliklər də bu əsas dəyişikliyə xına yaxmaq üçündür.
Insafən, bizim korpusda Idarə personalı açıq təbliğat və ya təzyiq maneraları göstərmədilər. Deyəsən, Seçki Məcəlləsinin harasındasa yazılıb ki, qapalı səsvermə yerlərində təbliğat aparmaq olmaz. Təbliğat aparmaq olmaz, amma onların səsinə ehtiyac var. Binəqədili Şamil kişi son 30 ildə üst-üstə 3 il bayırda olmayıb. O hələ də Brejnevin ölüb-ölmədiyini soruşur. Təbliğat yoxdursa, Şamil kişi neyləməlidir? Səsverməyə getməsin? Getməyə bilər, amma hərləyib-fırlayıb elə bu hərəkətinə görə, amma başqa adla “karser”ə salacaqlar. Şamil kişi olacaq “karser”in siyasi dustağı!
Bizim korpusda təbliğat və təzyiqin olmadığını xüsusi olaraq deyirəm. Əgər bu baş versəydi, o zaman mən də böyük məmnuniyyətlə boykot təbliğatı apara bilərdim. Bunu Idarədə də bilirdilər.
Həbsxanada “demokratik seçki” münasibətilə, deyəsən, plov da verirlər. Bu plov əlahiddə məsrəflər hesabına bişirilmir. Sadəcə, həmin gün dustaq üçün ayrılan yağ və düyü normada işlənir. Buradaca etiraf edirəm ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərovun dustaqların ərzaq rasionunu oğurladığına, dünya dağılsa da, inanmaram. Zatən, ailə varlı ailədir, Eyvaz müəllimdə də müəyyən kübarlıq elementləri mövcud idi və bu kübarlıq ona imkan verməzdi ki, belə düşük yollarla nəsə qazanmaq fikrinə düşsün. Amma həbsxanalar ayrı-ayrılıqda muxtar quruluşlar deyil, burada təchizat məsələləri mərkəzləşdirilmiş qaydada həll edilir. Və təbii ki, təchizat üzrə hansı fırıldaqlar baş verirsə, bunların da hamısı mərkəzləşdirilmiş şəkildə olur.
Seçki saxtakarlığı bütün ölkə üzrə hansı mütəşəkkil qaydada təşkil edilirsə, ayrı-ayrı həbsxanalarda da o şəkildə baş verir. Amma həbsxanalarda bunu təşkil etməyə ehtiyac yoxdur, adamlar səsverməyə gedir, orada bülleten götürüb onlara deyilən və göstərilən şəkildə xətləyir və qutuya tullayırlar…
ardı var