Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bir dəfə Müşfiqlə rəis müavininin kabinetində rastlaşdıq. Salam-kalamdan sonra rəis müavininə dirəndi ki, müəllim “sançast”a gəlsin:
– Bütün xərci də mənlikdir, – deyib durdu.
Samir müəllim güldü. Heç nə demədi. Əvəzində mən dilləndim. Ona təşəkkür etdim və dedim ki, bu, xərc məsələsi deyil, başqa problemlər var. Müşfiq siyasi məsələlərə heç bir dəxli olmayan adam idi və böyük ehtimalla, təsəvvür də eləmək istəmirdi ki, mənim tibbi hissəyə köçürülməyimin qarşısını hansı maneələr ala bilər. O, həbsxana rəhbərliyi ilə yaxşı münasibətləri olan adam idi, burada özünə sakit və qalmaqalsız bir həyat düzəldə bilmişdi. Belə hesab edirdi ki, mən də hamı kimi zəruri ödəmələri həyata keçirib “sançast”dakı boş yerlərin birini tuta bilərəm. Orada onsuz da həmişə boş yerlər olurdu. Mən oraya bir neçə dəfə ayaq basa bilmişdim: tutması tutmuş hansısa xəstəni oraya sürüyəndə; Penitensiar Xidmətdən mənim tibbi müayinəm üçün həkim qrupu göndəriləndə… Səliqəli balaca həyəti vardı. Həyətin düz ortasında kiçik bir hovuz da qurulmuşdu. Içəridəki dəhliz hər iki tərəfdə qalan otaqların açılıb-bağlanan qapılarını qəbul edirdi. Burada bir neçə həkim otağı vardı, yerdə qalanlar isə xəstələr üçün nəzərdə tutulan palatalar idi. Burası həbsxanaya az bənzəyən bir yer idi. Dərman iyi, demək olar ki, gəlmədiyinə görə isə tələbə yataqxanasına oxşayırdı. Amma vərdiş etdiyim o müdhiş uğultu, qıy-qışqırıq yox idi və açığı, burada darıxa biləcəyimi də haqlı olaraq güman edirdim.
Korpusda həyat tamam başqa cür idi. Burası, sözün hərfi və məcazi mənasında qaynayırdı. Bir də görürdün, bir dəstə adam barakın bu başından o başına qaçdı. Kütlə dağılandan sonra aydın olur ki, orada kiminsə ağız-burnunu qanadıblar. Kupedə oturub kitab oxuduğum günlərin birində barakın giriş hissəsində, televizorun altında səs-küy qopdu. Səs-küyün içindən sıyrılan bir nəfər üzü bəri – mənə tərəf qaçmağa başladı. Binəqədili Samir idi. Mənə çatmağına bircə kupe qalmış ayağı nəyəsə ilişdi və ikiqat sürətlə ağzı üstə beton döşəmənin üstünə sərildi. Onu qovanlar da haqlayıb bir neçə əlavə təpik ilişdirdilər və məsələnin burada baş verməli olan hissəsi tamamlandı. Yarım saat sonra agentura məlumatlarını təhlil edən Idarə hadisənin iştirakçılarını oraya dəvət etdi. Samir 7 gündən, bir neçə nəfər isə on gündən sonra “karser”dən qayıtdı. Baraka girən Binəqədili Samir birbaşa mənim kupemə gəldi:
– Hacı, Allah səni saxlasın, düz buraya qaçırdım. Özümü buraya ata bilsəm, hər şey salamatçılıqla qurtaracaqdı. Amma alınmadı…
– Narahat olma, gələn dəfə alınar…
Bunu deyib “kars”dan qayıdanların hamısına zəruri xidmət sayılan çay və siqaret servisini təşkil etdim. Sonra da “gələn dəfə bir konfliktin olanda, çalış, buralarda, bu yaxınlarda mübahisə elə, yoxsa hər dəfə bir-iki yüz qram qan itirməklə buradan bayıra çıxa bilməyəcəksən”, – deyə nəsihət əlavəsini də qulaqlarından asmağı unutmadım.
Amma “sançast”da maraqlı olayların baş verəcəyinə heç inanmırdım. Burada yevlaxlıların qarpızını oğurlayan “X”-in başına hansı oyunların açıldığını yadda saxlamaq olar, bəs orada, tibbi hissədə nəyi yaddaşına köçürəcəksən; burada axşamlar həyətə tökülüb beş-altı meyxana deyənin yarışına baxa, vaxt öldürə bilərsən, amma orada bunlar da olmayacaq; burada adını “xırda-mırda” şeylərdən qoyub qumar oynayan, uduzduğunu verə bilməyən, vaxt daraldıqca gözlərindən intizar və qorxu yağan Hüseynbalanı, Əşrəfi, Xalığı müşahidə eləmək imkanı var, amma orda bunlar yoxdur; burada ikinci “koptorq”un bəkçisi bərdəli Mirişin dustaqların çantasından müntəzəm olaraq qənd, makaron, vermişel oğurlayıb evlərinə göndərməsi barədə məzəli əhvalatları dinləmək olur, orada isə…
Amma bu Miriş məsələsi doğrudan da bir komediya idi. Miriş hamını ələkdən keçirmişdi. Mən orada çantada saxladığım siqaret qutularının azalmasından şübhələnirdim, amma dəqiq bir qənaətim yox idi. Nəhayət, günün birində qəti əmin oldum ki, çantadakı siqaretlərdən üç-dördü qeybə çəkilib. Miriş daş atıb başını tutdu ki, mənlik deyil və xəbərim yoxdu. Amma şəxsən şeytanmı öz vücudu ilə 17-ci “zon”a gələrək buradakı dustaqların makaronuna-vermişelinə tamah salır? Ya Miriş içindəki şeytanla birlikdəmi?
Ikinci versiya ən ağlabatanı idi. Üstəlik, onun korpusda siqaret satdığını da hamı bilirdi. Buna görə də Mirişə qəti olaraq xəbərdarlıq etdim: “Əgər bir də bu ”koptorq”da kiminsə hər hansı əşyası yoxa çıxsa, özünü ölmüş bil! Səni tapdalayacaqlar və mən də ləzzətlə sənin içindəki şeytanın bağırtısını müşahidə edəcəyəm”.
Söhbət Idarəyə çatmışdı və yəqin ki, Mirişdən zəhləsi gedən Əli çatdırmışdı. Rəis müavini Samir müəllim məndən Mirişlə münaqişəni soruşdu. Onun bütün təfsilatı bildiyini nəzərə alaraq, Mirişlə bağlı heç nə demədim, sadəcə olaraq bu lənətə gəlmiş agenturanın çox qabağa getdiyini izah etdim: “Mən bu adamların təyinatını bilirəm. Bunların əsas işi bizim korpusda hansı işləri gördüyümüz, hansı söhbətləri etdiyimiz barədə məlumatları vaxtaşırı bu Idarəyə çatdırmaq, yəni bizi satmaqdır. Amma bunlar yalnız bizi satmaqla kifayətlənmirlər, həm də bizim əmlakımızı oğurlayıb satırlar. Birinci hissəyə müdaxilə mümkün deyil, amma ikinci hissənin məhdudlaşdırılması ilə bağlı rəhbər və istiqamətverici göstərişlərinizi verməyinizi xahiş edirəm”.
Samir müəllim bu uzun və ətraflı izahatı kifayət qədər səbrlə qarşıladı, təsdiqlə başını yellədi.
Axşamüstü kupedə dustaqlarla çay içir, söhbət edirdik. Miriş yaxınlaşıb dedi ki, siqaretləri “vosstanovit” eləmək istəyir. Mən onu başımdan rədd elədim: “Daha, oğurlama, vəssalam”.
“Sançast”da koptorqçu da yox idi. Orada hamı əşyalarını öz palatasında saxlayırdı. Bu da daha bir ləzzətdən məhrum olmaq demək idi…
Bu arada, Mirişin başına əzəmətli bir faciə də gəldi. Onun 17-yə yenicə gətirilən və Mirişin də kəmali-ədəblə bizim korpusa gətirərək öz çarpayısının ikinci mərtəbəsində yerləşdirdiyi qardaşı oğlunun üzdəniraq olduğu barədə “şok xəbər” yayıldı. Miriş “koptorqçu” vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ikinci nəhəng zərbəni belə aldı. Onun üzdəniraq elan edilən qardaşı oğlunu başqa korpusa, üzdəniraqların kupesinə atdılar və Mirişin özünün pərişan, ürəkləri dağlayan görkəmi uzun müddət istehza və qəhqəhə obyektinə çevrildi: “Yaxşıdır də, əmi ”kozyol”, qardaşoğlu üzdəniraq. Belə “srok”u çəkməyə nə var ki!” – deyə Mirişi cırnadırdılar, o isə ehtimal edilən üçüncü zərbəni alacağından ehtiyatlanaraq kimsəyə cavab vermirdi. Üçüncü zərbə hardan çıxa bilərdi? Hər yerdən. Adam qara zolağa düşdüsə, zərbə zərbənin dalınca gələ bilər. Təmkinli olub onların ötüşməsini gözləmək lazım gəlir.
Əminəm ki, “sançast” bu qədər təəssüratlı və əhvalatlı yer ola bilməz…
ardı var