Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Aradan xeyli vaxt keçəndən sonra komendant Əli mənimlə “səmimi” söhbətlərinin birində maraqlı bir etiraf etdi:
– Müəllim, Idarədə sənin haqqında çox yaxşı rəydədirlər. Mən bilirəm ki, buradakı agentlərdən bəzilərini sənin haqqında oraya donos çatdırdıqlarına görə danlayıblar. Deyiblər ki, onunla maraqlanmaq sizin işiniz deyil.
– Təmiz danışsaq, sənə də belə dediklərini boynuna alırsanmı?
Əli gözlərini qıyıb bic-bic gülümsədi:
– Hə. Amma kişi kimi deyirəm, mən sənin haqqında heç nə deməmişəm. Axı, elə bir şey də yoxdur ki, deyəm. Bütün günü kitab oxuyan adamdan nə uydurmaq olar, axı? Oxuduğun kitablardan da başım çıxmır ki, gedib onları vərəqləyəm, içindən bir şey çıxardam.
– Yox, vərəqləyə də bilməzsən. Çünki mən kupedə olmayanda kitablar seyfdə olur, – deyə açarı əlimdə hərlədim. – Amma istəyirsənsə, gəl bir yerdə məşğul olaq. Xarici dili tək öyrənmək olmur. Birlikdə ingilis dili öyrənək…
– Müəllim, məni dolamısan? Mən bütün günü burada “sanitarlar”ın üstünə çığırıram, dustaqlarla axmaq-axmaq danışıram ki, öz dilimiz yadımdan çıxmasın. Mənim ingilis dili nəyimə lazımdır? Amma nəyə deyirsən, and içim ki, o süngü əhvalatından xəbərim olmayıb. Məlumatın olsun ki, rəis də orada söyüb biabır eləyib ki, bu nə özbaşınalıqdır?!
– Əli, gözüm-canım, məni nə o süngü maraqlandırır, nə də onu oraya tullayan adam. Bu dünyada hamı öz işi ilə məşğul olur. Burada insanlara qarşı daha vicdansız hərəkətlər baş verir. Heç kim vicdansız davranışa layiq deyil. Hətta ən vicdansız adamlarla da vicdan çərçivəsində davranmaq lazımdır. Sənin öz işin var, hesab edirsən, özünü inandırmısan ki, bu işi sən görməsən, başqaları görəcək. Başqalarının da öz işləri var, onlar da belə hesab edirlər. Sən və mən burada oturub bəşəriyyətin məşğulluğunun faydalılıq dərəcəsini ölçə bilmərik. Hətta Kəmaləddinin də mövcudluğunun sirrini və nəyə görə lazım olduğunu müəyyən edə bilmərik. Insanların təyinatı bizlik deyil.
Kəmaləddin Əlinin yaralı yeri idi, həm də söhbəti dəyişmək üçün yaxşı vasitə idi. Əli Kəmaləddinin ünvanına bir-iki çox məzəli söyüşlər söyərək, dalınca da onunla bağlı bir-iki əhvalat danışdı. Söyüşlər ona görə məzəli alınırdı ki, mənim yanımda qəliz ifadələr işlətməkdən yayınan Əli həmin ifadələrin yerinə qoyulası üç nöqtələri necə əvəzləməyin təhərini tapmır və dolaşıb qalırdı. Sonra da:
– Başımı itirirəm. Deyəsən elə çıxır ki, mən elə öz-özümü söyürəm, – deyirdi.
Əli səmimi ola bilərdi. Agentlərin də çox gərgin qayğıları var. Onlar daim adrenalinlə yaşayırlar. Əldə etdikləri məlumatı gecikdirmədən vaxtında çatdıra bilmək, daha ətraflı məlumat yığmaq, məlumatı çatdırmamaq üstündə danlaqlara, hətta ağır cəzalara hazır olmaq, gizlətmək istədiyi xəbərlə birlikdə “başqaları bilib çatdırsa, halım necə olar” stresini yaşamaq, boynuna götürdüyü missiyanın onu nə zaman dustaqların təpiyi altına sala biləcəyinin qorxusunu həmişə bətnində gəzdirmək, təxribatları təşkil etmək kimi yükün onun özünə qarşı çevrilə biləcəyi təhlükəsinin altında xırdalanmaq və əzilmək kimi nəhəng həyəcan seli bir insanın çəkə biləcəyi yük deyil. Üstəlik, Ilhamiz kimi peşəkar agentin tapdalanması korpusda hamının gözü qarşısında baş vermişdi. Məntiqlə Ilhamizi himayə etməli olanlar da onu təpiklərinin ucunda oynatmışdılar. Bu, dəhşətli bir qeyri-bərabərlikdir. Şərtləri birtərəfli qaydada müəyyən edilən əməkdaşlıq çox ağır işdir. Bu, əməkdaşlıq deyil, sınmaq və ram olunmaqdır, itaət altına salınmaqdır…
“Sançast” deyilən tibbi hissənin məni xüsusi olaraq cəlb etdiyini deyə bilmərəm. Tibbi hissə bizim korpusla üzbəüz idi. Həmişə yeməkxanaya, telefona, Idarəyə gedəndə oraya açılan qapı gözümə girirdi. “Sançast”da daimi olaraq 5-10 nəfər adam qalırdı. Bura istənilən “zon”da pullu xidmətdir. Tibbi hissənin daimi sakinləri aylıq haqqını ödəyib orada qalırlar. Rahatdır, rejim qaydaları ən minimal şəkildə tətbiq edilir, sakitçilikdir… Mənə həmişə elə gəlirdi ki, oradakı sakitlik mənlik deyil. Amma hərdən də adam istəyir, səssiz-küysüz bir yerə çəkilsin. Bizim korpusda sakitlik yox idi. 160 adamın üst-üstə qalandığı bu balaca yerdə daim bir uğultu, gurultu vardı. Buna görə də bir dəfə tibbi hissəyə getmək fikri məni hərəkətə gətirdi. Əvvəlcə, xeyli kəşfiyyat işləri apardım. Rəisə qədərki mərhələlərdə bir çox adamın ağzını aradım. Bütün hallarda “səni ora götürməzlər” qənaəti ehtimaldan çox, dəqiq ekspert rəyi kimi səslənirdi: “Səndən pul almazlar. Pul almadıqlarına görə də oraya qoymazlar”.
Nəhayət, bu barədə rəisə deyəsi oldum: “Nədən olmasın? Nədən mən bir ay-filan orada qalmayım? Başımı aşağı salıb kitablarımla əlləşən adamam”.
Rəisin o qədər də uzun olmayam əsaslandırması beləydi: “Bizdən asılı olmayan məsələlərin həllini bizdən istəmə”.
Bu izahatın nə dərəcədə əsaslı olub-olmadığını yoxlamaq imkanım yox idi, ona görə də ona inanıb tibbi hissə havasını beynimdən birdəfəlik kənara tullamağa qərar verdim. Həm də çox rahat. Əvvəldən qeyd etmişdim axı, orası məni xüsusi olaraq özünə çəkən bir yer deyildi.
Doğrusu, orada qalanların arasında iki nəfər diqqətimi bir qədər artıq cəlb edirdi və ola bilsin, bu tibbi hissə də buna görə mənə maraqlı görünürdü. Bunlardan biri “qanuni oğru” (onun bu adı hələ də mübahisəli olaraq qalır) Qulinin qardaşı Müşfiq idi, o biri isə Şərurlu Isfəndiyar kimi tanınan məşhur tikinti inhisarçılarından birinin oğlu (Onun adını unutdum, deyəsən). Isfəndiyarın oğlu Daxili Işlər naziri Ramil Usubovla Bakı polisinin o zamankı şefi Məhərrəm Əliyevin intriqalarına düşüb həbs edilmişdi. 2007-ci ilin yayında (nə bilim, bəlkə də 2006-cı il idi) bu cavan oğlan Türkiyə səfirliyinin qarşısında, “Sahil” bağının düz ortasında “Kalaşnikov”lamı, ya tapança iləmi kimlərəsə atəş açmışdı. Onun hədəfə düşdüyünü ehtimal etmirəm. Bu işi də Isfəndiyar kimi çox varlı bir adam puldan-zaddan basıb həll edə bilərdi. Amma dediyim kimi, bu iş iki polis şefinin arasında düyünlənib qalmışdı. Deyəsən, bunların hansısa biri oğlanın həbs edilməsinə, o biri isə onun acığına həbs edilməməsinə çalışırdı. Buna görə də məsələ böyüdü – hə, yadıma düşdü, oğlanın adı Şahin idi – ona 5 il iş kəsdilər. Həmin bu Şahin bir il-il yarım vaxtını Mərkəzi Xəstəxanada keçirəndən sonra gətirib atdılar bura. Amma deyəsən, Şahinin tibbi hissə də xoşuna gəlməmişdi, buna görə də heç kimin heç zaman burun soxmadığı klubda özü üçün bir otaq düzəltdirib orada qalırdı.
Amma Müşfiq daha təəssüratlı adam olmalıydı. Onun qardaşı cinayət aləminin ən ziddiyyətli avtoritetlərindən biri idi. Sabirabadlı Hikmətlə, Masallı Mamedlə münaqişələrinə görə üzərinə “krest” qoyulduğunu, “oğru” titulundan məhrum edildiyini deyənlər vardı. Ölkənin bütün həbsxanalarında bu söhbətlər geninə-boluna fırlanır. Tibbi hissəyə gedib bu söhbətlərin ən incə detallarını öyrənmək olardı. Müşfiqlə dəfələrlə rastlaşıb görüşmüşdüm. Görüş otağında, “telefon”da, Idarədə,.. Həmişə də çox isti görüşmüşdük. Xüsusi bir münasibətimiz, qabaqcadan və hətta həbsxanada olduğumuz zamanlarda tanışlığımız, oturub söhbətləşdiyimiz olmamışdı. Münasibətlərimizi “uzaqdan-uzağa tanışlıq” adlandırmaq olardı. Istiqanlı və mərifətli adam təsiri bağışlayırdı. Sifətində daim isti bir təbəssüm olurdu…
ardı var