Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Səhər yoxlamasından sonra axşamkı mərəkədə görünənlərin əksəriyyətini, o cümlədən də məni əməliyyat şöbəsinə çağırdılar. Hamı bir-bir “istintaq”a girib-çıxırdı. Mənim də növbəm çatdı. Ədalət müəllim axşam nə baş verdiyini və dustaqların nə üçün yatmaq əvəzinə orada səs-küy saldıqlarını soruşdu. Mən də öz versiyam üzrə cavab verdim:
– Ədalət müəllim, geniş yayılmılş bir lətifə var, bizim situasiyaya uyğundur, etiraz etmirsizsə, onu danışmaqla başlayım?
– Başla…
– O halda bilirsinizmi sərçələr bütün gecəni niyə yatmırlar?
O, heç nə başa düşmədi və gözlərini sual işarələri ilə doldurub mənə baxdı.
– Ona görə yatmırlar ki, səhərə qədər hamısı bir-birinə “səs salmayın, qoyun, yataq” deyirlər.
Ədalət müəllim istintaq prosesinin normalarını pozaraq bərkdən güldü, gülüş onun kabinetinin dəhlizdəkilərə yalnız zəhm və qorxu saçan yarıaçıq qapısından sıyrılaraq çölə atıldı və təbii ki, buna görə mən onun yumor hissini yüksək qiymətləndirirəm.
Bununla da işin istintaqı bitdi və Ədalət müəllim növbəti mərhələyə keçdi. Bu mərhələ ondan ibarət idi ki, mən buradakı dustaqlarla necə uyğunlaşıram, onlarda islah olunmaq elementləri müşahidə edirəmmi və s. Mən də bildiyim şəkildə izah etdim və əsasən də dedim ki, buradakıların əksəriyyəti narkomanlar olduğu üçün onların islah yox, daha çox müalicə olunmasına üstünlük vermək lazımdır. Əsl cinayətkarlar o adamlardır ki, onlar narkotik maddəni ölkəyə soxur, satışını təşkil edir və narkomanların sayının artması üçün zəruri olan bütün tədbirləri görürlər. Onlar isə buralara çox seyrək halda gəlirlər. Ədalət müəllim simasına müdhiş müdriklik ştrixləri əlavə edərək: “Onlar çox ustalıqla işləyirlər. Bizim hüquq-mühafizə orqanları onları, əlbəttə, davamlı olaraq axtarır, həbs edir, amma bu, mütəşəkkil bir şəbəkədir və razılaş ki, onları yaxalamaq da çox çətindir” – dedi.
– Mən bunu o qədər də qəliz məsələ saymıram. Buradakı dustaqlarla söhbət edib ölkənin az qala, bütün rayonlarında, konkret olaraq, hansı ünvanlarda kimlərin narkotik satdıqlarını, hətta satış qiymətlərini də siyahıya almaq mümkündür. Bunun üçün Azərbaycan həbsxanalarında bircə ay effektiv iş aparmaq lazımdır. Elə sizin əməliyyat işçiləri və agentura şəbəkəniz sərçələrin nəyə görə vaxtında yatmaqlarını strateji əhəmiyyətli xəbər kimi çatdırmaqdansa, bu işlərə səfərbər edilsə, bu, daha əhəmiyyətli bir nəticə yaradar.
– Sən bu məlumatları yığıb mənə verə bilərsən?
Bu, bir az artıq idi. Ədalət müəllim nəyə görəsə belə hesab edirdi ki, mən onun agentura şəbəkəsinə daxil olmaq istəyirəm. Ləzzətli bir gülüşlə cavab verdim və sözlə də əlavə etdim:
– Ədalət müəllim, birincisi, belə əhəmiyyətli bir prosesə yuxarıların tapşırığı olmadan baş vurmayın. O siyahı ilə sizin həyatınızı cəhənnəmə döndərərlər. Siz bilirsiz bu işlərlə kimlər məşğul olur? (Mən şəhadət barmağımı başımdan da yuxarı qaldırdım). Yox, ikinci mərtəbədə Eyvaz müəllim oturur. Mən daha yuxarıları nəzərdə tuturam. Daha yuxarı yer yoxdur. Oradan siz görünmürsüz. Amma əlinizdə belə bir siyahı olsa, sizi görərlər və məhv edərlər. Eləməyin belə şeyləri, məsləhət deyil. Ikincisi, gərək mən bu məlumatları yığıb qəzet üçün əla bir material hazırlayım, siz də qəzetdən oxuyun və özünüzə lazım olan məlumatları da oradan seçib götürün. Amma problem ondadır ki, buradan yazı çıxarmağıma imkan vermirlər. Bəlkə, mənə yardım edəsiniz?
Birinci variant məmnuniyyət yaratmadı, ikinci varianta da razılaşmadı və söhbət alınmadı. Istintaq isə əhəmiyyətini itirdi.
Içəridən gələn gülüş səslərini dəhlizdə yaxalayan uşaqlar orada nə baş verdiyini soruşdular, mən də onlara izah etdim ki, Ədalət müəllim məni öz agenturasına daxil eləmək istədi, mən də onu, amma söhbət alınmadı.
Deyəsən, bu söhbət Idarə əməkdaşları arasında da yayılmışdı. Çünki günün birində onlardan biri məndən gülə-gülə soruşdu:
– Nə məsələdir, eşitdim, “oper”lə əməkdaşlıq haqqında söhbətin olub?
Mən də eyni qaydada:
– O süngü olayından sonra “oper”ə qanım qaynamır, yoxsa, onun təklifi üzərində düşünmək olardı, – dedim.
Mən bu “süngü” olayının bir ucunun əməliyyat şöbəsinə gedib çıxdığını iddia etmək istəmirəm. Amma fakt odur ki, bu təxribat baş vermişdi, sadəcə olaraq, mən onun ictimailəşdirilməsində maraqlı olmadım…
Yazı yazmaq üçün qələm axtarırdım. Elə bil, qələm yağlı əppək olub göyə çıxmışdı. Döşəyin altına qədər hər yeri ələk-vələk elədim. Dolabçanı bir də boşaltdım. Orada rəf yaratmaq üçün ortadan bir taxta lövhə keçirilmişdi. Bu taxta parçası ilə dolabçanın içəri divarı arasındakı bir santimetrlik boşluqda nəsə gözümə dəydi. Qələmə oxşayırdı. Taxtanı götürüb əlimi ora atdım. Bu, qələmə oxşayan bir əşya idi, amma qələm deyildi, təxminən 25 santimetrlik mis boru idi. Bir ucu qapalı idi, o biri ucuna isə qaynaq elektrodu keçirib borunun ağzını yaxşıca döyüb bərkitmişdilər. Elektrodun borudan kənara çıxan hissəsi təqribən 6-7 santimetr olardı və onun da ucu qəşəng itilənmişdi. Bu, ağıllı-başlı soyuq silah idi və onun mənim dolabçamda nə ölümünün ola biləcəyini ağlımın içində heç cür saf-çürük edə bilmədim. Bunu buraya kimsə qəsdən qoya bilərdi. Adətən, baraklarda iki nəfərə bir dolabça olur, amma mənim dolabçam yalnız özümə məxsus idi və orada məndən başqa kimsənin əşyaları olmurdu. Ağlıma gələn və axıra qədər də oradan çıxıb getməyən versiya bundan ibarət oldu ki, bu soyuq silahı buraya mənə qarşı hansısa mənasız təxribat hazırlamaq üçün yerləşdiriblər. Özümü əziyyətə verib onu inzibati Idarənin əməkdaşlarına da vermək istəmədim. Süngünü götürüb “koptorq”a getdim. Orada iki nəfər oturmuşdu: komendant Əli və Idarədəki kompüterlərə baxmaq adı ilə müntəzəm olaraq oraya çağırılan, kompüterləri düzəldə-düzəldə Idarə əməkdaşlarına, Allah bilir, hansısa söhbətlər eləyən Oqtay adlı dustaq. Mən süngünü stolun üzərinə qoydum. Komendant dərhal ayağa durdu. Əşyanı götürüb o üz-bu üzünə baxdı:
– Müəllim, bu nədir?
– Yolunuz oraya düşəndə bunu ərkiniz çatan bir adama verin və deyin ki, mənə belə şeylər lazım deyil, əgər bu qədər lütfkardırlarsa, mənə bir qələm göndərsinlər.
Əli “mənim silahımı” götürüb Idarəyə qaçdı. Axşam yeməyi ərəfəsində yeməkxanadakı köşkə çıxdım ki, bir az ayın-oyun alım. Burada rejim müfəttişlərindən biri mənə yaxınlaşdı:
– Siz elə bilərsiniz ki, onu biz qoymuşuq, amma bizim işimiz deyil.
– Bu məsələ haqqında heç bir versiyam yoxdur və nəsə düşünmək də istəmirəm. Kim hansı niyyətlə eləyibsə, Allah köməyi olsun!
Sonra bu söhbəti rəhbərlik səviyyəsində müzakirəyə cəhdlər oldu. Rəis müavini təkidlə bildirdi ki, onların bu olaya dəxli yoxdur. Mən eyni cavabı verdim və işi yumorla yekunlaşdırmağa üstünlük verdiyimi nümayiş etdirdim. Qəti qənaətim bu idi ki, əgər bu yaramaz niyyət mənim əleyhimə hansısa təxribat uydurub sənədləşdirmək üçündürsə, tullanıb-düşməyin mənası yoxdur: bu dəfə alınmadı, gələn dəfə alınar. Kölgələrlə mübarizə aparmaq qədər axmaq daxili səfərbərlik ovqatı ola bilməz. Deməli, bu cür məsələləri taleyin axarına buraxmaq və son dərəcə soyuqqanlı olmaq lazımdır.
ardı var