Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Rəşad narkotikə yoluxduğuna görə də hiddətli idi, bunun ucbatından həbsə atıldığına görə də. Onu kimin ələ verdiyini bilirdi: “Burdan çıxan kimi gedib onu öldürəcəyəm”, – deyə təntənəli şəkildə bəyan etdi.
Başımı bürüyüb uzanmışdım. Rəşad da kupeyə qoyulan kətilin altına bərkitdiyi məxfi külqabıda siqaretini söndürürdü. Tövrümü dəyişmədən:
– Yox, sən onu öldürmə, – dedim.
– Niyə?
– Bir az gözlə, özü öləcək, – deyib yorğanı başıma çəkirəm.
Rəşad özünü saxlaya bilməyib şaqqıldadı. Onun o biri üzündə yatmış Binəli Zakir kişi yerində qurculanıb mızıldandı:
– Alə, qoyun ölək də…
– Görürsən,- dedim, – onun da vaxtı çatıb. Bir azdan öləcək, sonu onsuz da ölüm olacaq adamı niyə öldürəsən ki?!
Rəşad başını odeyalla bürüyüb bir əlini mənə uzadaraq “yox!” işarəsi verir. Qəhqəhəsini boğub qurtarandan sonra başını azacıq açır:
– Mən ölüm, mənə imkan ver, nəfəs alım… indi… durub məni tapdalayacaqlar… öldürəcəklər… camaat yatıb eee…
– Yox, öldürməzlər, vaxtın çatanda özün öləcəksən.
Rəşad yerindən fırıldayıb durur, ağzını əlləri ilə tutub bayıra qaçır. Divarın o üzündən, tualetdən qəhqəhə səsi gəlir. Durub onun arxasınca həyətə çıxıram. “DPNK” Şamil həyət darvazasını şaqqıltı ilə açıb həyətə girir…
– Nə olub ona?
– Heç, zarafat-zad qanmır ki! Bir kəlmə söz demişəm, bayaqdan gülüşünü saxlaya bilmir. Deyirəm, a bala, bir-iki qurtum güldün, bəsdir, amma özünə yığışmır. Şamil müəllim, “otboy”dan sonra gülənə “kars” düşür, ya güldürənə?
Şamil müəllim yaxşı adamdır. Amma absurd suallara cavab axtarmaq da müdhiş işdir…
Rəşadın keçmiş polis olması burada elə bir ciddi problem yaratmır. Demişdim axı, “OMON”u rəhmətlik Batya “qonaq” elan edib. Amma məsələn, komendant Əlini heç kim qonaq elan etməyib, o da rəisin buradakı “qonağı”dır, komendantıdır. Burada onun statusu bəllidir. Amma “zon” o havada deyil ki indi bu tərcümeyi-hala görə Əlidən hesabat istəsin! Bir dəfə Əlinin yerlisi Kəl Fəxrəddin Əli ilə çörək yemişdi, bunu “Kəl”in sifətinə çırpdılar: “Kozyol”la bir qabdan yemək yeyən kim olar?” Amma onun da ucundan tutub ucuzluğa getmədilər. Yekun rəy bundan ibarət oldu ki, “Fəxrəddin Əli ilə ”xlebnik” deyil, arabir onunla oturub çay içir. Doğrudur, Əli “mujik” deyil, amma üzdəniraq-zad da deyil, axı! “Mujik” onunla “xlebnik” olmamalıdır, amma elə-belə çay da içə, hətta çörək də yeyə bilər…
Əlbəttə, bütün bu söhbətlərin Rəşada dəxli yoxdur.
Birinci “zon” kimi “myasorubka”da 8 il oturub çıxmış adama kimin nə sözü ola bilər ki?! O, “mujik”lərin arasına da girə bilər, söhbətə də qatıla bilər. Amma Rəşad öz “srok”unu oturan adamdır. Kimsə ilə işi olmaz, kimsənin də onunla işi yoxdur. Bir dəfə də Idarədə lezvanı boynuna çəkdi. Bu, həmin gün idi ki, AQO qrupu mənimlə görüşmək üçün bizim “zon”a gəlmişdi və həmin vaxt idi ki, mən ikinci mərtəbədə, rəisin kabinetində AQO qrupunun üzvləri ilə söhbət edirdim və Rəşad da birinci mərtəbədə lezvanı boğazına çəkib bütün dəhlizi al qana boyamışdı. Rəşad ölkəmizə rəhbərlik edən müqəddəs zatların bəzilərinin ünvanına özünün yararlı bildiyi ifadələri qiyabi şəkildə göndərmişdi və korpusda hansısa “namuslu suka” da bunu dərhal Idarəyə çatdırmışdı. Buna görə də Rəşadı Idarəyə çağırmışdılar ki, onunla “söhbət” eləsinlər. Rəşad işgəncəni qəbul edəcək sıradan bir dustaq deyildi, özünə tamam ayrı baxışı vardı. Buna görə də işgəncə aparatı işə düşdüyü an lezvanı damağından çıxarıb boğazına çəkmişdi: “Vurun, qaniçən alçaqlar! Öldürün, cəlladlar!” – deyə bağırmışdı. Onun ağzını yumub təcili “karsa” aparmışdılar, dəhlizi tez-tələsik yumaq üçün “zon”un bütün üzdəniraqları səfərbər edilmişdi.
Amma bu qanlı olaydan nə mənim xəbərim olmuşdu, nə də AQO qrupu üzvlərinin. Onlar söhbətin sonunda həbsxanadakı yaşayış şəraiti ilə maraqlanmışdılar, mən də onları baraka dəvət etmişdim. Baraka girən AQO-çuların gözü kəlləsinə çıxmışdı. Burada insan saxlamaq olmazdı. Bu, bir mağara idi. Ətraf aləmlə kəsişən bütün xətləri yalnız betondan ibarət olan nəhəng mağaranın qaralan koğuşu bu əcnəbiləri çimçəşdirmiş və onlar tez-tələsik bayıra çıxmışdılar. Barakda hərlənən dustaqlar əcnəbi diplomatların sifətindəki dəhşəti görüb özlərinin nə qədər qəhrəman və fədakar insan olduqlarını da sanmışdılar, bəlkə.
Amma bu hadisədən ikicə gün sonra həbsxananın korpuslarının həyətini taxtalarla doldurdular. Bu taxtalar barakın beton döşəmələrinin üstünü örtmək üçün gətirilmişdi.
Əlbəttə, bütün dustaqlar kimi mənim də yolum nə zamansa “operçast”a düşməli idi. “Operçast”, yəni cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsi. Burası “zon”un “daxili işlər” və “milli təhlükəsizlik” sektoru da adlandırıla bilər. Əməliyyat şöbəsinin müdirini də bu sektorun naziri saya bilərsiniz. Bizim əməliyyat şöbəmizin müdiri mayor Ədalət idi. (milli təhlükəsizlik mülahizələrinə görə soyadını yazmıram). Həbsdə olanlar əməliyyat şöbəsinin nədən ötrü lazım olduğunu bilirlər, olmayanlar da olanda biləcəklər, buna görə də bu şöbənin fəaliyyət əsasnaməsini təsvir etmək kimi uzun bir əziyyətə qatlaşmaq istəmirəm.
Mənim yolumun əməliyyat şöbəsinə düşməsinin maraqlı bir tarixçəsi var. Yay gecələrinin birində, həmişə olduğu kimi isti və bürkü dustaqların rəsmən “Yat!” əmrinə tabe olmasına nizamnamədən kənar qaydada müdaxilə etmişdi. Hamı yerinə uzanıb qurcuxmaqla, iki-bir, üç-bir pıçıldaşmaqla məşğul idi. Amma mənim kupemdə 10 nəfərə qədər adam cəmləşmişdi. Burası çox qələbəlik idi. Əslində, bütün gün ərzində kitab oxuduğuma və ingilis dili ilə məşğul olduğuma görə dustaqlar mənimlə əsasən axşam saat 8-dən sonra söhbət edə bilirdilər. Ona görə də çox vaxt bizim söhbətlərimiz “Yat!” əmrinin zabitəsini pozmalı olurdu. Bu dəfə də kupemə doluşan 10 nəfərin pıçıltısı iki-bir, üç-bir pıçıldayanların ahəstə küyünü boğaraq bir qədər yuxarı tonlu uğultu əmələ gətirirdi. Hərdən kimsə nəfəs borusunun klapanlarını düzgün idarə edə bilmədiyinə görə bu uğultu boğuq qəhqəhələrlə kəsilir, sonra yenidən eyni yeknəsəkliklə davam edirdi. Bu əsnada dustaqlardan biri bizim kupeyə yaxınlaşıb inzibati qaydada tələb etdi ki, biz bu mərəkəni dağıdaq və adamların yatmasına imkan verək. Əlbəttə, səs tonu düzgün hesablanmasa da, bu tələbi normal istək kimi qiymətləndirmək mümkün idi. Amma o “zon”larda ki, orada dustaqların gün ərzində yatmaq imkanları olmur (bu bir), barakda demək olar ki, kimsə hələ yatmamışdı və hətta gəzişənlər də vardı (bu iki), tələbi çatdıran persona o qədər də önəmli sayılan birisi deyildi (bu da üç), bu “inzibati tələb” az qala ağıllı-başlı qalmaqalla, yəni yumruq-təpiklə qarşılanacaqdı. Vəziyyət onunla qəlizləşdi ki, dustaqlar bu tələb sahibinin davranışını çox pis qiymətləndirdilər və dərhal bizim kupenin qarşısına 30-40 adam yığışdı. Burada 30-40 nəfər bu bir nəfəri, sadəcə, ayaqlaya bilərdi. Tez yerimdən sıçrayıb bu izdihamın aqressiv bir zərbəyə çevrilməməsi üçün zəruri tədbirləri gördüm və hər şey sakitliklə başa çatdı. Amma olan olmuşdu və barakdakı bütün agentura öz nüfuzlu baxışlarını və uzun qulaqlarını buraya şəkləyərək baş verən olayı audio-video şəklində qeydə almışdı…
ardı var