İctimai Palata həbsxanalardakı dəhşətli durumu müzakirəyə çıxardı
Avqustun 14-də İctimai Palata Azərbaycanın istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr olunmuş dəyirmi masa keçirib. Tədbirdə İP Koordinasiya Şurasnın üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, hüquqşünaslar, hüquq müdafiəçiləri iştirak edib. Müzakirələrə başlamamışdan əvvəl bir neçə gün əvvəl Təbrizdə baş vermiş zəlzələyə görə həlak olmuşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masanı giriş sözü ilə İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli açıb. O bildirib ki, təcridxana və cəzaçəkmə müəssisələrində problemlər vaxtaşırı gündəmə gəlsə də, aradan qaldırılmayıb. Bu sahədəki qanunsuzluqlardan söz açan AXCP sədri xususi xidmət orqanlarının təcridxanalarının hələ də fəaliyyət göstərməsini qeyd edib:
– Bir müddət əvvəl İctimai Palata bu mövzunu müzakirəyə çıxarmışdı. Amma təəssüf ki, ötən müddət ərzində bu istiqamətdə ciddi dəyişiklik olmayıb. Bu müddət ərzində «2 aprel» məhbuslarının böyük əksəriyyəti azadlığa çıxıb. Onlar birbaşa həbsxanalardakı durumun şahidləridir. Ona görə qərara gəldik ki, onların iştirakı ilə bir daha bu mövzunu müzakirə edək. Siyasi məhbusların bir qismi azadlığa buraxılsa da, hələ də həbsxanalarda qalan on minlərin, onların ailə üzvlərinin taleyi bizim üçün biganə deyil. Bu bütövlükdə cəmiyyətin problemidir. Həbsxanalardakı problemlərin bir qismi birabaşa qanunvericiliklə bağlıdır. Təəssüf ki, İslah Əmək Məcəlləsinin humanistləşdirilməsi istiqamətində zəruri addımlar hələ də atılmayıb. Başqa bir problem hələ də islah müəssisələrindən, istintaq təcridxanalarından işgəncə məqsədilə istifadə olunmasındadır. BMT-nin İnsan Haqları Komissiyasının birbaşa qətnaməsinə baxmayaraq Azərbaycan bir neçə ölkədən biridir ki, burada xüsusi xidmət orqanının təcridxanası qapanmayıb. Bütövlükdə dünyada bu sistem qapanaraq, Ədliyyə Nazirliyinə tabe edilib. Öz təcrübəmdən bilirəm ki, bu təcridxanadan siyasi oponentlərin qohumlarının girov saxlanılması üçün istifadə olunur.
Cəza qisas xarakteri daşıya bilməz
Başqa bir problem onunla bağlıdır ki, qanunsuzluq bütün sahələrdə baş alıb getdiyi kimi buradada mövcuddur. Əksər məsələlər rüşvət və korrupsiya ilə həll olunur. Daha bir problem ümumiyyətlə cəza sisteminin Azərbaycanda yanlış başa düşülməsi ilə əlaqədardır. Cəza qisas xarakteri daşıya bilməz. Məhkəmənin verdiyi cəza islah xarakteri daşımalıdır. Amma Azərbaycanda çox təəssü ki, elə şərait yaradırlar ki, insanların bilərəkdən qürurları alçaldılır. Bəzi insanlar təsadüfən həbsxanalar düşür və oradan peşəkar cinayətkar kimi çıxır. Azərbaycanda bir problem də ondan ibarətdir ki, həbsxanalarda saxlanılanların bir qismi heç cinayət də törətməyiblər. Amma hətta onlar cəza törədiblərsə belə onlar həyata bərpa olunmalıdır. Amma Azərbaycanda elə şərait yaradılıb ki, söhbət bu insanların riabilitasiyasından yox, təsadüfən həbsxanaya düşənlərin cinayətkar kimi ordan çıxmasından gedir.
2-ci dünya müharibəsindən qalma təcridxanalar
Daha sonra mövzu ilə bağlı keçmiş vicdan məhbusları danışdılar. İlk söz Müsavat Partiyası Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılıya verildi. Azərbaycandakı əksər təcridxanalar II Dünya Müharibəsindən sonra tikildiyini vurğulayan A.Hacılı bildirdi ki, onlar hazırda müvafiq standartlara cavab vermir:
– Azərbaycanda on minlərlə məhbus var. Məhbusların saxlanılması məsələsi olduqca ciddi problemdir. Hazırda yalnız Kürdəxanıdakı 1 nömrəli təcridxana tikilişi və saxlanma şəraitinə görə standartlara cavab verir. Biz Bayıl, MTN-in və Bakı Baş Polis İdarəsinin təcridxanasında olmuşuq. Adlarını sadaladığım təcridxanaların hamısı 1 nömrəlidən geri qalır. Təəssüf ki, Şüvəlan, Gəncə təcridxanaları da acınacaqlı durumdadır. Məsələn, məlumat var ki, Gəncə təcridxanasında 8 nəfərlik kamerada bəzxən 15 adam saxlanılır.
Həbs düşərgələrinin demək olar ki, hamısı köhnədir. Bircə Naxçıvanda yeni həbs düşərgəsi salınıb. Amma Bakı şəhərində, Xələcdə olan təcridxanalar 2-ci Dünya Müharibəsindən sonra tikilib. Mənim olduğum 16 saylı həbsxana azyaşlılar üçün tikilmişdi. Orada vaxtı ilə təxminən 100 nəfər saxlanılırdı. Ərazisi hektar yarımdır. Amma hazırda bu ərazidə 600-700 dustaq saxlanılır. Biz iki məsələyə diqqət yetirməliyik. Birinci həbsxanalardakı saxlanma şəraitinə, ikinci mövcud strukturların qanunlara əməl etməsinə. Məlumatımıza görə, 2, 6 və 10 saylı həbs düşərgələri istisna olmaqla yerdə qalanların heç birində normal standartlara cavab verən şərait yoxdur. Halbuki qanunvericiliyə görə, hər məhbusun insani şəraitdə saxlanmaq hüququ var. On yeddi milyardan yuxarı dövlət büdcəsi olan ölkədə həbsxanalar olduqca bərbad vəziyyətdədir. Bizim həbs olunduğumuz dövürdə bildirilirdi ki, yeddi həbs düşərgəsi salınıb və onlar yaxın zamanlarda istifadəyə veriləcək. Amma hələ də bu həbsxanaların istifadəyə verilməsi ləngidilir.
Bizim əsas tələblərimizdən biri həbsxanaların müasir standartlara cavab verən ərazilərdə və binalarda yerləşdirilməsidir. Məsələn, 14 saylı cəzaçəkmə müəssisəsi ləğv olunmalıdır. Çünki orada vəziyyət o həddədir ki, orada nəinki dustaqlar orada işləyən pentensiar xidmətin əməkdaşları da müxtəlif xəstəliklərə düçar olur. İqlim baxımdan Qobustanda və başqa ərazilərdə də həbsxanalar mövcuddur.
Başqa bir tələbimiz 234-cü maddə, narkotik maddənin saxlanılması, istifadəsi ilə bağlıdır. Həbsxanalarda narkotik maddələrdən istifadəyə görə həbsxanalarda saxlanılanların sayı minlərlədir. Bir çox Avropa ölkələrində narkotik istifadəçiləri müalicə müəssisələrinə göndərilir. Azərbaycanda onlar müalicə olunmurlar, sadəcə olaraq adları qeyd olunur ki, bu da rüşvət toplamağa xidmət edir. Digər tərəfdən dələduzluq maddəsinin də iqtisadi maddə olmalıdır.
Şahin Həsənli çoxdan azad edilməli idi
A.Hacılı eyni zamanda həbsxanalarda dustaqlara olan münasibətə toxundu. O, bildirdi ki, həbsxanada rüşvət verməyən dustaqların vəziyyəti çətinləşdirilir, onların ailə üzvləri ilə görüşlərinə imkan yaradılmır:
– Cinayət törədib-törətməməsindən asılı olmayaraq həbsdə olan hər bir kəs azadlıqdan məhrum edilir. O, insanlıqdan məhrum edilmir. Məhbusların insani şəraitdə saxlanması üçün şərait yaradılmayıb. Onlar qanunlardan yox inzibati idarətetməni həyata keçirənləri əhval-ruhiyyəsindən asılıdırlar. Bundan başqa həbsxanalarda saxlanılanların nə əmək şəraiti, nə də asudə vaxtı keçirmək üçün imkan yoxdur. Bir çox həbsxanalarda sanuzel hələ də problem olaraq qalır.
Təəssüf ki, dustaqların üçdə birlə azadlığa çıxması da rüşvət mənbəyi olaraq qalır. Hazırda Şahin Həsənli və Vidadi İsgəndərli həbsdədir. Onların azadlığa buraxılması istiqamətində əməli tədbirlər də həyata keçirməliyik. Qanuna görə Şahin Həsənlini həbsdə saxlamağa heç bir əsas yoxdur. Çünki o, ali təhsilidir, həbsxanada heç bir qanun pozuntusuna yol verməyib. Şahin Həsənli və Vidadi İsgəndərli digər saxlanılanlara nümunə olan şəxslərdir. Onlar cəzalarının ikidə birini artıq çəkiblər. Halbuki onlar üçdə birdən sonra azadlığa buraxılmalı idi. Hakimiyyət bizim siyasi məhbus yox, cinayətkar olduğumuzu deyir. O zaman Şahin Həsənli hətta həqiqətən də silaha görə tutulmuş olsaydı belə, ona iki yox, bir il həbs cəzası verilməliydi və üçdə birlə azadlığa buraxılmalı idi. Şahin Həsənli və Vidadi İsgəndərlinin hələ də azadlığa buraxılmaması hakimiyyətin bu şəxslərin siyasi məhbus olduğunun etirafıdır. Biz hazırda həbsdə olan məhbusların azadlığa çıxması üçün ciddi addımlar ataraq hakimiyyəti narahat etməliyk. Əgər siyasi aksiyalar olmasaydı bəlkə də biz hələ də həbsdəydik. Hakimiyyət başa düşməlidir siyasi məhbus probleminin həll olunmaması iqtidara daha böyük ziyan vuracaq.
Həbsxanalarda narkotik istifadəçilərinin saxlanması yanlışdır
AXCP sədrinin müşaviri Sahib Kərimov da cəzaçəkmə müəssisələrindəki ağır durumdan danışıb. O, ən böyük problemlərdən biri kimi rüşvəti göstərib. S.Kərimli bildirib ki, həbsxanalarda narkotik istifadəçilərinin saxlanması yanlışdır. Çünki onlar orada müalicə olunmurlar. AXCP yetkilisi həbsxanalrda vərəm, hepatit və başqa ağır xəstəliklərin geniş yayıldığını da qeyd edib:
– İnsanlar cinayət törədirsə o cəzalandırılmalıdır. Amma bu cəza işgəncə olmamalıdır. Azərbaycan həbsxanalarında vəziyyət olduqca gərgindir. Cəzaçəkmə müəssisələrindən çıxanların sonradan cəmiyyətə uyğunlaşması üçün layihələr işlənməlidir. Azərbaycan həbsxanalarında məhkumlar ən çox narkotik maddələrin istifadəsinə görə məhkum olunurlar. Statistika göstərir ki, onların hər biri yenidən üçüncü, dördüncü dəfə həbsxanaya eyni maddə ilə qayıdırlar. Bunun da səbəbi narkotik maddələrin istifadəsinə, daşınmasına görə azadlıqdan məhrum edilən şəxslər həbsxanada heç bir peşmançılıq çəkmirlər. Bəzi cəza çəkmə müəssisələrində hətta narkotik maddənin həbsxanaya daxil olması mümkündür və bu şəxslər yenidən nakrotik qəbulunu davam etdirirlər. Ümumiyyətlə bu şəxslərin düşdükləri bəladan müalicə işi aparılmır. Beynəlxalq təcrübədə məhkəmələr belə məhkumlara məcburi müalicə vaxtı tətbiq edir və onlar müalicə kursu keçirlər. Yaxşı olardı ki, Azərbaycanda bu şəxslər üçün xüsusi müəssisələr tikilsin. Onlar ailə üzvləri ilə mütamadi görüşməlidirlər ki, psixoloji dəstək alsınlar.
Həbsxanalarda ən çox yayılan tendensiya rüşvətdir. Bunun əsas səbəblərindən biri də odur ki, hüquq-mühafizə orqanlarında çalışanların əmək haqları cüzi olsa da artırıldı. Amma pentensiar xidmətin əməkdaşlarının əmək haqları ümumiyyətlə artırılmadı. Bu isə rüşvət faktorunun daha da qabardılmasına imkan yaradır. Tərbiyəvi təbliğat ümumiyyətlə həbsxanalarda aparılmır. İnsanlar dövləti zehniyətlə düşünmür.
Təəssüf ki, həbsxanalarımızda QİÇS, hepotit, vərəm geniş yayılıb. Bu sahədə də xüsusi dövlət proqrammı işlənməlidir. Həbsxanalar sanki bu xəstəliyi cəmiyyətə yaymaqla məşğuldur. İstənilən vərəm xəstəliyinə tutulan insan bunu hər an yaya bilərlər. Bu insanlar yaxınları ilə görüşə çıxarkən onu yaxınlarına da yoluxdura bilərlər.
Faşizm dövrünü xatırladan həbsxanalar
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı həbsxanalarda mənəvi durumun ağır olmasından danışıb. T.Abbaslı buna nümunə kimi qeyd edib ki, 14-cü kalonda dustaqlar rəisin otağına daxil olarkən ayaqqabılarını çıxarmağa məcbur edilirlər:
– Həbsxanalarda inanclı insanların ibadət etmələrinə ciddi maneələr yaradılır. Hətta bəzən absurt tələblər irəli sürülür. Bildirilir ki, namaz qılmanızı təsdiq edən arayış təqdim edin. Cəzaçəkmə müəssisələrində qış aylarında su ümumiyyətlə problem olur. Məsələn, 16 saylı cəzaçəkmə müəssisəsinə verilən içməli su 2 ay kəsilir. Məhbuslara suyun paylanması faşist düşərgələrində yəhudilərə olan davranışı xatırladır. Hər gün bizə iki litr su verilirdi. Bu suyla biz həm yuyunmalı, həm içmək üçün istifadə etməli idik. Həbsxanalarda ventilyasiya sisteminin yenilənməsinə ehtiyac var. İsti havada ümumiyyətlə həbsxanada vəziyyət dözülməz olur. Kiçik baraklarda 125 nəfər birgə saxlanılır. Yataqlar arası məsafə ümumiyyətlə 30 santimetri ötmürdü. Belə bir məkanda isə vərəmə yoluxmaq elə də çətin deyil.
14 saylıda 700 məhbusdan 207-si vərəm daşıyıcısıdır
AXCP-nin ictimai əlaqələr şöbəsinin müdri Məhəmməd Məcidli isə qeyd etdi ki, onların saxlandığı cəzaçəkmə müəssisələrində vərəm tüğyan edir:
– Bu gün yüzlərlə günahsız şəxs hazırda həbsdə olmalı olan məmurların yerinə cəza çəkir. Həbsxanalarda vəziyyət olduqca acınacaqlıdır. Təsadüfi deyil ki, Dövlət Departamenti son hesabatında Azərbaycandakı həbsxanalardakı duruma toxunub. Üç cəzaçəkmə müəssisəsində olmuşam. Həmin həbsxanalarda məhbuslara münasibət qanunlara görə yox, həbsxana rəislərinin insanlığından asılı qalıb. Saxlandığım 14 saylı cəzaçəkmə müəssisəsində 700 məhbusdan 207-si vərəm daşıyıcıları idi və onlar. Bir meh kifayətdir ki, birinin aldığı nəfəs digər məhbusa çatsın. Təcridxanadakı tibb məntəqələri də pulla xidmət göstərir. Həbsxanada soyuqdəymə tutanda heç bir dərman əldə edə bilmədim. Məcbur oldum dərmanları evdən istəyim. Dustaqlara verilən yemək də iki növə bölünür. Kimki pul vermir o «qara dustağa» verilən yeməyi yeməlidir. Pulu yemək isə 30 manatdan başlayır. Ən dəhşətli münasibət isə 16 saylı təcridxanadadır. Orada həbsxana rəisi pul ilə iyirmiyə yaxın xırda evcik tikdirib. Kim qışın soyuğunda, şəraitsiz formada vaxt keçirmək və yemək yemək istəmirsə, o həmin məkanlara yerləşmək üçün pul verməlidir. Qanunla hər bir məhbusun 6 kvadrat metrlik istirahət yeri olmalıdır. Bu norma gözlənilmir.
Həbsxanalar hər an partlaya biləcək nüvə bombasıdır
Vaxtilə Pentensiar Xidmətin rəisi olmuş Məmməd Zeynalov isə dedi ki, həbsxanalardakı məhbusların sayı azaldılmalıdır:
– Ölkədə doqquz min məhbus olacağı halda onların sayı 20 mindir. 1994-cü ildən bəri 10 həbsxana açılıb. Hər həbsxanada 300 əvəzinə 1000-1500 dustaq saxlanılır. Bu hər an partlaya biləcək nüvə bombası kimi bir şeydir. Həbsxanalardakı artan narazılıq bir gün ciddi partlayışa səbəb ola bilər.
Vəkil Əsabəli Mustafayev isə həbsxana və təcridxanalardakı ölüm faktları haqqında danışdı. O, bildirdi ki, ümumiyyətlə həbsxanalardakı neqativ halları aradan qaldırmaq üçün bu yerlərə ictimai nəzarəti gücləndirmək gərəkdir:
– Ermənistanda və Gürcüstanda istənilən QHT həbsxanada monitorinq apara bilir. Amma bu, Azərbaycanda mümkün deyil. İctimai Komitəyə daxil olan QHT-lərdən başqa bir Eynulla Fətullayev həbsxanalarda monitorinq apara bilir. Həmin monitorinqin nə dərəcədə effektli olduğuna ictimaiyyət qiymətləndirir. Ombudsmanın hesabatından isə xəbər yoxdur. DİN və MTN-in təcridxanalarına isə İşgəncələr Əleyhinə Komitə daxil ola bilər. İctimai Komitə Ədliyyə Nazirliyinin bir qurumuna çevrilib.
İyulun 19-da həbs olunmuş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qüvvəyə minən qanun tətbiq olunmur. Həmin qanuna görə istintaq altında olan şəxs ayda dörd dəfə yaxınları ilə görüşə, ayda iki dəfə 15 dəqiqə yaxınları ilə telefon əlaqəsi saxlaya bilər.
Düşünürəm ki, media, ictimaiyyət, siyasilər məhkəmə proseslərinə diqqəti yönəltməlidir. Hazırda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı 7 məhkəmə prosesi gedir. Amma bu barədə ictimaiyyətin heç bir məlumatı yoxdur.
İşsizlik 6% artanda, cinayətkarlıq 1 % çoxalır
Vəkil Fəxrəddin Mehdiyev isə qeyd etdi ki, həbsxanalarda məhbusların sayı həm də sosial-iqtisadi durumla bağlıdır:
– Hazırda cəzaçəkmə müəssisələrində ciddi islahatlar aparılmasına ehtiyac var. Dövlətin siyasəti məhbusların sayının azalması istiqamətində getməlidir. Elmi araşdırmalar sübut edib ki, işsizlik 6% artanda, ölkədə cinayətkarlıq 1 % artır. Ona görə işsizliyə qarşı mübarizə də prioritet olmalıdır.
Vəkil Müzəffər Baxışov da bildirdi ki, həbsxanaya düşən vətəndaşa qarşı işgəncə verilməsi yolverilməzdir. Qanunu pozanı islah etmək lazımdır, ondan gəlir mənbəyi kimi istifadə etmək və ona əzab vermək isə bu günki Azərbaycan reallığıdır:
– Azərbaycanda həqiqətən də həbsxanalardan işgəncə vermək üçün istifadə edirlər. Cəzaların İcrası Məcəlləsinin tələblərinə prokuror həm də cəzanın məqsədinə nail olunmasına nəzarət etməlidir. Amma təəssüf ki, Azərbaycanda monitorinq aparılarsa görünər ki, dustaqların vaxtından azad olunması tələblərinə prokurorluq bir qayda olaraq etiraz edir. Bu isə dustağın daha uzun müddət həbsxanada saxlanılmasına və korrupsiyaya xidmət edir.
Dustağın səsi eşidilməsin deyənə radioya səs verilir
Əhəd Məmmədli də həbsxana həyatının eybəcərliklərinə toxunaraq, bu qanunsuzluqlara yol verən şəxslərin adlarının ictimailəşdirilməsini vacib saydı:
– 14 saylının keçmiş rəisi Ərşad Həsənovun yeri bir müddət əvvəl 17-ci kalona dəyişdirildi. İndisə həmin şəxs təqaüddədir. Bu şəxs insanlara işgəncə verməsinə görə ad qaznmışdı. O, öz kabinetində dustağı döyən zaman həbsxanadakı ümumi radioyaya səs verirdilər ki, döyülən şəxsin qışqırığı ətrafa yayılmasın. 14-cü kalonun rejim rəisi Əlzamin Quliyev isə otağında Azərbaycan xəritəsini asıb. Otağına dəvət etdiyi dustaqlardan o, öncə hansı regiondan olduğunu soruşur. Dustaq xəritədə həmin yeri göstərəndə onun əllərin qandalayır və dubinka ilə vurmağa başlayır. Düşünürəm ki, bu şəxslərin adlarını ictimailəşdirmək lazımdır. MTN-in təcridxanasında verilən işgəncələri isə hətta ermənilər etmir. Burada çəkiclə barmaq sındırmaq, kəlbətinlə diş çıxarmaq əsas cəza vasitələridir.
Zülfüqar Eyvazlı da öz təcrübəsinə əsaslanaraq həbsxanadakı acınacaqlı durumdan danışdı:
– Mən şəkər xəstəsiyəm. Amma həbsxanadakı tibb müəssisəsi ümumiyyətlə heç bir dava-dərmanla təmin olunmamışdı. Hazırda həbsxanalardakı durum sovet dövründən heç nə ilə fərqlənmir. Dəfələrlə üç də bir ilə azadlığa çıxmaq üçün ərizə versəm də bu ərizə qubl olunmamışdı. Bu isə həbsxana rəhbərliyinin dustaqlara münasibətin göstərir.
Hüquq müdafiəçisi, həm də keçmiş siyasi məhbus Oqtay Gülalıyev bildirdi ki, həbsxanalardakı problemlərin bu cür müzakirəyə çıxarılması olduqca əhəmiyyətli məsələdir:
– Yaxşı olardı ki, bu tip tədbirlərdə beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri yaxından iştirak etməlidirlər. Həbsxana şəriti və yeməklərin vəziyyəti olduqca bərbaddır. Bəzi həbsxanalarda ümumiyyətlə havanı da pul ilə satırlar. Təsəvvür edin saxlandığım həbsxanada 15 kvadrat metirlik kamerada 5-6 adam birgə saxlanılırdı. Özü də həmin kameranın tualeti də eyni məkanda idi.
SAMA-nın əməkdaşı Samir Kazımlı da İctimai Komitənin buraxılmalı olduğunu bildirdi. Tədbirdə İctimai Komitənin tərkibinin müəyyənləşdirilməsində səlahiyyət sahibi olan şəxslərin adlarını açıqlayan S.Kazımlı bildirdi ki, İctimai Komitəni Rəbiyyət Aslanova, Allahşükür Paşazadə, Azay Quliyev və başqalarının üzv olduğu seçki komissiyası formalaşdırır. Bu şəxslərə isə ictimaiyyətin etimadı yoxdur.
Rüfət Hacıbəyli isə dedi ki, həbsxanalar hələ də sovet dönəminin qaydaları ilə idarə olunur.
Çayxana üçün 900 hamam üçünsə 1000 manat
Babək Həsənov isə çıxışında olduqca tükürpədici faktlar açıqladı. B.Həsənovun söylədiklərindən bir daha həbsxana həyatının eybəcərlikləri çılpaqlığı ilə göründü:
– Həbsxanada dustaqlar mətbuatda barələrində gedən hər yazını diqqətlə izləyirlər. Çünki onlar bu məkanda bütün hüquqlardan məhrum olunublar. Onlara sadəcə olaraq bir gəlir mənbəyi kimi baxılır. Həbsxanalarda işgəncə adi normaya çevrilib. Mən saxlanıldığım 16-cı kalonun bir sıra qaydaları barədə danışmaq istəyirəm. Bu kalona girəndə dustağın üzərindəki hər şey «təmizlənir». Dustağın paltarları, pulları, həbsxanaya gətirdiyi yemək hər şey əlindən alınır. Bir müddət saxlanıldığım 14-cü kalonda isə xüsusi qaydalar var. Düzdür bu kalonun rəisi siyasi məhbuslara qarşı bu metodlardan istifadə etmir. Amma başqa məhbusları «sındırmaq» üçün o, əvvəlcə onları otağına yığır. Daha sonra məhbuslara əhəmiyyətsiz suallar verə-verə onları döyməyə başlayır ki, burada da məqsəd bu insanları alçatmaqdır. 16-cı kalonda isə cəza üsulu daha dəhşətlidir. Təsəvvür edin soyuq havada dustağa dubinka ilə döyülmək cəzası tətbiq edilir. Dustaq əgər vurulmalı olan dubinkalara axıra qədər dözə bilməzsə, qışda soyuq su ilə yenidən oyadılır və təyin olunan dubinkaların sayı qurtarana qədər döyülür. Belə cəza metodu bütün daxili orqanların sıradan çıxmasına səbəb olur.
Həbsxanalarda antisanitariyada baş alıb gedir. Dustaqlara yuyunmaq üçün həftədə iki gün verilir və 800 dustaq bu iki günə çiməlidirlər. Amma vaxt çatmadığından dustaqlar məcbur olur ki, digər beş gün üçün də hamam pulu versinlər. Həbsxanada isə hamamı işlədən şəxs rəisə 1000 manat verməlidir. Çayxananın işələdilməsinə isə 900 manat pul istənilir. Başqa bir fakt. Bir çox hallarda narkotik istifadəsi ilə ittiham olunan şəxsin qanında narkotik maddənin olub-olmadığı ümumiyyətlə yoxlanılmır və əgər dustaq digər ittihamlardan fərqli olaraq bu maddənin üzərindən götürülməsini istəyirsə 400 manat pul verməlidir. Yeməyin keyfiyyəti barədə danışıldı. Bu yeməyi yemək mümkün deyil. Digər həbsxanalarda hətta bəzi dustaqlar üçün şor kabab dadındadır. Çünki verilən yeməyin heç bir kalorisi yoxdur. Bir dəfə yeməkxanada oturarkən həbsxana rəisi yanımdakı dustağa yaxınlaşaraq soruşdu ki, yeməyin dadı necədir. Dustaq bildirdi ki, yeməyin dadı yaxşıdır. Mən təəccbülə həbisxana müdrinə yeməyin keyfiyyətsiz olduğunu bildirdim. Həbsxana müdiri uzaqlaşdıqdan sonra məhbus yoldaşım bildirdi ki, o yalan danışmağa məcburdur. Çünki böyrəklərinin dubinka zərbəsi altında məhv olmasını istəmir.
Elnur Məcidli daha çox dustaqların asudə vaxtlarından səmərəli istifadə edə bilməmələrinə toxundu. Amma E.Məcidli də saxlanıldığı müddətdə şahidi olduğu işgəncə faktları barədə məlumat verdi:
– Dustaqların nə idmanla məşğul olması, nə də mütaliyə etməsi üçün imkanlar yoxdur. Halbuki bütün bu məqamlar qanunda əksini tapıb. Mən saxlandığım 17 saylı cəzaçəkmə müəssisəsində də işgəncə və məhbusların döyülməsi geniş vüsət almışdı. Bir məhbusu o dərəcədə karserdə döymüşdülər ki, o, iki ay gəzə bilmirdi. Ombudsman da onun yerinə bilməməsinin şahidi olub.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev isə Azərbaycan və Amerika həbsxanalarını müqayisə etdi. O, bildirdi ki, Quantanamo həbsxanasında 1 məhbusun 1 il saxlanması üçün 800 min dollar sərf olunur. Həmin xərcin 200 min dolları yalnız məhbusun yeməyinə xərclənir:
– Quantanamo həbsxanasında saxlanan məhbusa yeddi cür yemək verilir. Quantanamodan reportajı verən rus kanalının müxbiri üzləşdiyi faktlarla bağlı heyrətini gizlədə bilmirdi. Bu ABŞ-ın mahiyyətindən irəli gəlir. Azərbaycan həbsxanalarındakı bu cür acınacaqlı vəziyyət isə hakimiyyətin mahiyyətindən qaynaqlanır.
Sonda çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, tədbir bir daha sübut etdi ki, həbsxanalardakı vəziyyət əsir düşərgələrini xatırladır. Amma təcrübə göstərir ki, ictimai-siyasi şəxslər nə həbsdn öncə, nə də həbsdəki repressiyalardan çəkinmirlər: «Siz bir daha təsdiqlədiniz ki, həbsxana həyatı siyasi hüquqlar uğrunda mübarizə aparanlar üçün daha asan olur. Deməli vətəndaşlarımız çəkinmədən hüquqları uğrunda mübarizəyə başlamalıdırlar. Müzakirələrin nəticəsi olaraq yekun sənəd hazırlayacağıq. Həmin sənəddə bütün bu neqatif hallar əksini tapacaq».
Onu da qeyd edək ki, Ə.Kərimli tədbir iştirakçılarına müraciət edərək bir neçə gün əvvəl Təbriz şəhərində baş verən zəlzələdə zərərçəkmiş sodaşlarımız üçün başladılan vəsait toplama kampaniyasına qoşulmağa çağırdı. O, bildirdi ki, bununla biz Cənubdakı soydaşlarımıza onların dərdinə bölüşdüyümüzü və əlimizdən gələni etməyə hazır olduğumuzu nümayiş etdirməliyik.
Xəyal