85 yaşlı dissident Sabir Yanardağ: “Stalin öləndən sonra onun böyük olduğunu anladım. O diktator olsa da, həmişə kasıb yaşayıb”
“Mən Heydər Əliyevə dedim ki, gəl əl-ələ verib işləyək, ştatda işləmək istəmirəm. O da cavab verdi ki, ştatda olmadan əməkdaşlıq etmək mümkün deyil. Dəfələrlə cəhd etdi, alınmadı, bu olmayanda mənə ”sarsaq qoca” dedi”
Kitabları rəflərə deyil, stolların, dolabların üstündə dağınıq şəkildə üst-üstə qalaqlayan, çarpayısı, stulları, paltar şkafı ötən əsrin istehsalı olan, toz-tozanaqlı və iki otaqlı mənzildə 85 yaşlı bir dissident yaşayır. Həmin dissident ilk əsərini 17 yaşında – 1944-cü ildə yazıb. “Azərbaycana xəyanət ədəbiyyatına qarşı” bu əlyazma heç vaxt çap olunmayıb. Hətta bir dəfə yandırılıb. Müəllifi isə başı bəlalar çəkə-çəkə mübarizəsini aparıb, óelə indi də aparır…
Lenini sevirdi, Stalinə nifrət edirdi
Söhbət Sabir Yanardağdan gedir. Onun kimliyində “1929-cu Şəkidə anadan olub” yazılsa da, anasının dediyinə görə, 1927-ci ildə dünyaya gəlib. Kübar ailəsində doğulan Sabir bəyin atası Mustafa Imamverdiyev Qarabağ-Kürdüstan mahalında yerləşən hərbi komissarlıqda işləyib: “Atam anasının yanında yaşamaq üçün hərbi komissarlıqdan çıxır. O vaxt rütbəsi olanlar, ordu və polisdə işləyənlər öz istəkləriylə işdən çıxa bilməzdilər. Ona görə də atama prokurorluqda iş verilir və yenə də anasının yanında yaşaya bilmir”.
Sabir Yanardağın uşaqlığı çox keşməkeşli keçməsə də, çətinlikləri öz üzərində hiss etməsə də, nəyin nə olduğunu dərk edə bilib: “Insanların kolxozda işləməsi, min bir əziyyət çəkib ancaq çörək pulu qazanması məndə sosializmə nifrət yaratdı. Düzdür, Lenini həmişə sevmişəm, ancaq Stalinə nifrət edirdim. Lap sonradan onu da sevdim”.
Sabir bəy orta məktəbi o qədər də yaxşı oxumayıb. Beşinci sinifə qədər əlaçı olub. Beşinci sinifdən sonra məktəbə qiymət almaq üçün gedib: “Hər dəfə atamı mənə görə məktəbə çağıranda o, gözlərinə ianmırdı. Müəllimlərə deyirdi ki, sizin söylədiklərinizin heç birini Sabir evdə etmir. Nadinc idim, ancaq heç vaxt söyüş söyməmişəm. Beşinci sinifdən sonra dərslərimə diqqət yetirməsəm də riyaziyyatı əla bilirdim”.
72-ci otağın tələbələri – Sabir Yanardağ, Qulu Xəlilov, Xəlil Rza Ulutürk, Bəkir Nəbiyev
Orta məktəbi bitirməsi müharibə illərinə düşdüyünə görə Sabir bəy universitetə gec daxil olur. Ikinci dünya müharibəsi bitəndən dörd il sonra – 1949-cu ildə indiki Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti adlanırdı – red.) filologiya fakülətsinə daxil olur: “Bizim otaq 72-ci idi. Universitetin 4-cü mərtəbəsində yerləşirdi. Beşinci mərtəbədə isə qızlar oxuyurdu. Həmişə dərsdə və tənəffüsdə elmi söhbətlər gedirdi. Yuxarı mərtəbədə oxuyan qızlar bizim səsimizi eşidib gülüşürdülər. Hər gün də dərsə gələndə otağın qapısında ”dahilər otağı” sözləri yazırdılar. Biz silirdik, səhəri yenə yazılırdı. Bu 72-ci otaqda mən, Qulu Xəlilov, Xəlil Rza Ulutürk, Bəkir Nəbiyev oxuyurdu. Mübahisələr də, elmi söhbətlər, diskussiya əsasən biz dörd nəfərin arasında olurdu. Bayram olanda Bakı lərzəyə gəlirdi. Bizim qrupda hər cür istedadlı adam vardı. Kimisinin yaxşı savadı vardı, kimisinin yaxşı musiqi qabiliyyəti, kimisi də başqa sahənin mahir bilicisi idi”.
Sabir Yanardağ universiteti də yaxşı oxumur: “Orta məktəbi beşinci sinifdən sonra necə oxumuşdumsa, universitetdə də elə oxuyurdum. Hər dəfə bizim qaldığımız otaqda dərsə hazırlaşan tələbələr kitab oxuya-oxuya yuxulamağımdan narahat idilər. Bunu dəfələrlə tələbə yoldaşlarıma demişdilər. tələbə yoldaşlarım da demişdi ki, Sabir yuxulayanda daha yaxşı eşidir, oxuyur. Yalnız beşinci kursda dərslərimi yaxşı oxudum və mənə təqaüd kəsildi”.
Nizami və Mayakovski mübahisəsi – kim kimdən bəhrələnib?
Sabir bəy ancaq fövqəldahiləri qəbul edir: “Xırdalara qarşı həmişə amansız olmuşam. Stalini ona görə sevmirdim ki, o, insanlara azadlıq vermirdi. Ancaq onun yazdığı bütün kitabları oxumuşam. Ədəbiyyatla, yazıçılarla bağlı dedikləri sözləri eşidəndə içim lərzəyə gəlirdi. Yalnız yazıçı olan şəxs, yazı ağrı-acısını alan adamlar bu cür fikirlər söyləyə bilərlər. Stalin yazırdı ki, yazıçı insan qəlbinin mühəndisidir. Stalini ölənə qədər sevmədim, nifrət bəsləyirdim. O öləndə bütün dünya ağlayırdı, təkcə mən sevinirdim. Ancaq Stalin öləndən sonra onun böyük olduğunu anladım. Stalin diktator olsa da, həmişə kasıb yaşayıb. Hegeli oxuyandan sonra Stalini anladım. Hegel deyirdi ki, zəruri olan gerçəkdir, gerçək olan zəruridir. Stalin çox güman ki, Hegelin bu fikirlərini əsas götürüb. Ancaq nə olsa da o, heç vaxt xalqını talamayıb”.
Sabir Yanardağ tələbəlik illərində etirazlarına görə dəfələrlə təzyiqlərlə üzləşib: “Məmməd Arif Dadaşzadə bir dəfə dərsdə dedi ki, Nizami Mayakovskidən bəhrələnib. Buna etiraz etdim. Dedim ki, Nizami 12-ci əsrdə, Mayakovski 20-ci əsrdə yaşayıb. 12-ci əsrdə yaşayan 20-ci əsrdə yaşayan adamdan necə bəhrələnə bilər? Çox mənasız bir cavab verdi. Dedi ki, Mayakovskinin nəhəngliyi elə ondadır. 8 əsr əvvəl yaşayan şairi özündən bəhrələndirə bilib. Mübahisə böyüdü, əksəriyyət də onun tərəfində dayandı. Ancaq sonradan Məmməd Ariflə görüşəndə hiss eləyirdim ki, utanır. Hətta bir dəfə vəziyyəti ağır olanda baş çəkmək üçün evinə getdim. Məni görəndə gəlişimin onun üçün həm gözlənilməz, həm də xoş olduğunu söylədi”.
“Nökər elmi haqqında” kitabını nökərlərə həsr edir
Sabir Yanardağ ikinci əsərini 1952-ci ildə yazır. Bu da əlyazma şəklində yayılır. “Nökər elmi haqqında” adlanan bu əlyazma bütün SSRI – də böyük səs-küy yaradır. Bu əlyazmanın çox maraqlı tarixçəsi var. Sabir bəy deyir ki, ictimai xadim, fəlsəfə elmləri doktoru Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabı çap olunub: “Əsər ilk dəfə 1949-cu ildə müəyyən ixtisarlarla çap edilib. 1948-ci ildə ona Stalin mükafatı verirlər. Ancaq buna baxmayaraq 1950-ci ilin mayında Kommunist Partiyasının Mərkəzi Komitəsinin büro iclasında ciddi tənqid edilir. Mərkəzi Komitə SSRI Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir. Heydər Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlər orqanlarının və bəzi həmkarlarının əsassız təqiblərinə məruz qalır. Bütün bunlara dözməyərək 1950-ci ildə damarlarını kəsərək intihar edir. Heydər Hüseynova qarşı münasibət normal olanda Mirzə Ibrahimov başda olmaqla çoxu onun yaradıcılığı haqqında yazılar yazırdı. Elə ki, hücum başlanıldı. Bir gecənin içində yazılan yazılar dəyişdirildi. Bu hadisə mənə çox pis təsir etdi və ”Nökər elmi haqqında” kitabımı yazdım”.
Sabir Yanardağın “Nökər elmi haqqında” əsəri kitab şəklində çap olunmasa da, bütün ölkəni əlyazma formasında əl-əl gəzir: “O vaxt Mircəfər Bağırov Stalinin sözünü mənə çatdırdı. Bildirdi ki, vəziyyətim ağır olacaq. Cavabım bu oldu ki, nə bilirsiniz edin. O vaxt universitetin rektoru əvvəl Abdulla Qarayev idi, sonra Cəfər Xəndan oldu. Hər ikisinə tapşırmışdılar ki, diplom alanda mənə təyinat verilməsin. Universiteti 1954-cü ildə bitirdim, ancaq təyinat aldım. Çünki o vaxt Mircəfər Bağırov da, Stalin də artıq dünyada yox idi”.
Heydər Əliyev Sabir Yanardağ haqqında nə deyib?
Sabir Yanardağın Heydər Əliyevlə də yaxşı münasibətləri olub: “1993-cü ildə hakimiyyətə gələndə Moskva onu istəmirdi. Arif Rəhimzadə (hazırda Milli Məclisdə regional məsələlər komitəsinin sədridir) və Rəfael Allahverdiyevin (Bakı şəhər Icra Hakimiyyətinin sabiq başçısı) iştirakıyla Heydər Əliyev məni, bir də Ocaq Nəsibi qəbul etdi. Görüşdə bizə dedi ki, Ocaq Nəsibi dövlət katibi postuna, məni isə ideoloji şöbəyə rəhbər təyin etmək istəyir. Heydər Əliyev məndən istifadə etmək istəyirdi, alınmadı. Mən Heydər Əliyevə dedim ki, gəl əl-ələ verib işləyək, ştatda işləmək istəmirəm. O da cavab verdi ki, ştatda olmadan əməkdaşlıq etmək mümkün deyil. Dəfələrlə cəhd etdi, alınmadı, bu olmayanda mənə ”sarsaq qoca” dedi.
Dissidentlərin Beynəlxalq Ensiklopediyası çap olunsa da, Azərbaycanda yayımlanmır: “Kimsə bu kitabı şkafında gizlədir, bəzilərinin marağına xidmət etmir. Mən birinci dərəcəli dissidentəm”.
Sabir Yanardağa heç bir yardım edilmir. Aldığı təkcə təqaüddür. 85 yaşda olmasına baxmayaraq idmanla məşğul olur. Hər gün qaçır və dənizdə üzür. Bir neçə dəfə Gənclər və idman naziri Azad Rəhimova 80 yaşdan yuxarı şəxslərin üzgüçülük yarışının keçirilməsi üçün müraciət edir: “Bu yarış keçirilsəydi dünyada analoqu olmayacaqdı. Çünki indiyə kimi 80 yaşdan yuxarı olan adamlar arasında yarış keçirilməyib. Nicat Həsənov adlı şöbə müdiri mənimlə görüşdü. Belə bir yarışın keçiriləcəyini dedi. Əvvəlcə dedilər ki, 500 metrlik məsafə üzrə yarış olacaq. Razılaşdım, daha sonra 1500 metrə qaldırdılar, etiraz etmədim. Mənim üçün 1500, ya da 3000 metr məsafəyə üzmək adi bir şeydir. Gördülər ki, heç nə edə bilmirlər, axırda dedilər ki, turniri öz hesabına keçir. Məndə o qədər pul yoxdur, təqaüd alıram, yarışı necə keçirim? Daha bu işin dalınca düşmədim. Yəqin kim olduğumu bildikləri üçün yarış keçirməkdən qorxdular”.
***
Sabir Yanardağla üç saatdan artıq söhbət etdik. Onun danışdıqlarını heç 10 faizini qələmə almadıq. Həyat yoluna nəzərə salanda belə bir insanın 85 il yaşaması və bu qədər sağlam olması adamı təəccübləndirir.
Tez-tez istifadə etdiyi “mən radikalam” sözləridir. Ona “Sabir bəy, radikal indi pis səslənir. Hökumət radikal sözünü dağıdıcı kimi cəmiyyətə təqdim edir” deyəndə əsəbiləşdi: “Radikal dönməz deməkdir. Özləri dağıdırlar, ona görə də başqasının üstünə yıxırlar”.
Sağollaşanda isə “inşallah, bir gün dənizə gedərik, üzmək necə olur, onu sənə göstərərəm” dedi. Biz də “inşallah” deyib ayrılırıq…
Ramin DEKO