Kənd təsərrüfatı naziri Kəmaləddin Heydərovla döyüşdən təşvişə düşüb?
Kənd təsərrüfatı naziri İsmət Abbasov fövqəladə hallar naziri Kəmaləddin Heydərovla aralarında konflikt olması barədə mətbuatın yazdıqlarını təkzib edib. İsmət Abbasovun iddiasına görə, onun “fövqəlnazir”lə münasibətləri yaxşıdır.
Kənd təsərrüfatı nazirinə xatırlatmaq istəyirik ki, onun Kəmaləddin Heydərovla konfliktdə olması barədə təkcə yerli mətbuat yazmayıb. Məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da Ismət Abbasovla Kəmaləddin Heydərov arasında qarşıdurma olması barədə məlumatlar yer alıb. Hətta bu ziddiyyətlərin kökü də göstərilib. Bildirilib ki, Kəmaləddin Heydərov Kənd Təsərrüfatı Nazirliyini (KTN) nəzarətə götürməyə çalışır. Bu məqsədlə Ismət Abbasovu devirmək istəyir.
Digər tərəfdən Ismət Abbasovla Kəmaləddin Heydərovun münasibətləri yaxşı olsa idi “fövqəlnazir”in yaxın ətrafı vaxtaşırı onun ünvanına ittihamlar səsləndirməzdi. Analoji sözü Ismət Abbasovun yaxın ətrafı barədə də söyləmək olar.
Təsəvvür edin, KTN-nin şöbə müdiri Sabir Vəliyev ölkəyə buğda əvəzinə heyvan yemi gətirilməsi barədə açıqlama verir. Bir müddət sonra ölkəyə idxal olunan kartofun da əslində heyvan yemi olması barədə fikirlər səsləndirir. Ismət Abbasov bilməmiş deyil ki, idxal sahəsi Kəmaləddin Heydərovun nəzarətindədir. Azərbaycana ərzaq məhsullarının əhəmiyyətli hissəsini məhz “fövqəlnazir” idxal edir. Konkret olaraq buğda onun monopoliyasındadır. Bu halda Sabir Vəliyevin ittihamları Kəmaləddin Heydərova yönəlmirmi? Yönəlir. Əks təqdirdə hər dəfə KTN rəsmisinin belə açıqlamalarından sonra “fövqəlnazir”ə yaxınlığı ilə seçilən şəxslər Ismət Abbasovun ünvanına ittihamlar səsləndirməzdi. Nümunə olaraq Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olduğu bildirilən politoloq Cümşüd Nuriyevin açıqlamalarını göstərmək olar. Cümşüd Nuriyev sonuncu dəfə Ismət Abbasovu aşağılamaqdan belə çəkinməmişdi. Politoloq nazirin KTN-də “şeytan idarəsi” yaratdığını söyləmişdi.
Sonda bildirək ki, vaxtilə mətbuat Kəmaləddin Heydərovla sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin arasında ziddiyyətlər olması barədə yazanda “fövqəlnazir” yazılanların yalan olduğunu bildirmişdi. “Fövqəlnazir” Fərhad Əliyevlə dost olduğunu deyərək əlavə etmişdi: “Belə məlumatlar dərc olunanda bir-birimizlə zəngləşib yazılanlara gülürük”. Lakin Fərhad Əliyev həbs olunandan sonra bəlli oldu ki, onun tutulmasında Kəmaləddin Heydərovun böyük rolu olub. Fərhad Əliyev məhkəmə prosesində də bu faktı təsdiqləmişdi.
Görünür, Ismət Abbasov Kəmaləddin Heydərov kimi fiqurla üz-üzə gəlməsinin ona baha başa gələ biləcəyindən ehtiyatlanaraq bu açıqlama ilə ona jest edir. Yaxud da onun bu açıqlaması sadəcə hakimiyyətdə “qızıl qayda” hesab olunan daxili intriqaların kənara çıxarılmaması qaydasından irəli gəlir.
Hikmət