Ölkə başçısının 2012-ci ili “Idman ili” etməsinin “Oğuz nümunəsi”
İlham Əliyev 2012-ci ili “Idman ili” elan edib. Ölkə başçısı bu barədə sərəncam imzalayanda “Idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.
Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir” sözlərini rəhbər tutub.
Ancaq işin maraqlı tərəfi budur ki, London olimpiadası bizdə “Idman ili”nin olmadığını göstərdi. Indiyə qədər olimpiadaya yollanan idmançılarımızın yarıdan çoxu mübarizədən kənarlaşıb. Yalnız Bolqarıstandan aldığımız oyunçu bürünc mükafatı qazanıb. Indi söhbət açağımız məsələ London olimpiadasında oyunçularımızın çıxışını təftiş etmək deyil.
“Idman ili”ndə ölkənin bölgələrində idmana olan qayğı sıfır vəziyyətndədir. “Azadlıq” qəzeti dəfələrlə bölgələrdən reportaj yayımlayarkən rayonlardakı Olimpiya komplekslərindən, oradakı şəraitdən, idmançılara göstərilən “qayğıdan” yazıb. Bu dəfə isə daha maraqlı və maraqlı olduğu qədər ürəkağrıdıcı bir mənzərə ilə sizi tanış edirik. “Gundeminfo.az” saytı Oğuz rayonundakı mərkəzi stadiondan maraqlı şəkillər yayımlayıb. Sayt yazır ki, 2011-ci ilin iyun ayında Eyvaz Qurbanov rayona icra başçısı təyin ediləndən cəmi 2 ay sonra stadionun bərpası və yenidənqurulması ilə bağlı vəsait də ayrılıb.
Şəkillərə baxdıqda mərkəzi stadionun necə bərbad olduğunu görərik. Azərkeşlər üçün nəzərdə tutulan yerlər ot basıb. Vaxt ilə fəxri qonaqlar matçı izləmək üçün onlara ayrılan “meydança” at tövləsindən də pis gündədir. Futbolçuların soyunub-geyinmə otağından danışmağa dəyməz. Həmin yerin damı isə sökülüb. Meydançada ot yoxdur, yaşıllığı betonlar əvəzləyib.
Bütün Azərbaycan Oğuz kimi “Idman ili”nə belə yola verir…
Ramin DEKO