İbrahimbəyovun təşkil etdiyi tədbirə dövlət adamları gəlmədi
“Burada kasıb, amma ruhu olan adamlar oturub, orada isə varlı, lakin ruhu olmayanlar”
Bu gün Azərbaycan kinosunun 114-cü ildönümü idi. Milli kinomuzun bu ələmətdar günü münasibətilə təxminən eyni vaxtda iki fərqli məkanda bayram tədbiri keçirildi. Tədbirlərdən biri Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun təşkilatçılığı ilə qurumun Hökumət evindəki qərargahında, o biri isə hökumətin təşəbbüsü ilə “Nizami” kinoteatrında baş tutdu. Biz Kinematoqrafçılar İttifaqının tədbirinə qatılıb maraqlı söhbət və çıxışlara şahid olduq. İbrahimbəyovun tədbirinə hökumətdən bir nəfər olsun qatılmamışdı. Amma ölkənin bir çox sayılıb-seçilən kino xadimlərini, mədəniyyət adamlarını, xalq artistlərini bu mərasimdə görmək olardı. Qonaqlar arasında Yazıçılar Birliyinin sədri Anar Rzayev, tanınmış teleaparıcı Rafiq Hüseynov, tanınmış bəstəkarlar Cavanşir Quliyev, Eldar Mansurov, Ziyalılar Forumunun üzvləri Eldar Namazov, Eldəniz Quliyev, Əkrəm Əylisli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, tanınmış aktyorlar Fuad Poladov, Fəxrəddin Manafov, həmçinin ölkənin tanınmış rejissorları, ssenaristləri var idi.
Tədbiri açan Kinematoqrafçılar İttifaqının ikinci katibi Azad Əsədov bildirdi ki, texniki imkanlar bərbad səviyyədə olsa da, Azərbaycan filmləri hələ də çəkilir və beynəlxalq festivallara təqdim olunur. A.Əsədov Azərbaycan kinosunun keçdiyi yoldan, uğurlardan danışandan sonra Kinematoqrafçılar İttifaqının üç mükafat təsis etdiyini bildirdi və qalibləri təltif etmək üçün Rüstəm İbrahimbəyovu səhnəyə dəvət etdi.
R.İbrahimbəyov çıxışına həmkarlarını Milli Kino Günü münasibətilə təbrik etməklə başladı. Ardınca da mətbuat vasitəsilə ona ünvanlanan 200 nəfərlik təbrik məktubundan söz açıb minnətdarlıq etdi: “Onlar Azərbaycan cəmiyyətinin hörmətli adamlarıdır və hər birinə təşəkkürümü bildirirəm”.
Kino xadimləri mükafatlandırıldı
R.İbrahimbəyov bildirdi ki, təsis edilən mükafatlar “Son illərin yaradıcılıq uğurlarına” və “Kinoya verdiyi töfhələrə görə” nominasiyalarını əhatə edir. Birinci nominasiyanın qaliblərini təltif etməzdən əvvəl iki fərqli kinorolik nümayiş etdirildi. “Yuxu”, “Qaçaq Nəbi”, “Ömrün səhifələri” filmlərindən fraqmentlərin yer aldığı birinci kinorolikin nümayişindən sonra səhnəyə bu filmlərin rejissoru Fikrət Əliyev dəvət olundu. F.Əliyev mükafatı alarkən qısa və maraqlı çıxışı ilə yadda qaldı: “Şükür Allaha ki, bu mükafatı aldım. Uşaqlar evdə deyəcəklər ki, nəhayət sənin də zəhmətini qiymətləndirən oldu”. İkinci mükafatçı gənc rejissor Asif Rüstəmov oldu və nəhayət növbə gəldi tədbirin ən yaddaqalan məqamına. İşıqlar söndürüldü və ekranda bəlkə də istisnasız olaraq bütün Azərbaycan tamaşaçılarının sevdiyi aktyor Fəxrəddin Manafovun canlandırdığı filmlər göründü – “Ölsəm bağışla”, “Təhminə və Zaur”, “Otel otağı” və s. R.İbrahimbəyov “Kinoya verdiyi töfhələrə görə” nominasiyası üzrə mükafatlandırmaq üçün F.Manafovu səhnəyə dəvət etdi.
“Biz vicdanla yaşayırıq”
Fəxrəddin Manafovun çıxışı qısa, amma olduqca təsirli oldu: “Mən çox danışmaq istəməzdim. Amma məcburam, az danışa bilmərəm. İlk növbədə Rüstəm İbrahimbəyova təşəkkürümü bildirmək istəyirəm. Mən sizin ssenarilərinizlə var olmuşam. Bu qədər çəkilişdən keçmişəm, amma indi çox həyəcanlıyam… İlk dəfə çəkiliş meydançasını, kameraları, kinonu sizin ssenarilərinizlə gördüm. İndi zalda oturub baxıram və təəccüb edirəm. O adamlar ki, bir vaxtlar sizin bir baxışınıza möhtac idilər, indi onları bu zalda görmürəm. Özümə sual verirəm – məgər buna görəmi yanırdıq, gecələri yuxusuz qalırdıq, əzab çəkirdik, ağlayırdıq? Bunların baş verməsi üçünmü? Görünür, bu qeyri-müəyyənlik kiməsə lazımdır. Burada bir tədbir keçirilir, “Nizami” kinoteatrında başqa tədbir. Burada kasıb, amma ruhu olan adamlar oturub, orada isə varlı, lakin ruhu olmayanlar. Biri var asan yaşamaq, biri də var vicdanla yaşamaq. Biz vicdanla yaşayırıq. Çox sağ olun…”.
“Heç olmasa bu gün ölkədə nələrin baş verdiyini yada salmayaq”
Fəxrəddin Manafovun bu çıxışı zalda oturanların gurultulu aşqışları ilə müşayiət olundu. R.İbrahimbəyov yenidən səhnəyə çıxaraq hökumətin təşkil etdiyi tədbirə qarşı olmadıqlarını bəyan etdi: “Bu gün Milli Kinomuuzun ənənəvi dövlət bayramıdır. Hətta bu tədbirdən sonra kimlərsə çıxıb o tədbirə gedərsə, mən çox sevinərəm. Biz heç kimə qarşı deyilik və heç kimi də özümüzə qarşı qoymuruq. Bu gün gözəl kinomuzun bayramıdır. Heç olmasa belə bir gündə ölkədə nələrin baş verdiyini yada salmayaq. Şükürlər olsun ki, sağ və salamatıq. Yaşasın Azərbaycan kinosu!”.
Gültəkin