Rövnəq Abdullayev ölkədə olmadığı zamanda proses başa çatdırılmalıdır
ARDNŞ-də kütləvi ixtisarlara başlandığı barədə mətbuatda xeyli müddətdir ki, məlumat getməkdədir.
Yayılan xəbərlərdə vurğulanır ki, beynəlxalq audit şirkəti ARDNŞ-dəki yoxlamalardan sonra şirkətin işçilərinin ixtisara salınmalı olduğunu açıqlayıb. Və bundan sonra 72 minlik işçi ordusu olan ARDNŞ bir sıra müəssisələrində kütləvi ixtisara hazırlıq görür. Amma şirkət rəsmiləri ARDNŞ-də heç bir ixtisarın aparılmadığını və şirkətin adi iş rejimi ilə çalışdığını vurğulayır.
Dünən redaksiyamıza daxil olan məlumata görə, ARDNŞ rəsmilərinin açıqlamalarına baxmayaraq, şirkətdə ixtisarlar tam sürəti ilə davam edir. Bu məlumatı bizimlə bölüşən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, onların əlində artıq bu prosesi sübut edən sənədlər var: “Bizə edilən müraciətlərə əsasən ARDNŞ-ə daxil olan Qobustan Qazma Işləri Idarəsində artıq 35 nəfər ixtisara salınıb. Onlar öz xoşları ilə ərizə yazmağa məcbur ediliblər. Ərizə yazanlara 5 misli həcmində əmək haqqı veriləcəyini vəd edirlər. Ərizə yazmaqdan imtina edənlər isə heç bir ”təzminat” almırlar. Bundan başqa, Qobustan Xüsusi Texnika və Nəqliyyat Sexində də artıq 10 işçiyə ixtisara düşəcəkləri ilə bağlı bildiriş verilib. Bu bildirişi şöbə müdiri Şahbala Quliyev imzalayıb. Əsasən qadınların işlədiyi bu sexdə çalışanlara müxtəlif yollarla təzyiq edilir ki, onlar işdən könüllü imtina etsinlər”.
ARDNŞ rəhbərliyinin şirkətdə heç bir ixtisar olmadığı barədə söylənənlərin reallıqdan uzaq olduğunu deyən M.Qəhrəmanlı vurğuladı ki, baş verən ixtisar nəticəsində qanunvericilik kobud şəkildə pozulur. Çünki ixtisarın səbəbləri açıqlanmalı və bu addım əsaslandırılmalıdır. Amma ARDNŞ müxtəlif müəssisələrdə işçiləri yalnız daxili qaydalarla işdən azad edir: “ARDNŞ-in idarə və müəssisələrində struktur dəyişikliyi adı altında insanlar işdən azad edilir. Özü də bu proses ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ölkədə olmadığı müddətdə edilir. Görünür, bu, xüsusi göstərişdir ki, rəhbərlik ölkədə olmadığı müddətdə işçilərin sayı kəskin azadılsın”.
Hikmət