“Radio Free Europe”: “YAP rəsmiləri Mehriban Əliyevanın iddialarına son qoydu”
“Azadlıq” radiosunun ingilis dilli versiyası olan “Radio Free Europe”in saytında Azərbaycanda qarşıdan gələn 2013-cü il prezident seçkiləri və ölkədəki ictimai-siyasi proseslərdən bəhs edən məqalə yayımlanıb. Məqalənin əvvəlində bildirilir ki, “Ərəb baharı”na bənzər dəyişikliklərin qarşısını alan Ilham Əliyevin 2013-cü ildə yenidən prezident seçiləcəyi ehtimal olunur. Hakimiyyətə alternativ kimi formalaşdırılmış Ictimai Palata isə azad və ədalətli seçkilərin keçirilməsi üçün mühüm şərt hesab edilən bərabər mübarizə şəratinin yaradılması istiqamətində səylərini artırıb.
Məqalədə Ictimai Palatanın yaranma tarixi və 2010-cu il parlament seçkiləri barədə qısa məlumat da yer alıb: “Ictimai Palata bir neçə aparıcı müxalifət partiyası tərəfindən yaradılıb. Qurum 125 deputat yeri olan parlamentə bir nəfər də olsun, müxalifət təmsilçisinin düşmədiyi 2010-cu il parlament seçkilərindən təxminən 2 ay sonra formalaşdırılıb. ATƏT həmin seçkilər barədə hesabatında bildirib ki, demokratik seçkilərin mühüm göstəriciləri pozulub. Təşkilat əlavə edib ki, sərbəst toplaşmaq və fikir azadlıqları məhdudlaşdırılıb”.
Məqalədə qeyd olunub ki, gələn il keçiriləcək prezident seçkilərində hakimiyyətin namizədi Ilham Əliyev olacaq. Müəllif yazır ki, YAP rəhbərliyində təmsil olunan şəxslərin bu barədə açıqlamaları ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dair iddialara son qoyub: “YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın 2013-cü il prezident seçkilərində namizədinin Ilham Əliyev olacağını bildirib”.
“Radio Free Europe”in saytında dərc olunan məqalədə daha sonra deyilir ki, AXCP sədri Əli Kərimli 2009-cu il referendumu ilə Konstitusiyaya edilən dəyişiklikdən sonra Ilham Əliyevin 2013-cü il seçkilərində namizədliyini irəli sürməsinin hüquqi əsası olmadığını bildirmişdi. YAP icra katibinin müavini Mübariz Qurbanlı isə bu barədə deyilənləri əsassız adlandırıb.
Məqalədə Ictimai Palatanın iyulun 22-də keçirilən sessiyasından da bəhs olunub. Həmin sessiyada azad və ədalətli seçkilərin baş tutmasını şərtləndirən şəraitin yaradılması tələbilə müxalifətin yeni etiraz dalğasının başlanması barədə qərar qəbul etməsi vurğulanıb. Müxalifətin siyasi məhbusların azad olunması, sərbəst toplaşmaq və mətbuat azadlığının bərpası, Seçki Məcəlləsinə dəyişikliklər edilməsi tələblərini yenidən gündəmə gətirəcəyi qeyd olunub: “Əli Kərimlinin sözlərinə görə, 70 siyasi məhbusun olduğu, dinc etiraz aksiyalarının qadağan edildiyi, hökumətin seçki komissiyalarını tam nəzarətdə saxladığı şəraitdə demokratik seçkilərdən danışmaq olmaz”.
AXCP sədrinin bu fikirlərindən sonra məqalə müəllifi yazır ki, seçki komissiyalarının tərkibi on ildən çoxdur eynidir. Avropa Şurası Venesiya Komissiyasının ekspertləri Seçki Məcəlləsinə dəyişikliklər təklif etsə də, Azərbaycan hakimiyyəti Məcəllənin liberallaşdırılmasına imkan verməyib.
Məqalədə Azərbaycanda baş tutmuş prezident seçkilərindən də bəhs olunub. 2008-ci ildə keçirilmiş prezident seçkiləri barədə deyilir ki, müxalifətin iki ən nüfuzlu namizədi – Əli Kərimli və Isa Qəmbər Ilham Əliyevə rəqib olmaqdan imtina etdi. Səbəb kimi isə seçki şəraitinin qeyri-bərabər olması göstərildi. Buna görə də Ilham Əliyevin prezident postunu tutmaq şansı artdı. 2003-cü il seçkilərində isə Əli Kərimli Isa Qəmbər lehinə addım atsa da, Müsavat başqanı AMIP lideri Etibar Məmmədovla razılaşa bilməmişdi.
Siyasət şöbəsi