Əsəd rejiminin daha bir diplomatı istefa verdi; Suriyanın ən nüfuzlu sünni ailəsinin 2 hərbçi üzvü müxaliflərə qoşuldu
Suriyada vətəndaş müharibəsi davam edir. Hələbdə 9-cu gündür davam edən şiddətli qarşıdurmalar üzündən şəhər boşalmış vəziyyətdədir. Canlarını qutaran şəhər sakinləri yaxın bölgələrə, əsasən də Türkiyəyə sığınır. Bəşər Əsəd rejiminin əmrindəki əsgərlər Hələblə yanaşı, Dəraa, Dəməşq, Homs, Deyr əz Zor, Idlib, Həma kimi şəhərlərdə də müxaliflərə yönəlik hücumları artırıb. Üsyançılarla hökumət qüvvələri arasında gedən döyüşlər nəticəsində 30-dan çox insanın öldüyü bildirilir.
Müxaliflərin sıx olduğu şəhərlərdə hökumət qüvvələri xüsusi amansızlıq göstərir. Ordu Hələbin Səlahəddin, Deyr əz Zor, Sahur, Əz-Zəhra və Sukkeri bölgələrini vertolyot və tanklardan atəşə tutub. Bölgələrdə şiddətli partlayışların baş verdiyi deyilir. Küçə döyüşləri isə adi xarakter alıb. Müxalif hərbçilərin yaratdığı Azad Suriya Ordusu hökumət qüvvələrinə aid çoxlu sayda silah-sursat və 3 tankın olduğu hərbi bazaya hücum edərək oranı nəzarətə götürüb.
Hələbə hücum əmrini şərh edən ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib ki, şəhərdəki hücumlar Bəşər Əsədin sonunu gətirəcək: “Hələb öz xalqına faciə yaşadan Əsədin tabutuna vurulan mismar olacaq”.
Əsəd rejiminə yaxınlığı ilə tanınan, ölkənin ən nüfuzlu ailələrindən sayılan Tlas ailəsinin iki hərbçi üzvü də müxaliflərin tərəfinə keçib. Dəməşqətrafı bölgələrdən olan Guta Şərqiyyədə yerləşən 10-cu diviziyanın 51-ci tank briqadasının komandirləri Suheyr və Ramı Tlas müxaliflərə qatıldıqlarını açıqlayıblar.
Bu arada, Rusiya prezidenti Vladimir Putininin iyunun 26-da Israilə rəsmi səfəri zamanı baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Aviqdor Libermanla Suriyaya dair müzakirələrinin pərdəarxası məqamları mediaya sızıb. “Komsomolskaya pravda” qəzetinin yazdığına görə, görüşdə Netanyahu və Liberman Təl-Əvivin Suriyada baş verənlərdən ciddi narahatlıq keçirdiklərini Rusiya prezidentinə bildiriblər. Görüşün qeydlərinə istinad edən qəzet yazır: “Netanyahu Putinə bildirib ki, ”Suriyaya yönəlik siyasətinizi nəzərdən keçirin və Əsədin yerinə kimin gələcəyini siz seçin. Biz də bu adamı dəstəkləyək. Yetər ki, Iranla dostluq etməsin…”
Bu arada, Əsəd rejiminin daha bir diplomatı – Suriyanın Londondakı səfirliyinin yüksək mövqeli əməkdaşı istefa verib. Bu haqda Britaniyanın Xarici Işlər Nazirliyi məlumat yayıb. BBC-nin məlumatına görə, suriyalı diplomat Xalid Əyyubi verdiyi bəyanatda qərarını ölkəsində dinc əhaliyə qarşı törədilən zorakılıq aktlarıyla əlaqələndirib. O bildirib ki, belə bir hökumətini bundan sonra təmsil edə bilməyəcək.