Tanınmış filosofun film kimi həyatı
Tanınmış ictimai xadim, filosof Niyazi Mehdi dünən lap hind filmlərindəki həyacanı yaşayıb.
O, 34 ildən sonra cəmi bir dəfə gördüyü oğlu ilə görüşüb. Bu barədə xəbəri N.Mehdinin dostu naşir Şahbaz Xuduoğlu “Facebook” səhifəsində yayıb. Onun bildirdiyinə görə, bu, Niyazi bəyin alman xanımdan Moskvada oxuyarkən doğulan oğludur.
Ştefanı Bakıda müşahidə edən Şahbaz Xuduoğlu maraqı qeydlər də edib:
“Sevgi adamı həm keçmişə, həm də ucalığa aparır. Niyazi Mehdi – adi vaxtlarda gərək maşın onu düz evinin qarşısından götürsün. Bir az özünə əziyyət verib nə Təzə Bazarın qarşısına, nə də Yolxucu Xəstəliklər Klinikasının yanına düşməz.
Dünən Ştefanla Qız Qalasının üstünə qalxdı. Maşındakı termometr 42 dərəcəni göstərirdi. “Ştefan çox bəyəndi, çoxlu fotolar çəkdi, qalanın üstündən açılan mənzərəyə valeh oldu”. Valeh olduğunu məndə hiss etdim, çünki aşağı enən kimi, fotoları mənə də nümayiş etdirdi.
Ştefan maraqlı bir fon görən kimi atasını saxlayır, fotosunu çəkir. Bir anlıq hiss etdim ki, sadəcə atasının daha çox şəkilləri olmasını istəyir. Fon sadəcə bir bəhanədir. Ştefan Mehdi ilə “Kiçik qala” küçəsində yeni açılan kafelərin birində oturub çay içdik. Bu fasilədən istifadə edib Ştefandan bir iki sual sordum:
-Ştefan atanla bərabər olduğuna görə xoşbəxtsən?
Ştefan atasına baxıb təbəssümlə deyir:
-Əlbəttə, çox xöşbəxtəm.
-Atanla görüşmək zərurəti nədən yarandı?
-Həyatımda bir qırıqlıq hiss edirdim. Elə bilirdim keçmişlə aramda əlaqə yoxdur, boşluqdur. Atamı tapanda o əlaqəni tapdım və məhz buna görə indi özümü xoşbəxt hiss edirəm. İndi çox rahat və sakitəm.
Natiq