Ziya Məmmədovla Kəmaləddin Heydərov “Azəryolservis” şefini çökdürmək istəyir
Nəqliyyan Nazirliyində kollegiya iclası keçirilib. “Azadlıq”a daxil olan məlumata görə, kollegiya iclasında xüsusilə diqqət çəkən məqam “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun gözə dəyməməsi olub. Doğrudur, “Azəryolservis” şefinin Italiyada olduğu deyilir.
Amma lakin iddia olunur ki, Cavid Qurbanov kollegiya iclasından keçiriləcəyini bildikdən sonra Italiyaya gedib. Yəni, onun iştirakı mümkün imiş, sadəcə özü istəməyib. Bu, son vaxtlar nəqliyyat naziri Ziya Məmmədovla Cavid Qurbanov arasında münasibətlərin gərgin olması ilə izah edilir.
Məlumata görə, Ziya Məmmədov iclasda diqqəti əsasən yol sahəsindəki nöqsanlara çəkib. Yəni, nazir faktiki olaraq Cavid Qurbanovu “vurub”. Oxucuların diqqətinə çatdıraq ki, Ziya Məmmədovla Cavid Qurbanov arasında münasibətlər bir müddətdir ki, pozulub. Məlumatlarda deyilir ki, nazir “Azəryolservis” şefinin önə çıxmasını həzm edə bilmir. Ziya Məmmədov ehtiyat edir ki, Cavid Qurbanov onun postuna gətirilə bilər. Bundan başqa “Azəryolservis” şefinin qardaşı Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi zamanı özfəaliyyətlə məşğul olub. O, Gürcüstan şirkətlərindən biri ilə onlara dəmiryolun tikintisində iş verəcəyi barədə anlaşıb. Lakin sonradan problem yaranıb və şirkət işi ala bilməyib. Məsələ böyüyüb, hətta Gürcüstan prezidenti Saakaşviliyə qədər gedib çıxıb. Bir qədər sonra Azərbaycan rəhbərliyi də məsələdən xəbər tutub. Ziya Məmmədov baş verənləri bildikdən sonra Cavid Qurbanovla sərt danışıb. O, “Azəryolservis” şefindən qardaşının özfəaliyyətilə bağlı izahat tələb edib.
Hesablama Palatasının “Azəryolservis”də yoxlamalara başlaması da Ziya Məmmədovun Cavid Qurbanovu yoxlatdırması kimi dəyərləndirilir. Palata sədri Heydər Əsədovun Ziya Məmmədovun qudası olması belə bir qənaətin formalaşmasına səbəb olub.
Cavid Qurbanov başqa bir nüfuzlu məmurun da hədəfindədir. Bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Məlumatlara görə, “fövqəlnazir” Cavid Qurbanovun bir sıra iri layihələrini dayandırıb. Səbəb bəlli olmasa da, fakt odur ki, Kəmaləddin Heydərovun qadağasına görə “Azəryolservis” şefi həmin layihələri icra edə bilmir.
Hikmət