Deputatın qardaşı oğlunun öldürdüyü şəxs nələrdə ittiham edilirmiş?
Ramal Bayramov ölümündən əvvəl təzyiqlərə məruz qalıb
“Mənim oğlumu sifarişlə qətlə yetiriblər. Onu öldürən şəxs isə bu qətlin icraçısıdır. Onu tutublar, amma biz tələb edəcəyik ki, sifaişçiləri də həbs etsinlər”. Bu sözləri “Azadlıq” qəzetinə “1001 gecə” istirahət kompleksində deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov tərəfindən qətlə yetirilən Ramal Bayramovun anası Nənəş Ismayılova deyib.
Nənəş xanım deyir ki, oğlu onun doğum günündə öldürülüb: “Gəlmişdi məni təbrik etməyə. Bir az tort yedi sonra, dedi gedirəm, tez qayıdacam. Bir qədər keçəndən sonra ölüm xəbərini eşitdim”.
“Deyirdi ki, mənə təzyiq edirlər”
Nənəş Ismayılova və Ramalın əmisi Atlıxan Bayramov qətlin səbəbləri barədə heç nə bilmədiklərini söylələsələr də, bəzi mətləblərə aydınlıq gətiriblər. Sən demə ölümündən əvvəl Ramal Bayramova ciddi təzyiqlər edilirmiş. Bunu mərhumun özü ailə üzvlərinə deyib. “Deyirdi ki, mənə təzyiq edirlər. Amma kimlər edir, bunu demirdi. Mən dəfələrlə soruşdum ki, kimlər təzyiq edir sənə, demədi”, – deyə Atlıxan Bayramov bildirib.
Nənəş Ismayılova isə bu məsələni bir qədər detallı danışıb: “Ramala bundan əvvəl də hücum etmişdilər, güllə atmışdılar. Oğlum yaralanmışdı. O zaman iki nəfər onu güllələyən adamın dalınca düşüb. Amma yolda qəza baş verib və həmin uşaqlar ölüblər. Ramal mənə demişdi ki, həmin uşaqların yaxınları onu ittiham edirlərmiş ki, bu hadisə sənə görə olub. Ramal isə deyirdi ki, mənim heç bir təqsirim yoxdur. Doğrudan da axı Ramalın bu işdə nə günahı ola bilər. Ramal həmin vaxt xəstəxanada əməliyyat olunub. O, həmin uşaqlara deməyib ki, düşün məni vuranın dalınca. O uşaqlar Ramalla dost olublar və buna görə də ona güllə atanı tutmaq istəyiblər. Burada Ramalın nə günahı var axı. Mən bu barədə heç vaxt danışmamışam. Çünki oğlum mənə etibar edərək deyib bunu. Amma indi danışmağa məcburam, istəyirəm, həqiqət üzə çıxsın. Yəqin Ramalın ruhu məni bağışlayar”.
Ramal Bayramovun Dubaydan qəfil qayıdışı
Ramal Bayramov birinci dəfə bu ilin martın 16-da hücuma məruz qalıb. Naməlum şəxs ona 4 güllə atıb. Güllələrdən yalnız ikisi onun sağrı və bud nahiyəsinə dəyib. Məlumatlara görə, Ramal Bayramovla ona güllə atan şəxs arasında Bakıda fəaliyyət göstərən “Infiniti” adlı barda mübahisə düşüb. Onlar mübahisəni bardan kənarda davam etdirmək qərarına gəliblər. Bayıra çıxdıqdan sonra Ramal Bayramov güllələnib. Elə həmin gün Babək prospektində “Porsche” markalı avtomobil saatda 260 kilometr sürətlə yük maşınına çırpılaraq alışıb. Nəticədə maşında olan Firudin Ismayılov və Rəşad Ibrahimov yanaraq kül olublar. Nənəş Ismayılova da bu qəzadan danışır. Onun sözlərinə görə, Firudinlə Rəşad oğluna yardım edərək onu xəstəxanaya çatdırıblar. Sonra isə Ramalı güllələyən şəxsin arxasınca düşüblər. Qəza da həmin vaxt baş verib. Məlumatlara görə isə Firudin Ismayılovla Rəşad Ibrahimov Ramala köməyə gələn zaman qəzaya uğrayıblar. Istənilən halda bu işə görə Ramalı suçlamaq əlbəttə ki, doğru olmazdı. Amma Nənəş xanımın sözlərindən belə anlaşılır ki, Firudin Ismayılovla Rəşad Ibrahimovun yaxınları Ramalı təqsirkar sayırmış. Hər halda ona bu hadisəyə görə təzyiq edilirmiş. Hətta təzyiqlər o dərəcədə ciddi imiş ki, yaxınları Ramala Bakıya dönməməyi tövsiyyə ediblərmiş. Lakin son anda Ramal Bayramov geri qayıdıb. Nənəş Ismayılova deyir ki, bu qəfil olub: “Mən soruşdum ki, bəs niyə qayıdırsan, axı sənə təzyiqlər var. Dedi ki, mənə təzyiq edənlərlə artıq razılaşmışıq. Mən onlara izah etdim ki, günahım yoxdur. Onlar da məni başa düşdülər. Amma mən yenə də dedim ki, bəlkə hələ qayıtmayasan. Dedi ki, artıq bilet almışam, Bakıya gəlirəm. Bildim ki, artıq onu saxlamaq olmayacaq. Gəldi və heç 10 gün keçməmiş öldürdülər balamı”.
Bu qətlin arxasında dayananlar var
Ramal Bayramovun yaxınları birinci hadisə ilə ikinci hadisənin əlaqəli olduğunu söyləsələr də, qətldə Firudin Ismayılovla Rəşad Ibrahimovun yaxınlarının rol aldığını iddia etmirlər. “Mən demirəm ki, bu işi onlar görüb. Mən sadəcə qətldən əvvəl baş verənləri sizin diqqətinizə çatdırdım. Və istəyirəm ki, hüquq-mühafizə orqanları bütün bunları ciddi şəkildə araşdırsın. Ona hansı formada təzyiq olunub, onu kim çağırıb, ”1001 gecə”yə niyə gedib, yanında kimlər olub və s. bu kimi məsələlər araşdırılmalıdır. (Maraqlıdır ki, bu hadisəyə görə heç kim məsuliyyətə cəlb olunmadı-Red) Biz inanmırıq ki, Ramalın qətlində yalnız deputatın qardaşı oğlu təqsirkardır. Ramal heç onu tanımırdı. O, niyə öldürməli idi ki, oğlumu. Biz fikirləşirik ki, bu qətlin arxasında dayananlar var. Kimsə o adama deyib ki, Ramalı öldür”, – deyə Nənəş Ismayılova bildirib.
Atlıxan Bayramov isə Hüseynbala Mirələmovun söylədiyi bəzi fikirlərə aydınlıq gətirib: “O, deyir ki, Ramal Bayramov kriminal aləmə yaxın adam olub. Bu ağ yalandır. Ramal ağıllı, namaz qılan oğlan idi. O uşaq yaşlarında atasını itirib. Mənim himayəmdə böyüyüb. Indiyə qədər bir kimsə Ramalın hansısa əyri iş tutduğunu söyləyə bilməz. O prezidentin əmisi oğlu Ilqar Əliyevin mühafizəçisi işləyib. Krminal aləmə yaxın olan adamı bu işə götürərlərmi? Prezidentin ətrafına buraxarlarmı? Ramalı öldürməkləri bəs deyil, hələ bir ona böhtan atırlar”.
Sonda Ramal Bayramovun yaxınları bildirib ki, qətlin üstünün açılması üçün son ana qədər mübarizə aparacaqlar. “Onun öldürənin tutulması hələ qətlin üstünün açılması deyil. Bu işdə günahkar olanların hamısı cəzalandırılmalıdır. Biz bu istiqamətdə mübarizə aparacağıq. Mən prezidentə, onun xanımına bir ana kimi müraciət edərək bu işi diqqətə götürməsini xahiş edirəm”, deyə Nənəş Ismayılova bildirib.
Vidadi