“The Express”: “İnsan haqlarını pozanlar, vergidən yayınanlar və fırıldaqçılar, xoş gəlmişsiniz”
XXX Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Böyük Britaniya mediasında dünyanın ən nüfuzlu idman turnirini izləyəcək ölkə başçıları müzakirə mövzusuna çevrilib. Bir neçə gün öncə “The İndependent” qəzetində turnirin açılış mərasiminə qatılan ölkə başçılarından bəziləri söz azadlığı və insan haqlarını pozduqlarına görə sərt tənqid olunmuşdu. Demokratik ölkə başçıları bir qrupda, avtoritar liderlər isə başqa bir qrupda göstərilmişdi. Olimpiya Oyunlarını izləmək üçün Londona yollanan Azərbaycan rəhbəri İlham Əliyev Bəhreyn və Ruandanın despot rəhbərləri ilə eyni sıraya salınmışdı.
Bu dəfə isə Britaniyanın nüfuzlu qəzetlərindən biri “The Express” də 2012-ci il London Yay Olimpiya Oyunlarını izləmək üçün Britaniya paytaxtına yollanan “fəxri qonaqlar”ı hədəf alıb. Qəzetin “London 2012: İnsan haqlarını pozanlar, vergidən yayınanlar və fırıldaqçılar xoş gəlmişsiniz” başlıqlı məqaləsində yazır ki, Böyük Britaniya qırmızı xalılar üzərində korrupsioner məmurlar və xarici ölkə diktatorlarını salamlayır. Miliyonlarla funt (Böyük Britaniya pul vahidi-red.) fırıldaqçılar və siyasətçilərin VİP istirahətinə sərf olunacaq. Onlar dəbdəbəli mehmanxanalarda yerləşdiriləcək və şəxsi avtomobil və sürücü ilə təmin olunacaqlar.
“The Express” kəskin tənqidlər fonunda əlavə edir ki, hüquq müdafiəçiləri və adi insanlar bir diktatorun ölkəyə səfərinə etiraz bildirir. Bu neftlə zəngin Azərbaycanın rəhbəri və ölkənin Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevdir. Qəzet daha sonra yazır ki, “Human Rights Watch” və digər beynəlxalq insan haqları təşkilatları Əliyevin söz azadlığına dəhşətli münasibətindən narahatdır:“Onun rəhbərlik etdiyi ölkədə 6 jurnalist uydurma ittihamlarla həbsdədir. Onlarla müxalifət fəalı da həbs dəmir barmaqlıqlar arasına salınıb. Bir neçə ay öncə reportyor İdrak Abbasov peşə borcunu yerinə yetirərkən dövlət neft şirkətinin əməkdaşları tərəfindən huşunu itirənə qədər döyülüb. Azərbaycan bu ilin mayında “Eurovision” musiqi yarışmasına ev sahibliyi edib, olimpiadaya da iddialıdır. Bu ölkədə hüquq-mühafizə orqanlarının əməkdaşları təzyiq aparatının fəallarıdır”.
Turan