İctimai Palata prioritetlərini müəyyənləşdirdi
İctimai Palatanın iyulun 21-də keçirilən sessiyası növbəti mərhələdə qurumun vəzifələrinin müzakirəsinə və prioritetlərinin müəyyənləşdirilməsinə həsr olundu. Bu dəfə sessiyanın işinə İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli sədrlik edirdi. AXCP sədri sessiyanın açılışından sonra müqəddəs Ramazan ayının başlaması münasibətilə İctimai Palata adından Azərbaycan xalqına təbrik etdi.
Bundan sonra ənənəyə uyğun olaraq, ötən müddətdə Koordinasiya Şurasına sədrlik etmiş Vidadi Mirkamalın hesabatı dinlənildi.
“Seçki mühitinin demokratikləşməsi həlledici məsələdir”
Gündəlikdəki birinci məsələ ətrafında Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər çıxış etdi. Müsavat başqanı ölkədəki ictimai-siyasi proseslərə diqqəti yönəldərək, qurumun vəzifələri haqda danışdı. İctimai Palatanın mübarizə davam etdirməsinin vacibliyini vurğulayan İsa Qəmbərin sözlərinə görə, qurumun indiyə qədər irəli sürdüyü təkliflərə hökumət müsbət cavab verməyib.
Müsavat başqanı çıxışında siyasi məhbus probleminə toxunaraq, həbsdə qalmış vicdan məhbuslarının azadlığı uğrunda mübarizəni daha qətiyyətlə və sistemli şəkildə davam etdirməyin vacibliyini qeyd edib: “Vicdan məhbusları Vidadi bəy və Şahin bəyin, eləcə də digər siyasi məhbusların azadlığa çıxması bizim əsas prioritetlərimizdən biridir. İslam Partiyasının sədr müavini Vaqif Abdullayev həbsdə vəfat edəndən sonra həbsdə olan günahsız insanların hamısıyla bağlı narahatlığımız daha da artıb”.
İsa Qəmbər İctimai Palatanın təşkilatlanmasının vacibliyinə də diqqət çəkib: “İşlər görülür, ancaq bu işlər hələlik bizi tam qane eləmir. İctimai Palatanın ölkə miqyasında bütün bölgələri əhatə etməsi məsələsini hələlik həll eləməmişik. Təşkilatlanma məsələsilə bağlı konkret işlər görməliyik. Eyni zamanda, ölkədə həqiqətən demokratik dəyişikliklər istəyən qüvvələrin birliyini təmin etməliyik. Əgər bu qüvvələr İctimai Palatanı demokratik qüvvələrin əsas toparlanma mərkəzi kimi qəbul etməkdə çətinlik çəkirlərsə, o zaman konkret istiqamətlər üzrə funksional birliklər yaradıb irəliyə doğru addımlar atmaq mümkündür”.
Müsavat başqanı çıxışında seçki mövzusu ətrafında da danışdı: “Prioritet istiqamətlərdən biri də seçkidir. İctimai Palata yaradılarkən hədəf seçdiyimiz növbədənkənar parlament seçkiləri ideyası qüvvədə qalır. Amma eyni zamanda, gələnilki prezident seçkiləri də gündəmə gəlir. İstənilən halda, seçki qanunvericiliyində dəyişikliklər, seçki mühitinin demokratikləşməsi, azadlıqların hüdudlarının genişləndirilməsi həlledici məsələdir”.
Təşkilatlanma rayonlardan ayrı-ayrı kollektivlərə keçməlidir
Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə hesab edir ki, İctimai Palata müəyyənləşdirdiyi prioritetləri açıq göstərməlidir: “2012-2013-cü illərdə İctimai Palatanın fəaliyyət prioritetləri olaraq, Koordinasiya Şurası bunları müəyyənləşdirib: İctimai Palatanın təşkilatlanması, demokratik seçki mühitinin yaradılması, demokratik qüvvələrin konsolidasiyası. Yalnız 15 rayonda İctimai Palatanın şöbələri təsis olunmayıb. Lakin dərin təşkilatlanma – yəni, kəndlər, qəsəbələr, idarə və müəssisələr səviyyəsində təşkilatlanma qalıb. Bunu həyata keçirmək lazımdır”.
Demokratik seçki mühitinin yaradılmasına gəlincə, Pənah Hüseynin fikrincə, İlham Əliyev üçüncü dəfə seçkidə namizəd kimi iştirak edəcəksə, bu artıq demokratik seçki mühitinin olmadığı anlamına gəlməlidir: “Demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə həm də İlham Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürülməməsinə nail olmaq istiqamətindəki fəaliyyət kimi başa düşülməlidir. Kütləvi aksiyaların tez bir zamanda başlanması da bura aid etmək olar”.
İnqilab yelləri
Koordinasiya Şurasının üzvü Rahim Hacıyev dünyada, o cümlədən Suriyada baş verən prosesləri geniş təhlil etdikdən sonra bildirdi ki, inqilab yelləri Azərbaycana tərəf gəlir. Buna baxmayaraq, beynəlxalq faktora xüsusi diqqət ayırmağa ehtiyac yoxdur. Əsas məsələ daxildə ciddi hazırlıqların həyata keçirilməsidir.
Növbə səndədir, xalq!
İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanın çıxışı isə radikallığı və emosionallığı ilə yadda qaldı. Hakimiyyətin başında dayanan şəxsləri “qəddar, insanlara, ailələrə zülm edənlər” kimi xarakterizə edən Y.Əmiraslanova bildirdi ki, bu hakimiyyətlə onun öz dilində, ən sərt, çirkin metodlarla mübarizə aparılmalıdır. Mübarizəni isə bütün xalq aparmalıdır: “İctimai Palata kifayət qədər mübarizə aparıb. Küçə və meydanlarda saysız-hesabsız aksiyalar keçirib, tədbirlər təşkil edib, aclıq aksiyalarına əl atıb, üzvləri repressiyaya uğrayıb, hələ də həbsxanada olanları var. İctimai Palata bundan artıq daha etməlidir?! Növbə xalqındır. Xalq özü öz taleyini düşünməli, ona sahib çıxmalıdır, mübarizəyə qalxmalıdır. Xalq bilməlidir ki, bu olmayınca, vəziyyət dəyişməyəcək”.
Aksiyalara başlamalı!
İctimai Palatanın üzvü, Müsavat partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı avqustun sonu, sentyabrın əvvəlindən gec olmayaraq, aksiyalara başlamaq təklifilə çıxış etdi. O, bunun üçün mübarizəyə başlamağın əhəmiyyətindən də danışdı: “Təbii ki, 1988-ci ildə olduğu kimi nəhəng aksiyalar keçirmək imkanımız yoxdur. Mövcud siyasi şərait buna imkan vermir. Ancaq biz resurslarımıza uyğun olan tədbirlər həyata keçirməliyik.
Biz hər gün də bura toplaşsaq, heç nəyi dəyişə bilməyəcəyik. Real siyasi fəaliyyətlə məşğul olub, resurslarımıza uyğun aksiyalar keçirməliyik ki, nəticəyə nail olaq”.
Vicdan məhbuslarına məktub yazın!
İctimai Palatanın üzvü, keçmiş vicdan məhbusu Sahib Kərimov həbsxana həyatının onları qorxutmadığını, bundan sonra daha fədakar mübarizəyə hazır olduqlarını sessiya iştirakçılarının nəzərinə çatdırdı: “Qarşımızda amansız, xalqı saymayan hakimiyyət var. Bu mənada mübarizəmiz sıradan bir mübarizə deyil. Biz nümayiş etdiririk ki, bu ölkədə heç də hamı sınmayıb, geri çəkilməyəcək insanlar var. İctimai Palata bunu mesaj verir. Mübarizə davam edəcək. Biz təşkilatlanmalıyıq. İctimai Palatanın təbliğat tezislərinin müəyyən edilib yayılmasını təklif edirəm. Başqa bir təklifim də budur ki, İctimai Palata üzvlərinin hər biri vicdan məhbsularına məktub yazsın”.
Gənclər qorxmur
İctimai Palatanın üzvü, Müsavat partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı iclasların, konfransların önəmli olduğunu, lakin ölkədə dəyişikliyin kabinetlərdəki iclaslarda yox, meydanlardakı mübarizələrdə yarandığını bildirdi. Odur ki, keçmiş vicdan məhbusu Ramazan ayı başa çatandan sonra paytaxtın mərkəzində kütləvi etiraz aksiyaları keçirməyi təklif etdi: “İlham Əliyevin son çıxışından da görünür ki, onları narahat edən məsələ müxalifətin konfransları, iclasları, sessiyaları yox, kütləvi aksiyalardır. Biz gənclər qorxmuruq, həbsə də hazırıq”.
Aksiya olmalıdır, amma güclü!
İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, yalnız mitinqlərdə hakimiyyəti geri çəkilməyə məcbur edəcək kütləvilik təmin olunduqdan sonra aksiyalar keçirilməlidir: “Burada alovlu çıxış edib buradakı İctimai Palata üzvlərini ilhamlandırmağa ehtiyac yoxdur. Elə etməliyik ki, zəif aksiyalar keçirib hakimiyyətdə arxayınlıq yaratmayaq. Əks halda, keçirilən aksiyalar sonda İctimai Palatanın enerjisinin siyasi məhbuslar ordusunun azad olunması uğrunda mübarizəyə xərclənməsinə gətirib çıxarır. Ötən bir ilin təcrübəsi də bunu söyləməyə əsas verir”.
İctimai Palatanın prioritetləri nələrdir?
Sessiya işinə Əli Kərimlinin İctimai Palatanın prioritetləri barədə ümumiləşdirilmiş çıxışıyla yekun vurdu. Əli Kərimli bildirdi ki, yaxın dövr üçün seçki kampaniyasında iştirak məsələsinin müəyyənləşməsinə qədər əsas prioritet demokratik seçkilərə zəmin yaradılması olacaq: “Bura nələr daxildir?
İlk növbədə ölkədə siyasi məhbus probleminin həlli. Bir ölkədə 70-ə qədər siyasi məhbus varsa, o ölkədə demokratik seçki mühitindən danışmaq yersizdir.
İkincisi, bir ölkədə sərbəst toplaşmaq azadlığı yoxdursa, yenə də demokratik seçki mühitindən danışmaq olmaz. Deməli, biz ona nail olmalıyıq ki, sərbəst toplaşmaq azadlığı bərpa olunsun.
Biz bilirik ki, indiyə qədər seçkilərin hamısını peşəkar saxtakarlar keçiriblər. Bu gün də onlar iş başındadırlar. Ona görə də seçki komissiyalarının dəyişməsi başda olmaqla, seçki qanunvericiliyində zəruri dəyişikliklərin həyata keçirilməsi demokratik seçki mühitinin mühüm şərtidir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsilə bağlı ölkənin bütün demokratik ictimaiyyətinin təmsil olunduğu işçi qrup yaradıb vahid mövqedən bu məsələyə yanaşmanı ortaya qoymağa çalışırıq.
Qarşımıza qoyduğumuz ikinci prioritet ölkənin demokratik qüvvələrinin maksimum birliyinə nail olmaqdır. Burada nələr nəzərdə tutulur?
İlk növbədə ölkənin demokratik qüvvələrinin mərkəzinə çevrilmiş İctimai Palatanı gücləndirmək, onun mərkəzi və yerli qurumlarını genişləndirmək. Eyni zamanda, İctimai Palatadan kənarda qalan demokratik mövqeli ictimai-siyasi qüvvələrlə əməkdaşlığın müxtəlif formalarını tapmaq.
Bu baxımdan, hesab edirəm ki, İctimai Palatanın Ziyalılar Forumu ilə əldə etdiyi əməkdaşlıq haqda razılaşma müsbət başlanğıcdır. Biz artıq payızda birgə ümumdemokratik müşavirə keçirmək barədə razılığa gəlmişik. Bu müşavirənin keçirilməsini konsolidasiya istiqamətində mühüm addım hesab edirik. Bu da bizim qarşımızda duran əsas prioritetdir”.
Əsas rolda xalq!
“Nəhayət, bizim qarşımızda duran əsas vəzifə birbaşa bu prosesdə xalqın iştirakını təmin etməkdir. Seçki qanunvericiliyilə bağlı hazırlayacağımız ən mükəmməl təkliflər də, ictimai-siyasi konsensuslar da özü-özlüyündə kifayət etməz. Azərbaycan xalqının gücünü, təzyiqini ortaya qoymaq lazımdır. Ona görə də kütləvi etiraz aksiyalarının keçirilməsi birinci mərhələdə demokratik seçki mühitinin təmin olunması tələbilə, sonra da əsas məqsədlərimiz istiqamətində olacaq. Onun vaxtını, formasını da birgə müzakirə edib müəyyənləşdirəcəyik”.
İctimai Palata başladığı mübarizəni qələbəylə bitirmək əzmindədir
“Hər kəs bilməlidir ki, İctimai Palata başlatdığı mübarizəni qələbə sonluğuna qədər çatdırmaq qətiyyətindədir. 2011-ci ildə biz mübarizənin yeni mərhələsinə başladıq. Təəssüf ki, o mərhələdə Azərbaycan xalqı hamılıqla iştiraka hazır olmadı. Ona görə də İctimai Palatanın fədakar üzvləri bir qədər azlıqda qaldılar. Hökumət də bundan istifadə edib repressiyalara əl atdı. Bu, birinci dəfə deyildi, bizim həyatımızda belə hallar keçmişdə də baş verib.
Mən çox keçmişə getmirəm, 2003 və 2005-ci illərin repressiyalarını xatırlayaq. Yadıma gəlmir ki, hansısa repressiya dönəmindən biz 2011-ci ildəki qədər çevik və tez reabilitasiya oluna, sıralarımızı bərkidərək çıxa bilək. 2011-ci ildə irimiqyaslı repressiyaya baxmayaraq, cəmi bir neçə ay ərzində təşkilatımızı bərpa edə bildik. Deməli, elə bir mərhələyə gəlib çatmışıq ki, bizə qarşı repressiyalar da böyük, qlobal prosesin qarşısını ala bilmir. Bunlar bizi bir az ləngidə bilər. Bundan sonra da belə hadisələrdən sığortalanmamışıq. Amma hamı bilməlidir ki, bu proses artıq qələbəyə doğru istiqamətlənib. Həm Azərbaycan xalqının daxili istəyi, həm dünyada gedən proseslər onu göstərir ki, daha belə davam eləmək olmaz.
Yeri gəlmişkən, əvvəl Əli Həsənovun, daha sonra isə İlham Əliyevin İctimai Palataya aqressiv münasibəti də bir qiymətdir. Deməli, biz hədəfi vurmuşuq, onluğu vurmuşuq”.
***
Sonda cari məsələlər müzakirə olundu. Vicdan məhbusları Vidadi İsgəndərli və Şahin Həsənliyə azadlıq tələbilə dəstək bəyanatı qəbul edildi.
Natiq