Hakimiyyətin “korrupsiya əllərinin” bu quruma da çatdığı haqda şübhələr var
“Bir ölkədə ki, idman yarışlarını, avropalı məruzəçiləri ələ almaq üçün pul təklif edilir, niyə həmin əllər Avropa Məhkəməsinə də uzanmasın?”
Siyasilər və QHT təmsilçiləri İntiqam Əliyevlə bağlı Türkiyə hökumətinə müraciət edəcək
Ictimai Palata dünən “Avropa Məhkəməsinin Azərbaycanda insan haqlarının qorunmasında rolu və problemlər” mövzusunda dəyirmi masa keçirib. IP Koordinasiya Şurasının üzvləri, ölkənin tanınmış hüquqşünasları və QHT rəhbərlərinin iştirak etdiyi tədbirdə əsas müzakirə mövzularından biri də Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, hüquqşünas Intiqam Əliyevə qarşı Türkiyədə cinayət işinin qaldırılması olub.
“Əsas işlər baxılmamış qalıb”
IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxışının əvvəlində Avropa Məhkəməsini pozulmuş hüquqların bərpası baxımından vacib qurum kimi qiymətləndirdi: “Azərbaycan məhkəmələrinin ya sifarişlə, ya da rüşvətlə qərar çıxardığını hər kəs bilir. Belə bir vəziyyətdə Avropa Məhkəməsi mexanizmindən axıra qədər səmərəli istifadə Azərbaycan üçün çox önəmlidir. Çox qəribə vəziyyət yaranıb. Konstitusiya, qanunlar işləmir, məhkəmələr vətəndaşları eşitmir. Beynəlxalq öhdəliklər var, onların da əksəriyyəti tövsiyə xarakterlidir. Yerinə yetirilməyəndə heç bir sanksiya olmur. Deməli, Azərbaycanla bağlı qərar verib, onu icra etdirə bilən yeganə qurum Avropa Məhkəməsidir. Başqa nüfuzlu beynəlxalq təşkilatların tapşırıqları, tövsiyələri, qətnamələri Azərbaycan hakimiyyəti tərəfindən rahatlıqla qulaqardına vurulur. Deməli, bu mexanizmdən daha səmərəli istifadə etmək lazımdır. Azərbaycan vətəndaşları 2002-ci ildən Avropa Məhkəməsinə müraciət etmək hüququ qazanıblar. Bu illər ərzində Azərbaycanda on minlərlə qanunsuz, ədalətsiz məhkəmə qərarı çıxarılıb. Avropa Məhkəməsinə göndərilən şikayətlər üzrə də 50 qərar çıxarılıb ki, bu, əsl biabırçılıqdır”.
“Biz buna çox uca səslə etiraz etməliyik”
Ə.Kərimli daha sonra Azərbaycanın fəal ictimaiyyətinin Avropa Məhkəməsinə olan iradlarını dilə gətirib: “Azərbaycandan gedən şikayətlərin 90 faizi icraata götürülmür, ”guya baxılmaq həddində deyil” adıyla geri qaytarılır. Bu da Azərbaycan vətəndaşlarının əlini bu quruma üz tutmaqdan soyudur. Müxtəlif prosedur bəhanələri gətirirlər. Belədirsə, niyə Avropa Şurası keçirdiyi layihələrin arasına Avropa Məhkəməsinə şikayətlər göndərməyin qaydaları ilə bağlı təlimləri daxil etmir? Bu ölkədə insan haqlarının təmin edilməsini istəyirlərsə, bunu etməlidilər. Azərbaycana haqlı olaraq irad tuturlar ki, bu boyda ölkənin 800-ə yaxın vəkili var. Bəs niyə, nəzərə almırlar ki, bizim Avropa Məhkəməsinə şikayətlər göndərə biləcək heç 50 vəkilimiz də yoxdur.
Bəziləri deyir ki, Avropa Məhkəməsi çox müstəqildir, ona heç Avropa Şurasının, avropalı siyasətçilərin də təsiri yoxdur. Əgər belədirsə, səhv edirlər. Hər bir qanun pozuntusunun törədildiyi şərait və hallar mütləq nəzərə alınmalıdır. Bu pozuntular hansı hallarda baş verib? Məhkəmə bunu araşdırmalıdır. Söhbət, siyasi azadlıqların vəziyyətinə görə 167-ci yerdə olan, müstəqil məhkəmə hakimiyyətinin olmadığını ATƏT-in rəsmən təsdiq etdiyi, siyasi məhbusların olduğunu Avropa Şurasının təsdiq etdiyi bir ölkədən gedir. Avropa Məhkəməsi Avropa Şurasının qurduğu bir quruluşdur. Avropa Şurasının özü Azərbaycan üçün dəfələrlə siyasi məhbuslar üzrə məruzəçilər müəyyənləşdirib. Sübut olunub ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur və siyasi məhbuslar var. Bütün bunları bilə-bilə hansısa formal prosedurlar əsasında Azərbaycandan gələn işlərin 90 faizini bəri başdan qəbul etməmək çox böyük səhvdir və biz bu məsələ ilə bağlı etiraz səsimizi qaldırmalıyıq. Avropa Məhkəməsinin statusu imkan verir ki, bir sıra hallarda işlərə növbədənkənar baxılsın. Insan həyatından, ekstradisiyadan, ağır xəstəlikdən söhbət gedirsə, bu cür işlərə növbədənkənar baxmaq olar. Azərbaycanla bağlı yalnız Eynulla Fətullayevin və Sərdar Cəlaloğlunun işinə prioritet qaydada baxılıb. Insanların 7-8 il həbsdə saxlanıldığı, siyasi məhbusların həbsxanada öldüyü bir ölkədə cəmi iki işə prioritet qaydada baxılıb. Biz buna çox uca səslə etiraz etməliyik.
Bugünlərdə növbəti dəfə Azərbaycan həbsxanalarında ağır xəstə olan adam – Islam Partiyasının sədr müavini Vaqif Abdullayev dünyasını dəyişdi. Hazırda həbsdə olanlar arasında da ağır xəstəlik keçirənlər, həyatı təhlükədə olanlar var. Niyə bu işlərə prioritet qaydada baxılmamalıdır? Biz ictimaiyyət olaraq səsimizi qaldırmalıyıq”.
“Zəhmət olmasa, ədalət meyalarlarınızı təkmilləşdirin”
Kompensasiya məsələsində də ədalətsizliyə və ayrıseçkiliyə yol verildiyini deyən Ə.Kərimli bunun da önəmli məsələ olduğunu bildirdi: “Seçki hüququmun pozulduğu təsbit olunursa, o zaman mənə dəyən ziyan niyə tam ödənməməlidir? Bəlkə bu hakimiyyətin imkanı yoxdur? Niyə hökumət vətəndaşlara vurduğu zərər qədər cərimələnmir? Adama işgəncə verilir, bunun müqabilində 7-8 min avro təzminat ödənir. Məsələn, Sərdar bəy işgəncələr zamanı elə xəsarət alıb ki, bunu bütün ömrü boyu hiss edəcək. Bu nə siyasətdir? Biz bunu ədalət saymırıq. Zəhmət olmasa, ədalət meyalarlarınızı təkmilləşdirin. Deməli, biz Avropa Məhkəməsinin kompensasiya siyasətinə də qəti etiraz bildirməliyik. Bunu çox açıq şəkildə deməli, yazmalı və müraciətlər etməliyik. Sadalanan məsələləri Avropa Məhkəməsinin, Avropa Şurasının, Avropa mediasının diqqətinə çatdırmalıyıq. May ayında Avropa Məhkəməsinin Yunanıstandan olan hakimi 50 şikayəti bir gündə ”yararsızdır” bəhanəsi ilə geri qaytarıb. Bir şikayəti hazırlamaq üçün bizim hüquqşünaslar aylarla iş görürlər. Bir gündə 50 işə baxıb qiymət vermək fiziki cəhətdən mümkündürmü? Deməli, kiminsə sözünü deyir. Mən o hakimin qərarlarını əsassız, ədalətsiz, hüquqşünasa yaraşmayan iş sayıram. Biz konkret olaraq bu adama da etiraz etməliyik. Biz bunu məhkəmə xətası saymırıq. Bir ölkədə ki, idman yarışlarını, Avropa Şurasının məruzəçisini, Avropanın parlamentarilərini ələ almaq üçün pul təklif edilir, niyə şübhələnməyək ki, artıq Avropa Məhkəməsinə də hansısa əllər uzanıb? Biz bu barədə danışmasaq, kim danışacaq? Bu barədə açıq danışmaq, yazmaq, Avropa mediasına çıxmaq, bütün vasitələrlə həyəcan təbili çalmaq lazımdır. Vətəndaşlara da müraciət edirik ki, haqlarını tələb etsinlər, Avropa Məhkəməsinə şikayətlər göndərsinlər. Gəlin, imkan verməyək ki, bu saxtakar maşın rahatlıqla öz işini görsün”.
“Türkiyə hökuməti demokratik düşərgənin mövqeyindən xəbərdar olmalıdır”
AXCP sədri daha sonra Intiqam Əliyevlə bağlı görüləcək işlərə də toxundu: “Bizi narahat edə bu məsələin üzərindən keçə bilmərik. Hüququnu müdafiə edə bilməyən yüzlərlə-minlərlə insana sözçü olan, Azərbaycanın ən yaxşı hüquqşünaslarından biri Intiqam bəy özü çox ciddi bir problemlə qarşılaşıb. Ya məmur xətasıdır, ya siyasi sifarişdir. Hər nədirsə, Intiqam bəylə bağlı məsələ deyil. Subyektiv və səhv məsələdir. Yaxşı halda səhv, pis halda cinayətdir. Qardaş Türkiyədə Intiqam bəyə cinayət işi qaldırılıb. Birinci dəfə bu xəta baş verəndə biz səsimizi ucaltdıq, fikrimizi bildirdik, səfirliyə müraciət etdik. Ümid etdik ki, məsələyə diqqətlə yanaşılacaq, bu səhvdən imtina ediləcək. Çox təəssüf ki, bu səhv davam etdi. Hamımız – həm ölkənin siyasi partiyaları, həm də ictimaiyyət nümayəndələri razılığa gəlib Türkiyənin dövlət rəhbərlərinə müraciət edək. Bu məmur xətasıdırsa, düzəltsinlər. Yox, bunun arxasında hansısa məkrli niyyət varsa, biz onlara izah etməliyik ki, bu cür adam böhtana məruz qalmamalıdır. Qardaş deyib arxa çevirdiklərimiz bunu etməməlidir. Bu, Intiqam bəyin şəxsi işi deyil. Vətəndaş cəmiyyəti olaraq ümumi işimizdir. Türkiyə hökuməti Azərbaycanın demokratik düşərgəsinin bu məsələ ilə bağlı mövqeyindən xəbərdar olmalıdır”.
“Hamılıqla qarşı çıxmasaq, Avropa Məhkəməsini də əlimizdən alacaqlar”
Hüquqşünas Ənnağı Hacıbəyli bildirdi ki, bu gün Azərbaycanda çıxarılan ədalətsiz qərarlara qarşı yeganə təsir vasitəsi Avropa Məhkəməsidir: “Bir neçə qərar çıxandan sonra Azərbaycan hakimiyyəti təhlükənin haradan gəldiyini dərk elədi və onun qarşısını almaq üçün dərhal çox effektiv tədbirlər görməyə başladı. Bir gündə 50 qərarın imzalanmasının səbəbi budur. Ikincisi, niyə bu şikayətlərin göndərilməsində cəmi 10-15 vəkil məşğul olur? Intiqam Əliyev, Qurban Məmmədov, Əvəz Temirxan və başqaları Vəkillər Kollegiyasına ona görə qəbul edilmir ki, ölkə daxilində hüquqi müstəvidə mübarizə aparan insanların sayı mümkün qədər az olsun. Son illər siyasi işlərə çıxan bir neçə vəkil Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Onların da məhkəmələrə müraciətləri heç bir nəticə vermir. Bunun səbəbi Azərbaycanda baş verən qanunsuzluqlara qarşı mübarizənin qarşısını almaqdır. Niyə işlərə prioritet qaydada baxılmır? Bu, azərbaycanlı hakimin hakimiyyəti müdafiə etməsi və ölkəmizlə bağlı şikayətləri ”sabotaj” etməsi ilə bağlıdır. Bütün prioritet istiqamətli işlər kənara qoyulub. Hakim hakimiyyətin adamı, dəftərxananın işiçi hakimiyyətin adamı. Nəticədə də bu işlər otalıqda qalıb. Hamılıqla buna qarşı çıxmasaq, hakimiyyət əlimizdə yeganə vasitə olan Avropa Məhkəməsini də əlimizdən alacaq”.
Vəkil Əsabəli Mustafayev hesab edir ki, hakimiyyət Avropa Məhkəməsində Azərbaycanın əleyhinə çıxarılan qərarların özü üçün təhlükə olduğunu bilir: “2005 seçkisi ilə bağlı 20-dən artıq iş var. Hökumət anlayır ki, bu işlərin uduşlu olması parlamentin legitimliyini şübhə altına qoyur. Elə bu səbəbdən də həmin qərarların qarşısını almaq üçün ən müxtəlif vasitələrə əl atır”.
Hüquqşünas Hafiz Həsənov bildirdi ki, bu cür tədbirlərin əhəmiyyəti çox böyükdür. Amma konkret nəticə əldə etmək üçün daha təsirli fəaliyyətə ehtiyac var: “Dinləmələr oldu, bunun faydası hədsiz dərəcədə çoxdur. Amma bunun davamlılığını təmin etmək üçün nəsə fikirləşmək lazımdır. Məsələn, Avropa Məhkəməsinin hakimlərindən, yaxud məhkəmənin dəftərxanasında çalışanlardan birini Azərbaycana dəvət etmək, onların ölkənin gerçəklikləri ilə yerindəcə tanış olmasını təşkil etmək olar”.
“Yunan hakimlə bağlı kampaniya başladılsın”
ALP sədri Əvəz Temirxan isə təklif etdi ki, Azərbaycanla bağlı 50 işi geri qaytaran yunan hakimlə bağlı kampaniya başladılmalı, məsələ ilə bağlı Yunanıstan səfirliyinə müraciət edilməlidir: “Həmin hakimin soyadı Sicilyanodur. Təklif edirəm ki, bu ayı ”Sicilyano ayı” elan edək və bu adamın korrupsiyaya uğradığı ilə bağlı kampaniya başladaq”.
I.Əliyevlə bağlı məsələyə də toxunan Ə.Temirxan siyasi partiya liderlərinin Türkiyənin Azərbaycandakı səfiri ilə görüşməsini vacib saydı: “Səfir bu yaxınlarda ölkəsinə gedəcək. Biz məsələni onun diqqətinə çatdırsaq, əmin olun ki, o da ölkəsinin rəhbərliyini xəbərdar edəcək”.
IP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn I.Əliyevin müdafiəsi istiqamətində bütün lazımi tədbirlərin görüləcəyini və vətəndaş cəmiyyətinin istisnasız olaraq bu prosesdə fəal iştirak edəcəyini bildirdi.
“Intiqam Əliyev Azərbaycan hüquqşünaslarının vicdanıdır”
Hüquqşünas Qurban Məmmədov isə bildirdi ki, Intiqam Əliyev son 30 ildə Azərbaycan hüquqşünaslarının vicdanına çevrilib: “Intiqam bəyə atılan daş bu vicdana atılan daşdır. Hesab edirəm ki, Əli bəy və Isa bəy Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb məsələni onun diqqətinə çatdırmalıdır”.
Müsavat başqanı Isa Qəmbər bildirdi ki, son illər Avropa Şurasının bütün institutları yararsız hala düşüb: “AŞPA dişsiz, mənasız quruma çevrilib. Nazirlər Şurası formal fəaliyyət göstərir. Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin hüquqi əlavəsinə çevrilib. Yeganə Avropa Məhkəməsidir ki, müraciətlərə baxırlar, gec də olsa obyektiv qərarlar qəbul edirlər. Sadəcə onların diqqətinə çox ciddi şəkildə çatdırmalıyıq ki, qəbul etdikləri qərarların icrasına nəzarəti gücləndirsinlər. Avropa Məhkəməsi ilə bağlı əsas iradlarımız işlərə prioritet qaydada baxılmasıdır. Amma son vaxtlar məlum oldu ki, Azərbaycan hakimiyyətinin ”korrupsioner əlləri” o instituta da uzanmaqdır. Biz vəkillərimizə, hüquqşünaslarımıza minnətdarıq ki, bu cür böyük saxtakarlıq maşınının qarşısında haqqı, ədaləti müdafiə etməkdə davam edirlər. Eyni zamanda onların işinin də çox ağır olduğunu qəbul etməli, mümkün qədər dəstək verməyə çalışmalıyıq”.
“Intiqam bəyin müdafiəsi bizim üçün şərəf məsələsidir”
Intiqam Əliyevin müdafiəsindən də söz açan Müsavat başqanı bu məsələnin ilk gündən rəhbərlik etdiyi partiyanın diqqətində olduğunu dedi: “Intiqam bəy hələ mən 93-cü ilin iyun hadisələrində həbs olunarkən vəkilim olmuşdu. O vaxt gənc bir vəkil idi. Amma eyni prinsipiallıq, eyni cəsarətlə işləyirdi. Həddən artıq savadlı, diqqətli, güclü bir vəkil idi. Intiqam bəyin hüquqlarını müdafiə etmək bizim üçün şərəf məsələsidir. Biz bu məsələni bir daha müzakirə edib lazımi addımları atacağıq. Bu olayın təsadüf olduğunu zənn etmirəm. Bu, daha çox sifarişə bənzəyir. Bu sifarişin bir məqsədi Azərbaycanın ləyaqətli vəkillərindən birinə zərbə vurmaq ola bilərsə, bir məqsəd də Azərbaycanla Türkiyənin arasına xal salmaq ola bilər. Bunu da Türkiyənin dövlət adamlarına çatdırmaq lazımdır”.
Ictimai Palata iki nüfuzlu quruma müraciət qəbul etdi
Tədbirin yekunu olaraq Avropa Şurası Nazirlər Kabinetinə və Avropa Məhkəməsinin prezidentinə müraciət qəbul olunub. Avropa Şurası Nazirlər Kabinetinə ünvanlanan müraciətdə deyilir ki, Azərbaycan hökumətinin Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı atdığı addımlar barədə ictimaiyyətə demək olar ki, heç bir məlumat verilmir: “Qurbanlara kompensasiyanın ödənilməsindən başqa qanunvericilikdə, onun tətbiqi təcrübəsində hansı işlərin görüldüyü və ya planlaşdırıldığı barədə cəmiyyətə məlumatsızdır. Hökumət bu sahədə də müzakirələrə açıq deyil. Hesab edirik ki, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətindən Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı bu qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin icra etməsini daha təkidlə tələb etməlidir”.
Avropa Məhkəməsinin prezidentinə ünvanlanan müraciətdə isə bildirilir ki, 2012-ci ilin iyun ayı ərzində 50-yə yaxın ərizəçinin şikayəti qəbul olunmayıb: “Belə ki, ərizələrin adı və nömrəsi nümayəndənin adı istisna olmaqla bütün cavabların məzmun eynidir. Narahatlığın birinci səbəbi həm Azərbaycandan olan hakim Xanlar Hacıyevin Azərbaycan siyasi hakimiyyəti ilə sıx bağlılığı olan şəxs kimi tanınması, ölkə içində hakimlik fəaliyyəti dönəmində hökumətin siyasi sifarişlərini yerinə yetirən hakim kimi ad çıxarmasıdır. Daha bir narahatlıq Məhkəmə Katibliyinin hüquqşünası Vüqar Fətəliyevlə bağlıdır. Azərbaycan üzrə şikayətlərin qəbuledilənliyi ilə bağlı qərarların mətnini o hazırlayır. Nəticədə tək hakim Azərbaycan dilində yazılan mətnin məzmununu bilmədən ona təqdim olunmuş tam olmayan məlumatlara əsasən qərar çıxarmaq məcburiyyətində qalır. Bir hakimin (Linos Alekxandre Sicilianos) bir gündə – 2012-ci ilin mayın 10-da 50-yə yaxın şikayətə baxıb və onların qəbuledilməyən olmalarına dair qərar çıxarıb. Vüqar Fətəliyev də Azərbaycan toplumunda, o cümlədən yerli hüquqşünaslar arasında hökumətlə sıx bağlı şəxs kimi qəbul edilir. Belə təcrübə tək Azərbaycan üçün deyil, həm də Avropa Məhkəməsinin özü üçün zərərlidir. Hesab edirik ki, Avropa Məhkəməsində fəaliyyət göstərən Azərbaycan üzrə katibliyin işinin ciddin araşdırılmasına, o cümlədən mayın 10-da verilən qərarların qəbulunda subyektiv amillərin rol oynayıb – oynamadığının ciddi araşdırılmasına ehtiyac var. Avropa Məhkəməsi yüksək statusuna və nüfuzuna uyğun qərarların çıxarılmasının qayğısına qalmalıdır”.
Gültəkin