Əlövsət Osmanlı: “Görünür, bu dəfə həkim-psixoloqluq işə keçmir, ona görə də millət vəkili diplomatiyadan mədəd umur”
Qəzetimizin srağagünkü sayında Təhsil Nazirliyi və TQDK arasında qızışmaqda olan mübahisələr barədə millət vəkilləri Əhməd Vəliyev, Gülçöhrə Məmmədova, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı və Aydın Mirzəzadənin fikirlərini dərc etmişdik. Bu fikirlər oxucularımız arasında geniş rezonansa səbəb oldu. Ona görə də ekspert rəyinə ehtiyac duyduq və riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik.
Əlövsət müəllim millət vəkillərinin Azərbaycan təhsili ilə bağlı fikirlərilə çoxdan tanış olduğunu bildirdi: “Onların fikirlərində elə bir yenilik görmədim, demək olar, həmişə dediklərinin təkrarıdır. Amma Aydın Mirzəzadənin söylədikləri mənə çox qəribə göründü. Əlbəttə, o, bilavasitə təhsil sahəsinin adamı deyil. Bidiyim qədəri, inşaatçıdır, sonralar siyasi təhsil alıb, indi də Milli Məclisin təhlükəsizlik komitəsinin sədr müavinidir. Ona görə də hesab edirəm ki, Aydın müəllimdən təhsilin spesifik problemlərilə bağlı mötəbər fikir ummaq doğru olmaz. Əslində, mən, bir vətəndaş, bir təhsil eksperti olaraq Aydın müəllimin məsələyə milli təhlükəsizliyin əsas komponentlərindən biri olan hərbi təhlükəsizlik baxımından yanaşacağını gözləyirdim. Onun söylədiyi fikirsə tamamilə başqa sahəyə – diplomatiyaya aiddir: ”Hər iki qurum (TQDK və Təhsil Nazirliyini nəzərdə tutur – red.) işinə məsuliyyətlə yanaşır!”.
Ümumtəhsil məktəbinin direktorunu, müəllimini, metodistini, psixoloqunu Təhsil Nazirliyi seçib təsdiq edir, dərslikləri və digər tədris vəsaitlərini də həmçinin. Təhsil müəssisələrində oxuyanların bu il yalnız 70 mini attestat alıb. Amma statistikaya görə, 1-ci sinfə gedəndə onların sayı 70 min yox, 133 min olub. Sadə dildə desək, 63 min şagird təhsil sistemimizdə baş verən rəzalət nəticəsində orta məktəbi bitirməyib. Yəqin ki, bitirməyənlərin heç olmasa 30 mini oğlandır və onlar sabah milli ordumuzun əsgəri olacaqlar. Əgər Aydın müəllim deyən kimi, “Təhsil Nazirliyi işinə məsuliyyətlə yanaşır”dısa, onda bu rəzalət nədir?! Onun günahkarı kimdir? Ona görə də Mirzəzadədən soruşmaq istəyirəm: Hörmətli millət vəkili, 11 illik təlim-tərbiyə prosesində sadələşdirilmiş qaydalarla attestat almaq qabiliyyətinə belə yiyələnə bilməyən bu zavallılar ən müasir silah və döyüş vasitələri ilə təchiz olunan ordumuzda necə xidmət edəcəklər?
Həyəcanını gizlədə bilməyən ekspert daha sonra orta məktəblərdə savadsızlığın baş alıb getdiyini söylədi: “TQDK sədri nə deyir?! Deyir ki, bu gənclərin xeyli hissəsi yazı yazmağı, adi hesab əməllərini yerinə yetirməyi bacarmır. Indi Aydın Mirzəzadə desin: Məgər bunlardan da onun xəbəri yoxdur? Bəyəm o, belə əsgərlərin əlindən dad edən zabitlərimizlə də rastlaşmayıb? Müasir döyüş vasitələrinin əksəriyyəti riyazi biliklər tələb edirsə, onları ”iki eşşəyin arpasını bölə bilməyən” bir əsgərə necə etibar etmək olar?! Əgər etibar etsək, bu, nə ilə nəticələnər?! Hərbi ekspertlər ordumuzun “Kalaşnikov” avtomatı əvəzinə, ən müasir “Tavor”la silahlanmaqda olduğunu bildirirlər. Bir vətəndaş olaraq bu qərarı mən də alqışlayıram. Amma dünya KIV-ləri onu da qeyd edirlər ki, belə bahalı və xüsusi hazırlıq tələb edən silahları “hər yoldan ötənə” tapşırmaq olmaz!”.
Sonda Əlövsət Osmanlı millət vəkilinin xeyli əvvəl də təhsilimizlə bağlı əcaib fikirlər söylədiyini bildirdi: “Bildiyiniz kimi, üç il öncə qəbul imtahanlarının nəticələri çox pis olmuşdu. Onda Aydın müəllim bunun səbəbini olduqca qəribə şəkildə – həkim-psixoloq kimi izah etdi: ”1992-ci ildə, yəni müharibənin qızışdığı həmin dövrdə evlənən, yaxud evlənmək istəyən gənclərin, qızların böyük həyəcan keçirdiyi vaxt idi. Həkimlər yaxşı bilir ki, həyəcanlı dövrdə doğulanlar fərqli olur…”. Təbii ki, bu sözləri o, Misir Mərdanovu müdafiə baxımından deyirdi. Görünür, bu dəfə həkim-psixoloqluq işə keçmir, ona görə də millət vəkili diplomatiyadan mədəd umur”…