Vahid Məhərrəmov
İqtisadçı-ekspert
Ziyalılar, yeni nəsil nümayəndələri bilməlidir ki, ölkənin bu formada idarə edilməsi perspektivi yoxdur.
Uzun müddət idarəetməni əlində saxlayan indiki hakimiyyət ölkədə normal biznes mühiti yaradılması üçün çalışmadı, əksinə, hökumətdə təmsil olunan oliqarx-məmurlar iqtisadiyyatın onurğa sütununu təşkil edən sahibkarlığın inkişafının qarşısında əngəl olublar.
Eyni zamanda, kiçik və orta biznesi sıxışdıraraq sahibkarlara mənsub olan biznesi, torpaq ərazilərini, tikililəri əllərindən alıb, özəlləşdirməklə məşğul olublar.
Ələ keçirdikləri və yaratdıqları müəssisələrdə, obyektlərdə qurduqları qeyri-səmərəli biznesi isə dövlət büdcəsi hesabına maliyyələşdirərək büdcə vəsaitlərini talan ediblər. Azərbaycana neft-qaz satışından indiyədək 100 milyard dollardan artıq maliyyə vəsaiti gəlsə də, həmin vəsaitlərə 5-10 nəfər oliqarx-məmurlar sahib çıxıb.
Bu qədər maliyyə axını müqabilində ölkəmizdə sənaye, kənd təsərrüfatı, turizm inkişaf etdirilmədi, gəlirli sahələrə çevrilmədi, işsizliyin aradan qaldırılması üçün yeni iş yerləri yaradılmadı. Insanların neft gəlirlərinə bəslədikləri ümidlər puç oldu.