Herman van Rompuyun səfər proqramını Bakıda necə pozdular
Avropa Birliyinin prezidenti Herman van Rompuy iyunun 5-də Bakıda səfərdə olub. Rompuy səfər çərçivəsində ölkə başçısı Ilham Əliyevlə görüşüb. Görüş nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Görüşdən sonra AB və Azərbaycan prezidentləri media qarşısında çıxış ediblər. Müstəqil yerli mətbuat tədbirə buraxılmayıb (“Turan”).
Rompuy demokratiyadan, Əliyev qazdan danışdı
Rompuy görüşdə bir sıra ikitərəfli və regional məsələlərin müzakirə olunduğunu deyib. O, AB ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi və dərinləşməsi, “Azərbaycan və Avropa Birlıiyi üçün strateji əhəmiyyəti” olan “Cənub dəhlizi” və “Transxəzər” boru kəmərləri layihəsinin reallaşdırılması məqamlarını xüsusi vurğulayıb.
AB prezidenti deyib ki, Türkiyə ilə Azərbaycan arasında “Cənub dəhlizi”nin şanslarını artıran “Transxəzər” boru kəməri məsələsinə dair sazişin bağlanmasını alqışlayırlar. Eyni zamanda yeni Assosiativ saziş üzrə, o cümlədən ticarət və investisiya üzrə danışıqları fəallaşdırmağı vacib bilirlər.
“Mən sizi, prezident Əliyev, ”Şərq Tərəfdaşlığı”nın Azərbaycana verdiyi imkanlardan yaxşı istifadə etməyə çağırıram. Avropa Birliyi və region sabit, inkişaf edən, tolerant, demokratik islahatlara və modernləşməyə sadiq Azərbaycana ehtiyac duyur”, – deyə Rompuy bəyan edib.
AB prezidenti qeyd edib ki, I.Əliyevlə görüşdə fəal vətəndaş cəmiyyətini möhkəmləndirməyin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, islahatların tamhəcmli inkişafı və insan haqları əsas prioritetlərdən biri kimi qalacaq. Bunlar həm də uzunmüddətli uğurlara şərait yaradacaq.
AB prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Qeyd edib ki, təmas xəttində ciddi silahlı insidentləri narahatlıqla qarşıalyır, insanların ölümünə dərindən acıyır. “Münaqişə hərbi güclə həll edilməyəcək. Yalniz danışıqlar yolu ilə, dinc vasitələrlə regiondakı status-kvonu təhlükəsiz və inkişaf edən gələcəyə döndərmək olar”, – deyə Rompuy bildirib. Onun fikrincə, Azərbaycan və Ermənistan Madrid prinsipləri əsasında “etibarlı və dinc tənzimləməyə nail olmaq üçün” qərar qəbul etməlidir. Hər iki ölkə prezidentlərin ATƏT-in Minsk qrupu çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Hər iki tərəf atəşkəsə ciddi əməl edərək təmkin göstərməli, kütləvi bəyanatlarında düşmənçilik ritorikasından çəkinməlidirlər.
Ilham Əliyev isə çıxışında bildirib ki, Azərbaycan Avropa Ittifaqı ilə enerji əməkdaşlığına tərəfdardır və Xəzərin karbohidrogen ehtiyatlarının dünya və Avropa bazarına çatdırılması təşəbbüsünü irəli sürən ilk ölkədir.
Ölkə başçısı deyib ki, Azərbaycan bundan sonra da Avropadan olan tərəfdaşların enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək.
Ilham Əliyev Qarabağ münaqişəsində də danışıb. O, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirmədiyini vurğulayıb.
AB prezidentinin proqramını pozdular
Rompuy daha sonra Azərbaycan Dillər Universitetində ölkənin fəal ictimaiyyət təmsilçiləri və dipkorpus nümayəndələri qarşısında çıxış edib. O, çıxışında regionda təhlükəsizlik və sabitliyə nail olmağın zəruriliyindən, vətəndaş cəmiyyətinin demokratik inkişafa dəstək verməsinin əhəmiyyətindən danışıb. “Biz Avropa Birliyi olaraq Azərbaycanla əlaqələri dərinləşdirməkdə maraqlıyıq. Iddialarımıza, məqsədlərimizə o zaman çata bilərik ki, əlaqələrimizi regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması şəraitində yaradaq”, – deyə AB prezidenti bildirib.
Rompuy çıxışında AB-nin öz qonşuları ilə münasibətdə vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verdiyini vurğulayıb: “Bizim şərq qonşularımızla münasibətlərimiz təkcə iqtisadi əməkdaşlıq üzərində qurulmayıb, biz vətəndaş cəmiyyətinə böyük önəm veririk. Vətəndaş cəmiyyətləri nə qədər çox fəal olarsa, demokratiyanın daha çox dərinləşdiyini görərik. Demokratik islahatların həyata keçirilməsi, insan hüquqları, qanunun aliliyinin təmin olunması Avropa Birliyi ilə əməkdaşlığın inkişafına da öz töhfəsini vermiş olar”.
Rompuy həmçinin, 2011-ci il 2 aprel aksiyası zamanı həbs olunanların azadlığa buraxılmasını müsbət addım kimi dəyərləndirdiyini deyib. Onu da qeyd edib ki, Avropa Birliyi islahatların davam etdirilməsi və dərinləşməsində Azərbaycana dəstək verir (AzadlıqRadiosu).
AB prezidenti Dağlıq Qarabağ probleminə buradakı çıxışında da toxunub. Vurğulayıb ki, qonşular arasında təhlükəsizlik və sabitlik bərqərar olmasa, regionda tam iqtisadi və siyasi inkişafdan danışmaq olmaz. “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək səylərini davam etdirəcək. Bölgədə sabitlik yaranmayınca bir çox planı həyata keçirmək mümkün olmayacaq. Biz çalışacağıq ki, heç bir şərt olmadan Avropa Birliyinin Dağlıq Qarabağ və ətraf rayonlar üzrə xüsusi nümayəndəsi regiona çıxış əldə etsin. Avropa Birliyi hər iki tərəfə ciddi çağırış edir ki, atəşkəsə əməl etsin, vəziyyəti gərginləşdirməsin. Hədə-qorxunun səsləndirilməsi, gücün tətbiqi bu münaqişənin həllinə gətirib çıxarmayacaq”.
Tədbirdə AB prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib. Fəxri doktorluq diplomunu on universitetin rektoru Səməd Seyidov təqdim edib. Seyidov yarızarafatla deyib ki, prezident vəzifəsi müvəqqətidir, doktorluq isə əbədi. Rektor Rompuyun universitetdə çıxışını gələcəkdə də gözləyəcəklərini bildirib.
Tədbirdə əvvəlcədən AB prezidenti ilə sual-cavab da nəzərdə tutulub, lakin bu baş verməyib. Görüş elan olunduğu vaxtdan bir saat gec başlayıb. AB prezidenti çıxışını bitirəndən sonra isə S.Seyidov qonağın cədvəlinin sıxlığını əsas gətirərək sualların səslənməsinə imkan verməyib və onu universitetdən tələsik yola salıb.
İnformasiya şöbəsi