AZAL şefi London olimpiadası ilə bağlı öhdəliyini yerinə yetirə biləcəkmi?
AZAL-ın və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərovun başı üzərini qara buludlar alıb. Mötəbər mənbədən aldığımız məlumata görə, olimpiyadaya 6 idmançı ilə gedəcək ağırlıqqaldıranlardan azı bir medal qazanılması istənilib.
Hətta vəziyyət o həddə çatıb ki, Cahangir Əsgərova bildirilib ki, 2008-ci il Pekin olimpiyadasında medal vəd edərək nəticə göstərməməsi yaddan çıxmayıb. Əgər bu dəfə də medal verilməsə nəinki federasiyanın, AZAL-ın prezidentliyindən də gedəcək. Iqtidarın ən yüksək kluarlarında müzakirə olunan bu mövzunu maraqlıdır ki, AAAF-ın icraçı direktoru Isgəndər Əsgərov da qismən təsdiqləyib.
Mətbuata verdiyi açıqlamasında o beləcə də deyib. Sitat: “London olimpiadası ağırlıqqaldıranlarımız üçün son şansdır. Yenə medal olmasa, federasiyamızın daxilində, hətta rəhbərliyində ciddi dəyişikliklər baş verə bilər”.
Görün ağırlıqqaldıranlara özünəməxsus diqqət hansı vəziyyətdədir ki, Əsgərov olimpiya medalı qazanmaq üçün məqamı qaçırmaqdan bərk narahatdır. Lent.az-a verdiyi açıqlamada yenə deyir: “Onlar anlamalıdırlar ki, olimpiadadan medalsız qayıtmaq olmaz. Bizə olimpiya medalı hava və su kimi lazımdır. Məşqçilərimiz dəyişib, şərait daha da yüksəlib. Onların hamısı ciddi nəzarətdədir. Hətta suyu da özümüz veririk”.
Xatırladaq ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizi 5 kişi, 1 qadın ağırlıqqaldıran təmsil edəcək. Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq), Ivan Stoitsov (85 kq), Intiqam Zairov (94 kq), Veliçko Çolakov (+105 kq) kişilərin, Boyanka Kostova (58 kq) isə qadınların mübarizəsinə qatılacaq. Əvvəlki olimpiadaların hamısında ölkəmiz bu növdə də təmsil olunduğu halda, medalsız qalıb.
Hikmət