Tehranın Hörmüz boğazını bağlamaq hədəsi Vaşinqtonu hərəkətə gətirdi; regionda müharibə riski artlr
Avropa Birliyinin Iran neftinə embarqo qərarından sonra Tehran rejiminin Hörmüz boğazını bağlamaq cəhdləri bölgədə həssas olan gərginliyi yenidən artırıb. Boğazın bağlanması təklifinin Iran parlamentində gündəliyə salınması Tehran rejiminin nə dərəcədə ciddi olduğunu göstərir. Dünyanın enerji bazarı baxımından mühüm əhəmiyyət daşıyan Hörmüz boğazının bağlanmasına başda ABŞ olmaqla Qərb və ərəb ölkələrinin imkan verməyəcəyi də bəllidir.
Artıq ABŞ Hörmüz boğazının bağlanmasını əngəlləmək məqsədiylə önləyici tədbirləri gücləndirib. “The New York Times” qəzetinin yazdığına görə, ABŞ hərbi donanmasına aid gəmilər Iran sahillərinə doğru istiqamət alıb. Məqsəd isə Iranın Hörmüz boğazını blokadaya almasını əngəlləməkdir. Qəzetə danışan mənbə bildirib ki, ABŞ Israilə göstərmək istəyir ki, öz müttəfiqlərinə etibar edə bilər.
Pentaqon rəsmisi “The New York Times”a körfəzdə minalanmış ərazinin iki dəfə genişləndirildiyini də söyləyib. Mənbə ərazinin Iran tərəfindən minalandığını, lakin bütün cəhdlərə baxmayaraq Tehran rejiminin Hörmüz boğazını bağlamasına imkan verilməyəcəyini deyib.
Iranın Hörümz boğazını bağlayacağına dair bəyanatlarına ABŞ-dan ilk reaksiya gəlib. Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın sözlərinə görə, ABŞ Iranın Hörmüz boğazını bağlamasına yol verməyəcək: “Nəzəri məsələlərin detallarına varmadan deyə bilərəm ki, boğazın açıq qalması üçün biz on illərdir aydın mövqeyimizi bildiririk. Hörmüzün açıq qalmasından ötrü biz bundan sonra da gərəkən bütün işləri görəcəyik”.
Nulandın sözlərinə görə, beynəlxalq hüquqa əsasən, boğazın açıq qalması üçün Iran öhdəlikləri yerinə yetirməlidir. Sözçü Iranın üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə inandığını söyləyib: “Iranın Hörmüz boğazını bağlaması, yaxud oradan gəmilər keçməsi ilə bağlı Tehrandan razılıq alınması beynəlxalq hüquqa uyğun deyil, ABŞ da bunu tanımayacaq”.
İnformasiya şöbəsi