“İtirilən hər gün yüz minlərlə insana edilən ədalətsizlikdir”
AXCP sədri bitərəf gənclərlə görüşdü
Iyulun 1-də AXCP sədri Əli Kərimli Müsavat Partiyasının qərargahında ölkədəki bir qrup gənclə görüş keçirib. Görüşdə heç bir partiya və siyasi mənsubiyyəti olmayan 80-dən çox gənc iştirak edib. Tədbirin əsas təşkilatçılarından olan Cavid Musazadə görüşü açıq elan edərək siyasi partiya liderinin bitərəf gənclərlə görüşünün əhəmiyyətindən danışıb və ilk olaraq sözü AXCP sədri Əli Kərimliyə verib.
Əli Kərimli çıxışına heç bir siyasi fəaliyyəti olmayan gənclərin müxalif partiya rəhbəri ilə görüşməsindən məmnunluğunu dilə gətirməklə başlayıb: “Bu gün ölkədəki vəziyyətə xalqımızın biganə münasibətini görməmək mümkün deyil. Mən sizə təşəkkür edirəm ki, siz başqa passiv vətəndaşlar kimi taleyinizə biganə qalmır, ölkənin siyasi durumunu yalnızca kənardan müşahidə etmir, həm də nələrin baş verdiyini yaxından öyrənmək üçün bu cür görüşlərə maraq göstərirsiniz.
Xalqımız artıq hakimiyyətin demokratiya imitasiyasına inanmır, artıq anlayır ki, onlar qurduqları korrupsioner hakimiyyətin ömrünü uzatmağa, xalqın boğazından kəsdikləri pullarla şəxsi xəzinələrini doldurmağa çalışırlar. Insan haqlarının pozulması, mətbuat, ifadə, toplaşma azadlığının maksimum səviyyədə məhdudlaşdırılması dünyanın bütün demokratik qüvvələri tərəfindən mənfi qiymətləndirilir. Hakimiyyət bu məsələlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Avropa Parlamenti Azərbaycanda insan haqlarının pozulmasına biganə qalmır, bununla bağlı çox kəskin bəyanatlar yayır. Elə bu yaxınlarda Avropa Şurasında çox ciddi qətnamə qəbul olundu. Demokratik qüvvələr Azərbaycandan bütün demokratik standartlara uyğun addımlar atmağı, xalqı qarşısında götürdüyü öhdəliklərə əməl etməyi və insan haqlarını pozan məmurlara qarşı konkret tədbirlər görülməsini tələb edir. Mən bunları ona görə demirəm ki, bizə demokratiya Avropa Birliyindən, Amerikadan gələcək, qətiyyən elə şey yoxdur. Bizə demokratiya içimizdən yetişib çıxacaq, biz xalq olaraq nə vaxt yetişəcəyik, demokratiya üçün çalışacağıqsa, o zaman demokratiya bərqərar olacaq.
Demokratik dəyişikliklərə hazır olmalıyıq
Amma bunu ona görə xatırladıram ki, bütün dünya Azərbaycanın demokratikləşməsini istəyir, arzulayır, xalqımız gərək buna hazır olsun. Hamılıqla mübarizəyə qoşulsun. Minlərlə insan uzun illərdir ki, qeyri-bərabər mübarizə aparır. Bizlər, əksəriyyətimiz işsizik, yaxınlarımız işsizdir, sıralarımızda olan insanların böyük əksəriyyəti – yüzlərlə insan həbs görüb. Elə bir neçə gün əvvəl 9 vicdan məhbusu azadlığa çıxıb, bütövlükdə bizim partiyamızın rəhbərliyində, sıravi üzvləri arasında, habelə müxalifət düşərgəsində neçə-neçə insanlar bu yolu keçib. Amma biz, o təhlükəyə baxmayaraq, qeyri-bərabər mübarizəyə qoşulmuşuq. Məsələn, Sahib Kərimov və digər dostlarımız nəyə görə həbs olunmuşdular? Onlar “Azadlıq” istəyi, demokratiya tələbi ilə mitinqlərə çıxmışdılar. Hökumət icazə verməsə də çıxmışdılar və ona görə də həbs olunmuşdular. Yəni bir neçə min adam qeyri-bərabər səviyyədə rejimlə mübarizə aparırıq ki, Azərbaycana yenidən demokratiyanı gətirək. Hələlik Azərbaycandakı repressiv dövlət aparatı bütün gücü ilə buna mane olmağa çalışır, amma etiraf edək ki, xalqımızın müəyyən kəsimləri hələlik tərəddüd içindədir, biz bunu başa düşürük. Ona görə də xalqın, xüsusilə bitərəf gənclərin bu cür təşəbbüsləri alqışlanmalıdır. Mümkün deyil ki, 9 milyon insanı, 10-20 min insan xilas edə bilsin. 9 milyon xilas olmaq istəyirsə, heç olmasa içindən 50-100 min insanı meydana çıxarmalıdır.
Millət olaraq qalib gəlmək şansımız var
Keçən əsrin sonlarında biz bunu bacardıq və bir əsrdə ikinci dəfə demokratik respublika qura bildik. Ona görə də bizim istəyimiz ondan ibarətdir ki, sözümüzü maksimum çox insanlara çatıra bilək. Internet, sosial şəbəkələr vasitəsilə, Türkiyədə yeni fəaliyyətə başlayan “Azərbaycan saatı” verilişi ilə, müxalifətin əsas tribunası olan gündəlik “Azadlıq” qəzeti vasitəsilə, bu ideyaları yaymağa çalışırıq. Nə məqsədlə? O məqsədlə ki, Azərbaycan xalqı öz hüququnu bilsin, haqqını tələb eləsin, hamılıqla fərqində olsun ki, itirilən hər bir gün Azərbaycanın itirilən milyardlarla sərvəti deməkdir, itirilən hər bir gün yüz minlərlə insana edilən ədalətsizlikdir. Mən çıxışımda sosial iqtisadi hüquqlarımızın necə pozulmasından danışdım, amma mənim üçün daha onlardan da önəmlisi bu cəmiyyətdəki ədalətsizlikdir. Ən yaramaz adamlar, kimin kimsəsi olduğuna görə gəlib lap başda oturublar, heç nəyə qadir olmayan adamlar gəlib ən böyük mənsəb sahibi olublar, qabiliyyətli, təhsilli adamlar özünə yer tapa bilmirlər. Etiraf etməliyik ki, hakimiyyət məddahlığı, yaltaqlığı artıq peşəyə çevirib. Yaltaqlana bilənlər, məddahlığı bacaranlar, ikiüzlü olmağı bacaranlar, üzə durmağı bacaranlar mənsəb sahibidir. Kim bunu bacarmır, vicdansızlıq edə bilmir, vicdan ağrısından qorxur, onların üzünə bütün qapılar bağlıdır. Bu vəziyyət dəyişməlidir, biz bir millət olaraq buna necə biganə qala bilərik? Biz onun da fərqində olmalıyıq ki, bizim apardığımız mübarizə təkcə sosial, iqtisadi, siyasi hüquqlar uğrunda deyil, təkcə ədalət uğrunda da deyil, nəhayət, bizim apardığımız mübarizə torpaq uğrunda aparılan mübarizədir. Iş o yerə çatıb ki, Azərbaycan hökuməti vətənpərvərliyi də istismar edib. Indi demokratiyadan, insan haqlarından söz düşəndə, iqtidar vətənpərvər maskası altında Qarabağ mövzusu ilə manipulyasiya edir. Sanki Qarabağ problemi varsa, bizdə demokratiya ola bilməz. Filankəs Azərbaycanla bağlı qərar çıxarıb, deməli, ermənipərəstdir. Hansı ki, həmin o Avropa Parlamenti Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı qətnamə çıxarıb, eyni zamanda həmin təşkilat Qarabağla bağlı, ərazi bütövlüyümüzün təmin olunması ilə, Ermənistanın işğal olunmuş ərazilərdən çıxması ilə bağlı 2 dəfə qətnamə çıxarıb. Hakimiyyət bu haqda susdu, heç danışmadı. Elə ki, demokratiya ilə bağlı qətnamə çıxarıldı, hakimiyyət onları ermənipərəst elan etdi. Siz bir baxın, Almaniyanın insan haqları ilə bağlı tələblərinə qarşılıq olaraq AzTV-də necə iyrənc kampaniyaya başlayıblar.
Yetər ki, vətəndaş olun
Bilirsiniz ki, Almaniya yeganə Avropa ölkəsidir ki, parlamentində Qarabağla bağlı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı xüsusi qətnamə qəbul edib. Bu, iqtidarda heç kimi maraqlandırmır. Azərbaycan hökumətinə Qarabağ problemi yalnız spekuliyasiya üçün lazımdır. Doğurdan onlar Qarabağ istəsəydilər, Qarabağda döyüşən 33 AXC batalyonunu buraxıb, Qarabağın qapılarını ermənilərin üzünə açmazdılar.
Bizim bugünkü mübarizədə millət olaraq qalib gəlmək şansımız var. Ancaq, biz o zaman qalib gələcəyik ki, əksəriyyətimiz başa düşəcəyik ki, biz özümüz də şəxsən bu mübarizədə iştirak etməliyik. Çünki bir çoxumuz fikirləşirik ki, qoy qabaqda gedən bütün əziyyəti çəksin, məhrumiyyəti yaşasın, mən öz həyatımı yaşayım sonra o nemətlərdən mən də istifadə edərəm. Çox təəsüf ki, belə düşünən insanlarımız var. Ona görə də biz vətəndaş olaraq hamılıqla bilməliyik ki, xalqımızı azad görmək istəyiriksə, o hüquqlardan hamılıqla istifadə etmək istəyiriksə, hamımız əlimizi bu daşın altına qoymalıyıq. Hamımız düşünməliyik ki, bu ölkəni necə xilas edək, mütləq deyil ki, Xalq Cəbhəsinə, Ictimai Palataya qoşulasınız. Amma yetər ki, vətəndaş olun, taleyiniz haqqında düşünün, haqsızlıqlara biganə qalmayın. Çox istərdim ki, bu fikirləri minlərlə insanlara çatdırasınız”.
Daha sonra tədbirdə iştirak edən müstəqil gənclər siyasi vəziyyət, ölkənin gələcək taleyi, ordu, təhsil, səhiyyə, seçki və s. kimi suallarla AXCP sədrinə müraciət edib, bu mövzular ətrafında fikir mübadiləsi apardılar. Qərara alındı ki, belə görüşlər mütəmadi olaraq davam etdirilsin.