Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının başçısı Əlibala Əsgərov “Azadlıq”a Azərbaycan dövlətinin onlara soyuq yanaşmasından danışıb. O indi Bakıdadır, Azərbaycanı yönətənlərin onların problemlərinə soyuqqanlı qalmayacaqlarını düşünür. O elə düşünür, ancaq onun Gürcüstan azərbaycanlılarının problemləri, acıları ilə bağlı danışdıqları indiki hakimiyyətdən, onun dililə desək, Azərbaycan dövlətindən yardım umacaqlarının bütünlüklə yersiz olduğunu göstərir.
Ə.Əsgərov Gürcüstan dövlətindən ən ağır zərbəni Şevardnadze dönəmində aldıqlarını bildirir. “Dəyənəyin iki başı var”, deyirlər. Ə.Əsgərov birini deyir, birini demir. Onlara ən ağır zərbəni vuranların biri Şevardnadze idisə, o birisi Şevardnadzenin “əziz qardaşı” Heydər Əliyev idi, Heydər Əliyev dövlətçiliyi idi. Bəlli olduğu kimi, H.Əliyev “əziz dostu” Şevardnadzeyə milyonlarla dollar qazpulu, işıqpulu borcunu bağışlayırdı. Bağışlayırdı, Azərbaycanda qurduğu IŞĞAL rejiminə uyğun olaraq Azərbaycan xalqının dərisini soya-soya!
“Qeyrət” başqanı Azərbaycan dövlətindən danışır. Istər ata Əliyev, istərsə də oğul Əliyev dönəmində belə bir dövlət olsaydı, Gürcüstan azərbaycanlılarının Azərbaycan dövlətindən gileylənməsinin yeri olardımı? Ortada gerçək bir Azərbaycan dövləti olsaydı, ən azı dar ayaqda, çətin çağlarda Gürcüstana bağışlanan milyonlarla dolların yerinə Gürcüstan azərbaycanlılarına sayğı, qayğı göstərilməsi istənərdi. Əliyevçi hakimiyyət dönəmində bunlar olmayıb, olmayacaq – bu hakimiyyət xarakteri, xarakterindən doğan prinsipləri baxımından ANTIMILLI hakimiyyət olduğuna görə!
Gürcüstan hökuməti orada yaşayan azərbaycanlıların bir sıra hüquqlarını tapdayır. Burası aydındır: onlar da ermənilər kimi azərbaycanlıları çeşidli yollarla sıxışdırıb uzaqlaşdırmaqla Azərbaycan torpaqlarını biryolluq ələ keçirmək istəyirlər. “Qonşu qonşuya baxar”, deyirlər. Görünür, ermənilərin bəlli uğurları gürcüləri də oxşar planlara yönəldir: ermənilər “Ermənistanı” – əski Azərbaycan torpaqlarını azərbaycanlılardan arıtdıqları kimi, onlar da azərbaycanlıları Gürcüstandakı əski torpaqlarından uzaqlaşdırmaq istəyirlər. Azərbaycanın özündə Azərbaycan xalqına düşmən bir rejim qurulubsa, bu rejim azərbaycanlıların, Gürcüstanda olduğu sayaq, bir sıra hüquqlarını deyil, bütün hüquqlarını tapdamaq yetkisi sərgiləyirsə, ayrı nə cür olmalıdır? Saakaşvili özü demişdi: “Mən Ilham Əliyevdən çox şey öyrənirəm”.
“Qeyrət”çi soydaşımız Gürcüstanda 300-dən çox Azərbaycan şirkəti olduğunu, bu şirkətlərə azərbaycanlıların daha çox süpürgəçi ştatına götürüldüyünü bildirir. Onun dediyinə görə, bu şirkətlərdə ermənilərə geniş meydan verilir. Görünür, soydaşımız Əliyevlər dönəminin Azərbaycanındakı kadr siyasətindən soraqsıdır, bu siyasətin antimilli xarakter daşıdığını bilmir. Bilsəydi, Bakıya yox, Tiflisə üz tutar, oralarda ən azı demokratiya olduğuna görə eşidiləcəyini düşünərdi.
Gürcüstanlılar işləmək, pul qazanmaq üçün Azərbaycana axışıb gəlirlər. Ancaq, Ə.Əsgərovun dediyinə görə, onlar burada mozambiklilərdən, çinlilərdən daha hüquqsuz durumla üzləşirlər. Az-çox qazandıqlarını evlərinə aparmaq istəyəndəsə, Ə.Əsgərovun dediyinə görə, “Azərbaycanın gömrük və miqrasiya xidməti elə edib ki, borçalıların qazandıqları heç evlərinə gedib çıxmır”. And içməyə gərək yoxdur: bunlar bizim bildiyimiz, hər gün üzləşdiyimiz faktlardır. Bunları bilmək, bu sayaq faktlarla üzləşmək üçün gürcüstanlı olmaq gərək deyil; biz bütün qanunların ayaqlar altına alınıb tapdandığı, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi ölkədə yaşayırıq. Biz Isaxan Aşurov, Isa Sadıqov kimi milli dəyər faktoru olaraq tanınan gürcüstanlıların dışlandığı, Ismayıl Ömərov kimilərinin görəvləndirildiyi rejimdə yaşayırıq…