Vicdan məhbusu Vidadi Isgəndərlinin evindən reportaj
86 yaşlı Həbibə nənə: “Oğlumun adını siyahıya salıblar, ancaq sonradan kimlərsə Vidadinin adının üstündən xətt çəkib”
Yenə Elçibəyin qaldığı Rəsulzadə küçəsi 61 ünvandayıq. Balaca, iki otaqlı olan bu ev nəinki məhəllədə, hətta Göyçayda ən darısqal mənzildi. Kənardan kiməsə adi gələr, yaxından tanış olanda – iki prokurorun, bir ləl-cəvahirat fondunun rəhbərinin, bir neçə müəllimin böyüdüyü bu ocağın belə kiçik olması adamı təəccübləndirməyə bilməz. Nə qədər kiçik olsa da, bu evdə eyni vaxtda nə qədər istəsən qonaq qarşılaya bilərsən…
Elçibəy SSRI-ni Vidadiylə yıxmaq istəyib
3 illik həbs cəzası alan, hüquq müdafiəçisi, vicdan məhbusu Vidadi Isgəndərlinin ata ocağının bu qədər kiçik olması ailənin də o qədər böyük olmasını özündə ehtiva edir.
Vidadi də, atası da prokuror olub. Yaxşı işləyiblər, ancaq özləri üçün yox, başqaları üçün. Özləri üçün işləyən adamın evi nə o kökdə olur, nə də məhbəs həyatı yaşayır.
Vidadi Isgəndərli haqda çox danışmaq olar. Təkcə onun Elçibəylə bağlı xatirələri bir kitaba sığmaz. Çünki Elçibəy bu evin ən əziz qonaqlarından biri olub. Hər dəfə Göyçaya gələndə Isgəndərovlar ailəsinin qonağı olarmış.
Kiçik bir haşiyə. Bir dəfə Vidadi bəyin atası Isgəndər kişi evin sonbeşiyinə möhkəm qəzəblənibmiş, hətta iş o yerə çatıbmış ki, balaca, dəcəl Vidadini döyəcəkmiş. Ancaq indi böyük olan adamın qanının arasına Elçibəy girir. Isgəndər kişi oğlunun Elçibəyin qucağında oturğunu görür və heç nə edə bilmir.
Ikinci haşiyə. Isgəndər kişi bir dəfə prokuror olanda Elçibəy növbəti dəfə onlara qonaq gəlir. Söhbət ordan-burdan düşür. Elçibəy deyir ki, “mən bu Sovet hökumətini yıxacam”. Isgəndər kişinin qəfildən “kiminlə” sualına bəy tövrünü pozmadan qucağında oturan Vidadini göstərir. O, Vidadini ki…
Dostları kasıb-kusubdu
Vidadi haqda çox danışdıq. Keçək əsas mətləbə. Vidadi Isgəndərli haqda söz açanda onun anasını yada salmamaq mümkün deyil. 86 yaşlı Həbibə nənə uzun müddət məktəb direktoru olub. Bu yaşda olmasına baxmayaraq hər gün qəzetləri oxuyur. Qəzet ona verilməyəndə məlumat almaq üçün internetdən istifadə edir.
Həbibə nənə deyir ki, oğlunun heç bir günahı yoxdur: “Vidadi uşaqlıqdan haqq-ədalət tərəfdarı olub. Qarşısında kimin durmasından asılı olmayaraq sözünü həmişə deyib. Oğul atasına baxıb hərəkət edər. Rəhmətlik atası necə idisə, o da elədir. Mən həmişə atasına deyərdim ki, prokurorsan, camaatın evinə bax, bizim komamıza nəzər yetir. Qadınlar həmişə evin başçılarından pul tələb edirlər. Mən də nə vaxt ondan nə tələb edirdimsə, ”nə var, ona qane ol” deyirdi. Oğlu da onun kimidir. Neçə il prokuror işlədi. Nə evi, nə maşını var. Ancaq onu-bunu düşünür”.
“Onun dostları kasıb-kusubdu. Bircə dənə də vəzifədə işləyən məmur tanışı yoxdur. Olsaydı indi onun da evi, villası, maşını, hər cür şəraiti olardı, üstəlik, tutulmazdı da. Ancaq o rahat yolu seçmədi. Özünü düşünmədi”, – deyir Həbibə nənə.
“Oğlum mükafatlandırılmalı idi, ancaq…”
Iyunun 22-də verilən əfv fərmanında oğlunun adının olmamasına təəccüblənmir. Çünki dəfələrlə ona deyilib ki, oğlu buraxılacaq, sonda azad olunmayıb. Buna görə də o özünü hər şeyə öncədən hazırlayıbmış: “Mən gözləmirdim oğlum çıxacaq. Əfv verilib deyəndə də, tez internetə girdik, adını görmədim. Mətbuatda oxudum ki, oğlumun adını siyahıya salıblar, ancaq sonradan kimlərsə Vidadinin adının üstündən xətt çəkib”.
Oğlunun azadlığa çıxmasının bir anın içində həll oluna biləcəyini deyən ana söyləyir ki, Vidadi əfv yazsa, günü sabah bayırda ola bilər: “Ancaq o əfv yazmır, çünki günahı yoxdur. Vidadi nə edib? Dana oğrularına da 3 il iş verirlər, heç bir günahı olmayan Vidadi kimi insanlara da. Mənim oğlum nə deyirdi ki? Deyirdi ölkədə korrupsiya, rüşvətə son qoyulsun, ədalətli seçki, məhkəmə olsun. O bunun üçün mübarizə aparırdı”.
“Vidadi Xarkovda təhsil alıb, orda işləyib. Haqqı, nahaqqı seçməyi bilib. Oğlum türmə adamı deyil. O, mükafatlandırılmalı idi. Çünki rüşvətə, ədalətsizliyə qarşı mübarizə aparırdı, ancaq ona verilən mükafat 3 illik məhbəs həyatı oldu. Ona deyirdim ki, ay oğul, başını sal aşağı. Deyirdi ki, ana, meyit alveri ilə məşğul olanların bu əməllərinə göz yuma bilmərəm. Vidadi həmin rüşvətxor müstəntiqi, polis rəisini ifşa etdi. Inanıram ki, bir gün haqq etdiyi azadlığa çıxacaq. Insanların hüququnu qoruyan adam yenə onların yanına qayıdacaq”, – deyir Həbibə nənə.
“İslah” olunmayan məhbus
Oğlunun həbsini bir müddət anadan gizlətməli olublar. Hüquq müdafiəçisi “dörd divar” arasına gedəndə ona deyiblər ki, Vidadi Rusiyaya iş dalınca gedib. Ana buna inanmayıb. Xəbəri ondan gizlətmək üçün hətta bir müddət qəzetləri də ondan gizlədiblər. Həbibə nənəyə nə deyiblərsə, xeyri olmayıb. “Oğlun pul qazanmağa gedib” xəbərinə inanmayıb: “Mən oğlumu çox gözəl tanıyıram. O burada bu qədər işi qoyub Rusiyaya pul qazanmağa gedər? Mənə bu sözü deyəndə onlara cavab verdim ki, Vidadi mənə pul göndərsin. Pul göndərə bilməz, çünki cibində həmişə ”siçanlar” oynayıb”.
Oğlu azadlığa çıxandan sonra yenə də “islah” olunmayacağını deyən Həbibə nənə söyləyir ki, Vidadinin heç kim durdura bilməz: “Elə bilirsiniz, o çıxandan sonra sakit qalacaq”- heç vaxt. Yenə insanların hüquqlarını qoruyacaq, o inadından dönən adam deyil”.
Həbibə nənə deyir ki, evin sonbeşiyi uşaqlıqdan belə çılğın olub: “Hər gün kiminləsə mübahisə edərdi. Müəllimlərdən belə qorxmurdu. Sözünü deyərdi, kimin səhvi vardısa, üzünə deyəcəkdi. Ona görə də indi o uşaqlıq çılğınlığını unutmayıb”.
***
O, balaca, darısqal, iki otaqlı evdən ayrılırıq. “Nə bilim, bala, Vidadidən baş açmaq olur ki? Çox istəyirəm, demokratiya, azadlıq qışqara-qışqıra həyətə girib mənə qəzet gətirsin. O tutulandan bəri mənə qəzet alan yoxdu”- deyən Həbibə nənəyə “Azadlıq”ın sonuncu nüsxəsini veririk.
Qəzetdə isə belə yazılmışdı – Hüquq müdafiəçisi Vidadi Isgəndərliyə Azadlıq!
Azadlıq ona, o da azadlığa yaraşır…
Ramin DEKO
Bakı-Göyçay-Bakı