Yaxud hamının düşməninə necə çevrilməyin qısa ssenarisi
“Bu kino ki, var çox qəliz məsələdir”, görünür, sovet dövründə də kinonun ciddi siyasi əhəmiyyəti olduğundan o, həm də“vacib məsələ” idi. Elə bu yaxın günlərdə də Ilham Əliyevin son vaxtlar kəskin tənqidçisi olan “Oskar” mükafatlı kinodramaturq Rüstəm Ibrahimbəyova qarşı yeni kino çıxardırlar.
Onun təşkilatına alternativ yaradılıb. Bu faktı, əlbəttə, pisləyirik. Ilham Əliyev imkanı çərçivəsində Azərbaycan xalqının da “dublikat”ını çıxarmağa çalışır. Bütövlükdə və mahiyyətcə nail olmasa da ayrı-ayrı təşkilatlara münasibətdə qısamüddətli işləyən plan kimi görünür. Bütün bunlar məsələnin gözlə görünən tərəfidir. Amma bu addımı atmağa vadar edən səbəbin özü də ən azı nəticə qədər maraqlıdır. Və demək olar, onu bilmək nəticəni tapmaqdan daha faydalıdır. Bu təkcə bir opponentə qarşı oyun deyil, həm də yeni psixoloji obrazdır. Ilham Əliyev də özünə təsəlli vermək üçün ona qarşı çıxanların alternativini yaradıb özünün dəstəkləndiyinə özünü inandırmaq cəhdində müstəqildir. Amma söhbət açmaq istədiyimiz yeni psixoloji obraz müstəqillikdən tamamilə kənardır. Beləliklə…
Dünənki kadr…
Xatırlayırsızmı, Rüstəm Ibrahimbəyovun iki il öncəki müsahibələrini. Hətta il yarım öncə o, Ilham Əliyevə müraciətlər edir, ondan islahat barədə cəmiyyətin xeyrinə olacaq xahişlər edir, çalışırdı ki, proseslər dövlət başçısının iştirakı ilə müsbət məcraya qədəm qoysun. Amma bunun qarşılığında Əliyev susdu, onun birinci ixtisası bədən tərbiyə olan hüquq elmləri doktoru sözçüsü Siyavuş Novruzov tanınmış ziyalılar haqqında “hər ali təhsilli də özünə ziyalı deyir” ifadəsini işlətdi. Ilham Əliyev ondan birbaşa yeniliklər gözləyən, onun islahatlar aparacağına ümid edən ziyalıları özünün buyruqçuları vasitəsi ilə təhqir etdirdi.
Daha sonra…
Sonra beləcə də oldu. Məntiqin sıfırlanma nöqtəsi tapıldı, Rüstəm Ibrahimbəyov dedi ki, susacaq. Çünki sözü eşidilmir. Az keçmədi onu susmaq qərarına görə də tənqid elədilər. Çünki bu ölkədə danışa bilənin susmaq haqqı yoxdur. O ya tərifləməlidir, ya da “xain” olana kimi savaşa cəlb olunmalıdır. Tanınmış kinodramaturq isə bu dəfə də “günah məndən getdi” deyib bir yazı yazdı. Və yazını belə bir sitatla sonlandırdı: “Bu zəng bizim hamımız üçün çalınır, sanma ki sağsan, elə sənin üçün də, mənim üçün də”. Bu isə “devrilmədiyinə fikir vermə, devrilənlərdən ibrət götür” mesajı idi. Amma, deyəsən, yerinə çatmamışdı.
Sonuncu pərdə
Rüstəm Ibrahimbəyov bir nümunədir. Bu illərdə Ilham Əliyevə əli və səsi çatan, çatmayan milyonlarla insan onu ümid yeri görməkdən qarşı cəbhənin qəddar komandanı görməyə kimi prosedur keçib. Daha doğrusu, bu insanların həqiqətə və proseslərə baxışı eyni olub. Sadəcə Ilham Əliyev əməlləri və müraciətlərə reaksiyaları ilə öz həqiqi yerini insanlara göstərib. Və nəhayətdə qərara gəlib ki, Rüstəm Ibrahimbəyovun təşkilatına alternativ yaratsın. Bu parabeyinlik vaxtilə Müsavata vəAXCP-yə qarşı da olub. Indi isə vəziyyət daha kritikdir. Ilham Əliyev sənəti, düşüncəni özünə düşmən görür. O, artıq tarixi film personajı olduğunu hiss edib. Yəqin elə buna görə də kinoya qarşı antikino çəkir.
Seymur Həzi