Avropa Məhkəməsi keçmiş nazirin daha bir şikayətini qəbul etdi
Keçmiş səhiyyə naziri Əli İnsanov yenidən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Bu dəfə 11 illik cəzadan sonra həbsdən buraxılmasına 9 gün qalmış yenidən barəsində verilən həbs qərarına görə. Artıq Avropa Məhkəməsi keçmiş nazirin şikayətini qəbul edib. Fevralın 8-də Strasburqdan Əli İnsanova məktub göndərilərək, ona bu haqda rəsmi şəkildə məlumat da verilib.
Bu barədə “Azadlıq”a Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil deyir ki, Əli İnsanov 11 il qanunsuz həbsdə saxlandıqdan sonra azadlığa buraxılmasına 9 gün qalmış – ötən il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi onun həbsdən çıxmasının qarşısını almaq məqsədilə qanunsuz və qərəzli həbs qərarı çıxarıb. Həmin qərardan apellyasiya şikayəti verilsə də, nəticəsi olmayıb. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Yeri gəlmişkən, bu gün Qaradağ Rayon Məhkəməsi istintaq dövrü üçün Əli İnsanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha bir ay uzadılmasına dair prokurorluğun vəsatətinə baxaraq, onu təmin edib. Toğrul Babayev bu qərarın da əsassız və qanunsuz olduğunu vurğulayaraq, apellyasiya şikayəti verəcəklərini əlavə edib.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi məhkəməyə mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlarla göndərilib. 2007-ci ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Əli İnsanova 11 il həbs cəzası verilib. Bu müddətin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda onun haqqında yenidən cinayət işi başlanıb. 70 yaşlı keçmiş nazir bu dəfə saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, psixotrop tərkibli dərman saxlamaqda, müəssisənin intizam qaydalarını pozmaqda təqsirləndirilir.
Əli İnsanov bu ittihamları qəbul etmir. Bildiri ki, onun həbsdən buraxılması üçün bu saxta cinayət işini düzüb-qoşublar. Əli İnsanov hesab edir ki, sifari də dövlət başçısı İlham Əliyevdən gəlib.
azadliq.info