Geri çəkilmək hər zaman qorxmaq deyil. Bəzən nələrəsə göz yummalı oluruq, nələrisə görməzdən gəlirik, nələrisə güzəştə gedirik. Bunları nədənsə qorxduğumuz üçün yox, daha doğrusu, özümüz üçün qorxduğumuzdan deyil, yaxınlarımız üçün qorxduğumuzdan edirik.
Hərdən elə haqsızlıqlar görürük, elə vicdansızlıqlara şahidi oluruq, elə nadanlıqlarla qarşılaşırıq ki… Amma çox vaxt heç nə edə bilmirik. Bu cəmiyyətdə susmalısan hər haqsızlığın qarşısında. Əgər ağzını açsan, “yumarlar”, danışsan ”dilini kəsərlər”.
Baş verənlər bunu deyir sənə…
Haqsızlıq görmüsənsə, gözünü yum və ya görməzdən gələrək yolunla get. Qane olmadığın şeylərə, razılaşa bilmədiyin hadisələrin baş verməsinə etiraz etməyi ağlına belə gətirmə! Sən kimsən ki etiraz edəsən?! Sən kimsən ki səsini qaldırasan?! Sən kimsən ki haqqını tələb edəsən?!
Bunu bizə diktə edirlər…
Bəli, cəmiyyətimizin hazırkı vəziyyəti belədir. Bizim cəmiyyətdə haqqını tələb edənə yox, haqsızlığı tərifləyənə yer var. Hər şey onlar üçündür, qalanlara isə yer yoxdur.
Gerçəklik budur ki, insanları sındırıblar.
Cəmiyyətimizin insanları sınıb, qırıblar onların ümidlərini, əllərindən alıblar arzularını, yox ediblər mübarizə ruhlarını. İndi hər kəs başını aşağı salıb bir tikə çörəyini qazanmağın dərdindədir. Yaşlı nəsil daha acınacaqlı vəziyyətdədir deyərdim. İnsanlar qorxurlar. Nədən mi qorxurlar? Öz haqlarını tələb etməkdən, etiraz etməkdən qorxurlar .Düşünürlər ki, oturaq kasıblığımızı çəkək, başımıza bəla almayaq. Valideynlərimiz, qohumlarımız özləri səslərini çıxarmadıqları bəs deyilmiş kimi, bizə də imkan vermirlər səsimizi çıxarmağa. Onlar ancaq belə məsləhətlər verəcəklər: “Bala, otur oturduğun yerdə. Dövlətlə dövlətlik edəsi deyilsən ki?!”, “Qoy, kasıblığımızın dərdini çəkək, bir sənin nəsə etməyinlə bu millət düzələsi deyil ki”…
Böyüklər də susmağa çağırır…
Amma biz bütün bunlara qulaq asmalıyıqmı? Deyirlər ki, bir səninlə bu millət düzələsi deyil. Siz isə təsəvvür edin ki, həmin o “bir sən” lər birləşsə, mübarizə aparsa, nələri dəyişə bilərlər, nələrə qadir olarlar.
“Yaxınlarımız üçün qorxduğumuzdan geri çəkilirik” fikrini silə bilərik beynimizdən. Elə biz “onlar üçün heç nə etmədikcə”, onlar da, biz də daha pis vəziyyətə düşəcəyik.
Ayşən Altay