Mehman Əliyev: “Oqtay Gülalıyevə irəli sürülən ittihamlar tam cəfəngiyyatdır”
“Bütün məsuliyyət rayon rəhbərliyinin üzərinə düşür, öz günahınızı bizim üzərimizə atmayın”
“Kür” Vətəndaş Cəmiyyəti Qəraragahının koordinatoru, əsassız ittihamlarla həbs olunmuş Oqtay Gülalıyev saxlanıldığı 3 saylı Şüvəlan istintaq təcridxanasından məktub göndərib. Məktubunun əvvəlində O.Gülalıyev onu diqqətdə saxlayan hər kəsə minnətdarlıq edərək həbsinin səbəblərinə aydınlıq gətirib: “Əslində mənim qanunsuz həbsim neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ehtiyacı olan insanların maarifləndirilməsi, hüquqlarının qorunması, sosial ədalətsizliyin aradan qaldırılması, koorupsiyaya qarşı mübarizə aparılması və s. istiqamətdə fəaliyyət göstərən vətandaş cəmiyyəti institutlarının susdurulmasına, sıradan çıxarılmasına hesablanmış siyasətin tərkib hissəsidir. İkinci aydır ki, qanunsuz olaraq həbsdəyəm. Həbsxanada olduğum müddətdə də hər gün hüquqlarımın tapdanması davam etməkdədir. 8 aprel 2012-ci ildə Sabirabadda həbs olunduğum zaman fiziki zorakalığa, qeyri-insani münasibətə, şikayət edəcəyim təqdirdə ölümlə təhdidlərə məruz qalmışam. 8-9 apreldə məni qaranlıq, darısqal, ağır qoxulu kamerada ac-susuz, gecəni ayaqüstə saxlayaraq vəkilimlə, həkimlə, ailə üzvlərimlə əlaqə saxlamağa, adicə dərman və su qəbul etməyə imkan verilmədilər. Tanımadığım adamları əleyhimə yalan ifadələr verdirərək qanunsuz həbsimə hüquqi don geyindərməyə çalişdılar”.
Daha sonra O.Gülalıyev bildirib ki, onu Hacıqabul-Horadiz yolunu bağlamaq, maşınları yandırmaq, sındırmaq, Kür çayı üzərində körpünü dağıtmaq kimi absurd, gülməli, eyni zamanda iğtişaşlara çağırış kimi saxta siyasi ittihamlarla həbs ediblər: “Təəssüf ki, Sabirabad polis şöbəsində mənə qarşı olan qanunsuz, zorakı hərəkətlərə aidiyəti qurumlar tərəfindən bu günə qədər obyektiv qiymət verilməyib. Penitensiar Xidmətin Baş Tibb İdarəsinin həkimləri bu yaxınlarda məni müayinə edərək vaxt itirmədən cərrahiyə əməliyyatı olunmağım barədə rəsmi rəy veriblər. Lakin bu prosesin türmə şəraitində, tanımadığım həkimlərin deyil, uzun müddət tanıdığım öz həkimimin iştirakı ilə həyata keçirilməsinə imkan verilmir. Sabirabad polis şöbəsi istintaqa aidiyyəti olmayan “Opel” markalı maşınımı, mülki əşyalarımı, sənədlərimi polis şobəsində girov şəklində saxlayır. Ailə üzvlərimlə görüşə icazə verilmir, xarici aləmdən təcrid olunmuş şəkildə saxlanılıram. Amma bütün bunlara baxmayaraq mənə qarşı olan saxta, qondarma ittihamları rədd edir, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq mübarizəmi, fəaliyyətimi dəmir barmaqlılar arasında da davam etdirirəm”.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev O.Gülalıyevə qarşı irəli sürülən ittihamların cəfəngiyyat olduğunu deyir: “Yerli sakinlərin böyük əksəriyyətinin problemləri həll olunmamışdı, kompensasiyalar oğurlanmışdı.
Oqtay Gülalıyevə ittiham irəli sürməkdə məqsəd “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətini məhdudlaşdırmaq və prosesə ictimai nəzarətin qarşısını almaq idi. Martın sonunda, aprelin əvvəlində orada aksiyalar keçirilirdi, icra başçısının rayona gəlməsi tələb olunurdu. O da görüşdən imtina edərək öz müavinini göndərirdi. Hecə oldu ki, ayın 10-u camaatla görüşməyə qərar verdi? Ayın 12-də Arzu Abdullayeva, Samir Kazımlı və başqa bir neçə nəfərlə icra başçısı ilə görüşəndə ona dəfələrlə sual verdim ki, Oqtay Gülalıyevin bu məsələlərdə iştirakı varmı? Dedi, yox. Soruşdum bəs, kim? Dedi ki, şayiə yayıblar. Bunu biz də bilirik. Boynuna aldı ki, həmin vaxt orada rəhbərlik dəyişməyib, lazımi diqqət olmayıb. Ona görə də o hadisələr baş verib. Bu prosesdə bütün məsuliyyət, günah rayon rəhbərliyindədir. Ona görə də öz günahlarını bizim üstümüzə yıxmasınlar”.