Əli Kərimli: “Azərbaycan hakimiyyəti və saxta Milli Məclis absurd xətt götürüblər, ölkəni dünya ilə üz-üzə qoyublar”
“Avropa Parlamentinin qətnaməsi çoxluğun iradəsini əks etdirir və tam legitimdir”. Bu sözləri jurnalistlərlə söhbətində AXCP sədri Əli Kərimli deyib. O, Milli Məclisdə YAP-çı və hökumətyönlü deputatların sözügedən qətnamənin az sayda parlamentarinin iştirakı ilə qəbul olunduğunu əsas gətirərək sənədənin legitimliyə şübhə salmaq cəhdlərini əsassız adlandırıb: “Avropa Parlamentində qərarların qəbul edilməsinin ümumi qaydaları var. Avropa Parlamenti bütün dünya parlamentarizm ənənəsinə uyğun olaraq fraksiyalar tərəfindən koordinasiya olunmuş şəkildə idarə olunur. Hazırda Avropa Parlamentində 5 böyük fraksiya var. Həmin o 5 böyük fraksiyanın hər biri bu layihəni dəstəkləyib. 5 böyük fraksiyanın üzvləri, hesablama aparsanız Avropa Parlamentinin 80-90 faizi qədərdir. Ora daxil olmayan yalnız xırda radikal qruplaşmalardır. Yəni, ya rakial solçular, ya da millətçilər. Ona görə də bu qətnamə tam olaraq legitimdir və Avropa Parlamentinin iradəsini ifadə edir”.
Əli Kərimli qeyd edib ki, Avropa Parlamentinin plenar iclaslarında adətən az sayda deputat iştirak edir: “Hətta xüsusi iclaslarda belə, deputatların yarısı toplanır. Çünki onlar öz ölkələrində də iş aparırlar. Sadəcə burada qərarların qəbul olunma mexanizmi dəqiq işləyir. Yəni, hər fraksiya neçə nəfərinsə adından çıxış edir və yetərli çoxluq varsa, onların təqdim etdiyi layihə qətnamə halına düşür”.
AXCP sədri Milli Məclisdə Avropa Parlamentinin ünvanına ittihamlar səsləndirilməsini də yolverilməz hesab edir: “Ümumiyyətlə Azərbaycan hakimiyyəti və saxta Milli Məclis absurd xətt götürüblər, ölkəni dünya ilə üz-üzə qoyublar. Onsuz da Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu tərəfdən də gündə bir Avropa ölkəsinə savaş açırlar. Bu ermənilərin marağına xidmət etmək deyil? Ona görə belə edirlər ki, məsuliyyətsizdirlər. Ölkə və millət haqqında düşünmürlər. Bunlar məsuliyyətsiz, avantürist və dövlət siyasətinə təsadüfən gəlmiş adamlardır”.