Sahibkar həbsxanadan ölkə başçısına elə bir məktub yazdı ki…
Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişilə həbs olunduğu bildirilən və 11 il azadlıqdan məhrum edilən sahibkar Böyükağa Abdullayev ölkə başçısına növbəti dəfə müraciət edib. Müraciətin bir sürəti də redaksiyamıza daxil olub. Böyükağa Abdullayev ötən müraciətdə şəriki Dəyanət Səlimovun sifariş əsasında qətlə yetirildiyini bildirmişdi. Bu müraciətdə isə sahibkar qətlin təfərrüatlarını açıqlayıb. Müraciəti oxucuların diqqətinə çatdırırıq:
“Bildirirəm ki, faciəli şəkildə qətlə yetirilən Dəyanət Səlimov Ilqar Əliyevlə bir həyətdə böyüyüb başa çatıb, həmyaşıd olublar. Bu səbəbdən də 1994-cü ildən mərhum Aqil Əliyevin ətrafında olub. 2003-cü ildə Imran Eyvazzadəyə məxsus ”EKO-SERVIS” firmasının nizamnamə payının 50 faizini mərhum Aqil Əliyev, 25 faizini isə Dəyanət Səlimov alıb. Və beləliklə hər iki şəxs bu firmanın təsisçiləri olublar. Bu dəyişiklikdən sonra Imran Eyvazzadə mərhum Aqil Əliyevin adından bütün nazirliklərə, idarə və təşkilatlara müxtəlif şəkildə məktublar yazıb. Nəhayət, 2003-cü ildə Hövsan Dəniz Balıqçılıq idarəsindən 1500 ton yükdaşıma qabiliyyətinə malik Kapitan Ismayılov – “DRAFA” gəmisini icarəyə götürüb. Xəzər dənizində qanunsuz neft alverinə başlayan “DRAFA” gəmisi barədə mərhum Heydər Əliyevə məlumat verilib. Lakin hamı bir ağızdan deyib ki, gəmi Aqil Əliyevə məxsusdur. Söz-söhbət yaranmasın deyə, mərhum Aqil Əliyev gəminin dərhal sahibinə qaytarılmasını tələb edib. Imran Eyvazzadənin isə şirkətə gəlişinə yasaq qoyub. Bundan sonra Imran Eyvazzadə Azərbaycanı tərk edərək Mahaçqala şəhərinə gedib. Orada Əliyevlərin yaxın adamı olduğunu bəyan edib. Bu minvalla “DRAFA” gəmisini satmağa müştəri tapıb. Mahaçqala şəhərində Imran Eyvazzadə gəmi üçün 250 min dollar beh alaraq Bakıya qayıdıb.
Imran Eyvazzadə Aqil Əliyevin adından istifadə edərək, başa düşəni başa salıb, başa düşməyəni də əlində olan pulları verməklə gəmini yarı zor, yarı xoş Hövsan portundan götürüb. Mahaçqala şəhərində bir şirkətlə Aqil Əliyevin adından müqavilə bağlayaraq gəmini Azərbaycan sularından çıxarıb. Lakin gəmini Mahaçqala şəhərində özgəninkiləşdirmək mümkün olmayıb. Çünki gəmi özəl və “EKO-SERVIS” firmasına məxsus olmalı idi. Digər tərəfdən bu əmlakın özgəninkiləşdirilməsinə “EKO-SERVIS”in 50 faiz payçısı mərhum Aqil Əliyev və 25 faiz payçı mərhum Dəyanət Səlimov tərəfindən notarial qaydada, Azərbaycan dilindən rus dilinə tərcümə olunmuş razılıq məktubu verilməli idi. Imran Eyvazzadə əvvəlcə müxtəlif yollarla gəmini özəlləşdirərək satıb. Bəs bu proseslərdən xəbəri olmayan mərhum Aqil Əliyev “EKO-SERVIS” firmasının əmlakına çevrilmiş gəminin Mahaçqala şəhərində özgəninkiləşdirilməsinə razlıq məktubu verdimi? Xeyr. Mərhum Aqil Əliyev “EKO-SERVIS” firmasının fəaliyyətini dayandırır. Imran Eyvazzadə Azərbaycandan didərgin düşür. Ancaq Dəyanət Səlimov mərhum Aqil Əliyevin yanında qalır. Üstəlik 2004-cü ildə yeni “EKO-SERVIS KO” MMC-ni təsis edirlər. Imran Eyvazzadənin bu kimi qanunsuz hərəkətlərindən məlumatı olan Dəyanət Səlimov ondan gəminin satışından əldə olunmuş puldan öz 25 fizini tələb edirdi. Dəyanət Səlimov Mahaçqalada olan tanışları vasitəsilə öyrənib ki, Imran Eyvazzadə 1500 tonluq gəmini 750ÿ000 dollara satıb. Imran Eyvazzadə ona bildirib ki, pulu Azərbaycana gələndə verəcək. Bu minvalla Imran Eyvazzadə mərhum Aqil Əliyev vəfat etməmişdən 7-8 gün qabaq Azərbaycana gəlib. Bu faktdır. Və bu faktı araşdırmaq çox asandır. Dəyanət Səlimov bildirirdi ki, əgər onun pulunu verməsə bu barədə Ilqar Əliyevə və adiyyatı orqanlara müraciət edəcək. Bu səbəbdən də Imran Eyvazzadənin sifarişi əsasında Dəyanət Səlimov 17 noyabr 2008-ci il tarixdə faciəvi şəkildə qətlə yetirilib. Dəyanət Səlimovun qətlinin sifarişçisi Imran Eyvazzadənin olmasını heç kim inkar edə bilməz. Hüquq-mühafizə orqanları bu gün Dəyanət Səlimovun faciəvi qətlə yetirilməsinə nə formada don geyindirir geyindirsin. Allah böyükdür həqiqət həqiqətliyində qalacaq. Çünki, Imran Eyvazzadə Dəyanət Səlimovun qətlindən 10-15 dəqiqə sonra mənim 050-322-48-16 saylı mobil telefonuma zəng vurub və hadisə barədə, onunla mərhum arasında baş verənləri bildiyim üçün kiməsə məlumat verəcəyim halda məni də öldürtdürəcəyini deyib. Onu da qeyd edim ki, Dəyanət Səlimovu qətlə yetirən şəxsin dərhal Imrana zəng vurması, onun da dərhal mənə zəng vurması istintaq müddətində araşdırılıb. Telefon danışıqları çıxarılıb. Bu faktdır. Bu dəhşətli faktı nə vaxta qədər ört-basdır etmək olar?!”.
Sahibkar Ilham Əliyevdən xahiş edir ki, bu dəhşətli faktın araşdırılmasını və hadisədə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını təmin etsin.
Böyükağa Abdullayevin Ilham Əliyevə ünvanladığı bu müraciətilə bağlı Imran Eyvazzadənin mövqeyini öyrənmək istədik. Səylərimiz nəticə vermədi. Bununla belə bildiririk ki, Imran Eyvazzadənin də mövqeyini dərc etməyə hazırıq. Respublika Prokurorluğundan isə sahibkarın müraciətinə hər hansı şərh almaq mümkün olmadı.
Azad