Ötən il ehtiyac meyarı 104 dollar idisə, növbəti ildə artıma rağmən 69 dollar səviyyəsində olacaq
Məhəmməd Talıblı: “Ölkədə dəhşətli bahalaşma və iqtisadiyyatın kiçilməsi fonunda bu məbləğ sadəcə xalqı ələ salmaqdır “
Milli Məclis keçirilən son iclasında “2017-ci ildə ehtiyac meyarı haqqında” qanun layihəsini qəbul edib. Gələn il Azərbaycanda ehtiyac meyarı 116 manat təşkil edəcək. Qeyd edək ki, 2016-cı ildə ehtiyac meyarının həcmi 105 manat səviyyəsində təsdiq edilmişdi.
Bu məbləğ nə dərəcədə reallığa adekvatdır? Qiymət artımı, inflyasiya, bahalaşan xidmətlərin fonunda bu cür yanaşma nə dərəcədə məntiqlidir?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, təbii ki, biz illər üzrə ehtiyac meyarlarında cüzi artımı müşahidə edirik. M.Talıblının sözlərinə görə, ilk baxışda belə təəsurat yaradır ki, ötən illə müqayisədə 10 faizlik artımlıq hədd müəyyənləşir. Amma biz ötən illə müqayisədə ehtiyac meyarı 104 dollar idisə, növbəti ildə artımlara rəğmən 69 dollar səviyyəsində olacaq: “Bu hədd dünyada bir neçə ölkədə ən aşağı göstəriciyi malik hədd sayılır. Ölkədə dəhşətli bahalaşma və iqtisadiyyatın kiçilməsi fonunda bu məbləğ sadəcə xalqı ələ salmaqdır. Onun ehtiyaclarının düzgün qiymətləndirməməsinin ifadəsidir. Çünki, bu məbləğ real qiymətləndirilsə, gərək müxtəlif cür müavinətlər və müxtəlif yardımlar həmin məbləğdən aşağı olmasın. Bu isə dövlət büdcəsindən daha artıq vəsaitin xərclənməsi deməkdir ki, bunu indiki böhranlı büdcə reallıqlarında xərcləmək xeyli çətinlik yaradar. Bu məbləğin müəyyənləşməsi hökumətin reallıqlardan nə qədər uzaq qərarverməyə malik olduğunu göstərir. Bu günəşin işığının qarşısında gözü bağlı gəzib günəşin olmasını inkar etmək kimi bir şeydir”.
Xəyal