Eldar İbrahimov gərginliyin kökündə müxalifətin hakimiyyətə gəlmək istəyinin dayandığını deyir
Hakimiyyət təmsilçilərinin müxalifətin ünvanına səsləndirdiyi ittihamlar bəzən heç bir məntiqə sığmır. Bu günlərdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar Ibrahimovun mətbuata verdiyi müsahibədə dilə gətirdiyi fikir də bu qəbildən olan ittihamlardan biridir. Müxalifətin bir çox günahının olduğunu deyən YAP-çı deputatın fikrincə, bunlardan ən əsası müxalifətin hakimiyyətə gəlmək istəyidir. Onun qənaətinə göər, iqtidar-müxalifət münasibətlərində artan gərginliyin kökündə də məhz müxalifətin hakimiyyətə gəlmək istəyi dayanır. Ölkənin aqrar siyasətini başsız qoyub siyasətdə özünü sınımığı çalışan Eldar Ibrahimova xatırlatmaq olar ki, bütün dünyada müxalifətin əsas məqsədi məhz hakimiyyətə gəlməkdir. Bəs müxaliflər bu barədə nə düşünür? E.Ibrahimovun dediklərinə onların münasibətini öyrəndik.
«Bu adam indiyə qədər dərk edə bilməyib ki, müxalifətin vəzifəsi hakimiyyətə gəlməkdir»
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, hakimiyyətin ideoloqlarından biri kimi fəaliyyət göstərən insanın bu fikirlərinə normal məntiqə uyğun cavab vermək çox çətindir. Çünki bu adam indiyə qədər dərk edə bilməyib ki, müxalifətin vəzifəsi hakimiyyətə gəlmək, ölkənin idarə olunmasının məsuliyyətini öz üzərinə götürməkdir. Bu günün müxalifəti sabahın hakimiyyətidir.
N.Məmmədlinin fikrincə, son zamanlar hakimiyyətin yuxarı eşelonunda olanlar dünyada baş verən proseslərin əndişəsindən doğan bir vəziyyət sərgiləyir. Artıq müxalifət onların yadına düşməyə başlayıb. Hətta bəziləri müxalifətlə dialoqa getməyin zəruriliyini vurğulayırlar. Eldar Ibrahimovun bu açıqlaması da müxalifətə olan “məhəbbətin” ifadəsidir.
N.Məmmədli müxalifətin mütləq hakimiyyətə gələcəyini və YAP iqtidarından fərqli olaraq dövləti normal idarə edəcəyini də vurğuladı.
«Bunlar pişik məntiqi ilə hakimiyyətə əl uzadanı cırmaqlayırlar»
Politoloq Zərdüşt Əlizadə isə YAP-çı deputatın dediklərini pişik məntiqi kimi qiymətləndirdi: “Eldar Ibrahimovun dediklərində məntiq var. Pişiyə ət verirsin, sonra o əti almaq istəyəndə səni cırmaqlayır. AXC hakimiyyəti Heydər Əliyev başda olmaqla Ermənistan-Naxçıvan klanına verib. Indi müxalifət yenidən hakimiyyətə gəlmək istəyəndə bunlar pişik məntiqinə keçirlər”.
Z.Əlizadənin sözlərinə görə, hakimiyyət iqtidar təmsilçilərinə varlanmağa, bəh-bəhlə yaşamağa, xalqı saymamağa, sərvət əldə etməyə imkan verir. Ona görə onlar bu hakimiyyəti özlərinin malı sayır və kiminsə buna iddia etməsini cinayət sayırlar. Ona görə də pişik məntiqi ilə hakimiyyətə əl uzadanı cırmaqlayırlar.
Fizzə