Leyla Əliyeva: «Azərbaycan bu mesajı ciddi qəbul etməsə, Avropa Birliyi daha sərt addımlar ata bilər»
Rahim Hacıyev: «Azərbaycan hakimiyyətinə ciddi təzyiqlər olacaq»
Avropa Komissiyasının Avropa Qonşuluq Siyasətinə dair illik sənədlər paketində Azərbaycana da xüsusi yer ayrılıb. Sənəddə bildirilir ki, 2011-ci ildə Assosiasiya Sazişi üzrə danışıqlar asta sürətlə davam edib. Dərin və Hərtərəfli Azad Ticarət üzrə danışıqları başlamaq mümkün olmayıb, çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil.
Hesabatda Azərbaycana siyasi məhbuslardan tutmuş, media azadlığı, mülkiyyət haqları və korrupsiyaya qədər bütün problemlər gündəmə gətirilib. Avropa Komissiyasının bu sənədi ilə eyni vaxtda Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Fülenin də rəsmi Bakıya ünvanlanan mesajı yayılıb. O bildirib ki, biz iş birliyimizin çərçivəsini genişləndirib enerji məsələlərinə dair strateji tərəfdaşlığımızın sərhədlərindən kənara çıxmaqda çox maraqlıyıq. Füle rəsmi Bakını genişmiqyaslı yanaşmada insan haqları və s. əsas hüquq və azadlıqlarla bağlı məsələlərlə də məşğul olmağa dəvət edib və Avropa Birliyi ilə strateji tərəfdaşlığa nail olmağın yolunun bundan ibarət olduğunu bildirib.
Avropa Birliyinin bu tələbləri, eyni zamanda Ştefan Fülenin mesajı nəyə hesablanıb və Azərbaycan tərəfi buna cavab olaraq hansı addımlar ata bilər?
Politoloq Leyla Əliyeva Avropa Birliyinin hesabatını ciddi mesaj kimi qiymətləndirdi. Çünki əvvəlcədən Şərq Tərəfdaşlığı Proqramına qoşulan ölkələrə onlara fərdi əsasda əməkdaşlıq qurulacağı bildirilib. Ona görə də hər ölkənin problemləri ilə bağlı çox ciddi və obyektiv mesajlar verilir. Azərbaycan bunu ciddi qəbul etməsə, Avropa Birliyi daha sərt addımlar ata bilər.
Ekspertin fikrincə, Avropa Birliyi hələlik Azərbaycanın başqa ölkələrə baxıb özü üçün nəticə çıxaracağına ümid edir. Amma əgər bu mexanizm işləməsə, daha sərt mesajlar və addımlar olacaq.
Siyasi ekspert Rahim Hacıyev Avropa Komissiyasının yaydığı sənədi Avropanın Azərbaycana münasibətdə keyfiyyətcə yeni mərhələyə keçməsi kimi dəyərləndirdi. Çünki uzun illərdir Avropa Birliyi Azərbaycanla müxtəlif sahələri əhatə edən münasibətlərin qurulmasına çalışır. Ancaq Azərbaycan hakimiyyəti planlaşdırılan istiqamətlər üzrə əməkdaşlıqdan yayınır. Lakin artıq Avropa Birliyi bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirməyə başlayıb. Bu baxımdan yayılmış sənəd Avropa Birliyinin qətiyyətli mövqeyini əks etdirir.
Ekspertin sözlərinə görə, Azərbaycan hakimiyyəti Avropa ilə yalnız enerji sahəsində əməkdaşlığın məhdudlaşdırılmasını istəyir. Ancaq qarşı tərəf demokratik və insan hüquqları məsələləri ilə bağlı əməkdaşlıq qurmaq fikrindədir və bu proses ölkəmizin inkişafı, dünya birliyində mədəni xalqlar cərgəsində yer tutması, iqtisadi-sosial sahədə inkişafı baxımdan çox yaxşı perspektivlər vəd edir. Bunun üçün Assosiasiya Müqaviləsindəki əsas prinsiplərini sadalamaq kifayətdir. Bunlar qanunun aliliyi, demokratiya, insan hüquqları, söz, mətbuat, toplaşma azadlığı, azad seçkilər, iqtisadi və sosial inkişafdır. Avropa Birliyi Azərbaycana məhz bunları təklif edir. Hakimiyyət isə bundan imtina edir.
Ekspertin fikrincə, ortaya qoyulmuş mövqe Avropa Birliyinin Azərbaycana münasibətdə qətiyyətli mövqedən çıxış edəcəyini və ölkəmizin Avropaya inteqrasiya məsələsinə ciddi fikir verəcəyini göstərir. Çünki münasibətlərin enerji ilə məhdudlaşdığı dövr arxada qalıb. Bundan sonra Azərbaycan hakimiyyətinə qarşı ciddi təzyiqlərin olacağı şübhəsizdir.
Fizzə