İran səfirliyindən hədələyici bəyanat gəldi; Bakı dərhal cavab verdi
Bu kimi aksiyanı planlaşdıran qüvvələr bilmir ki, qəzəb və kin hisslərinin coşdurulması nə dərəcədə təhlükəli nəticələr verə bilər”. Iranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq mayın 11-də səfirlik qarşısında təşkil edilən etiraz aksiyasında bu ölkənin dini lideri ayətullah Xamneyinin təhqir olunduğunu bildirib və buna sərt cavab verib. “Bu aksiya Azərbaycan Respublikasında olan bəzi dairələrin istiqamətləndirdiyi sifariş olmaqla yanaşı, regionda Qərb və sionist dairələrin yaratdığı antiislam cərəyanları ilə əlaqələndirilmiş və uyğunlaşdırılmış plandır.
Dünyanın digər yerində “Qurani-Kərim”in dinsiz ekstremistlər tərəfindən yandırıldığı bir zamanda islam və iman amallarının əbədi keşiyində duran diyarlardan biri sayılan müsəlman və şiə ölkəsi Azərbaycanda dünya şiələrinin rəhbəri və vilayəti fəqihin ünvanına təhqiredici ifadələrin söylənilməsi təəssüf hissi doğurur.
Bu kimi aksiyanı planlaşdıran qüvvələr bilmir ki, dünya şiələrinin liderinin ardıcılı olan milyonlarla insanın, xüsusilə Iran Islam Respublikasının azəri dilli vilayətlərində onun yolunda canlarını qurban verməyə hazır olan qeyrətli insanların dini hisslərinin təhrik edilməsi, qəzəb və kin hisslərinin coşdurulması bu kimi gücsüz və alçaq ssenarilərin müəllifləri üçün nə dərəcədə təhlükəli nəticələr verə bilər”, – deyə bəyanatda qeyd olunur.
Bu, cinayət xarakterli addımdır
Bəyanatda daha sonra deyilir ki, IIR səfirliyi “bu düşmən və cinayət xarakterli addımı” kəskin pisləməklə yanaşı hadisə ilə bağlı ikrah hissini bildirir və onu təşkil edənlərə xəbərdarlıq edir. “Bu, əsla izaholunmaz bir addımdır. Azərbaycan dövləti bu kimi təhqirlərə dərhal reaksiyasını bildirməli və onun amillərini cəzalandırmalıdır”, – deyə bəynatada bildirilir.
Bəyanatda səfirlik qarşısında ötən gün təşkil olunan etiraz aksiyasına da münasibət bildirilir: “Gözləntilərə rəğmən aidiyyəti məsul şəxslərin növbəti ehtiyatsızlıq edərək bu nümayəndəliyin binası önündə 16 may tarixində növbəti aksiyanın keçirilməsinə imkan vermələri təəssüf hissi doğurur. Saxta və qondarma bəhanələrlə atılan bu kimi və ona oxşar addımlar Qərbə və çökməkdə olan sionist rejimə canfəşanlıqla xidmət etmək istiqamətindədir. Azərbaycanın zəkalı və düşüncəli xalqı, eləcə də dünyadakı qeyrətli azərbaycanlılar islamla düşmənçilik, dini inanclara həssaslıq məsələsində laqeydliyin təbliğ edilməsi, eləcə də işğal prosesinin uzanması və Azərbaycanın ərazi bütövlüyünə xələl vurulması ardınca olan xain dairələrin planlarından agahdırlar”.
Səfirlik Qafqaz Müsəlmanları Idarəsinin fəaliyyətini də tənqid edib. Səfirliyin fikrincə, bu kimi təxribat və düşmən xarakterli addımlar əməli şəkildə islam hökmləri və təlimlərinə qayıdışın iqtidarlı cərəyanının daha da genişlənməsinə, islamın yayılmasına və Azərbaycanın müsəlman xalqının ayıq-sayıqlığının daha da artmasına səbəb olacaq. “Bir müddət öncə islam dünyasının mədəniyyət paytaxtı adlandırılan Bakı şəhərində, indi islamın və islam mədəniyyətinin obyektiv simvoluna təhqirlərin ünvanlanması çox təəssüf doğurur. Çox təəssüfləndirici məqamlardan biri də bundan ibarətdir ki, Qafqaz Müsəlmanları Idarəsinin bəzi yolunu azmış amilləri və ünsürləri ”gey-parad”ın keçirilməsinə ciddi və əməli etirazlarını bildirmək əvəzinə islamın və şiə aləminin simvoluna təhqirlərlə müşayiət olunan tədbirə qatılırlar”, – sənəddə vurğulanır.
Rəsmi Bakı cavab verdi
Iran səfirliyinin mövqeyinə Azərbaycan tərəfdən də reaksiya gəldi. Azərbaycan XIN-in yaydığı bəyanatda vurğulanır ki, Iran arasında qədim tarixi mədəni əlaqələr mövcuddur. XIN-in mətbuat katibi Elman Abdullayev “Trend”ə açıqlamasında bildirib ki, son zamanlar baş verənlər bu münasibətlərə xələl gətirmək istəyən qüvvələrin maraqlarına uyğundur: “Son zamanlar Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların artması ilə bağlı öz narahatlığımızı bildiririk və təəssüflənirik ki, bu cür aksiyaların arxasında Azərbaycan və Iran arasındakı münasibətlərə xələl vuran qüvvələr dayanıb və bu dairələr Azərbaycanla Iranın münasibətlərinin inkişafında maraqlı deyillər”.
Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarların xalqın maraqlarına xidmət etdiyini deyən E.Abdullayev qeyd edib ki, rəsmi Bakı qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsasən qurur: “Heç bir ölkə bir-birinin işinə qarışmamalıdır və Azərbaycan bu prinsiplərə sadiqdir. Bir daha bəyan edirik ki, Azərbaycanın qəbul etdiyi qərarlar tam müstəqildir. Bu gün Azərbaycan artıq 20 il bundan öncə olan Azərbaycan deyil, bu gün Azərbaycanı dünya ictimaiyyəti etibarlı tərəfdaş, beynəlxalq arenada özünəməxsus çəkisi olan bir ölkə kimi qəbul edir”.
Daha bir aksiya
XIN sözçüsü mətbuata açıqlamasında eyni zamanda Qarabağ probleminə münasibətdə Iranın tutduğu mövqeyi tənqid edib. O vurğulayıb ki, Azərbaycan və Iran arasında münasibətlərin inkişafında maraqlı olmayan dairələr Ermənistanı qınamaq əvəzinə, ikitərəfli münasibətlərimizə xələl vurur.
Onu da qeyd edək ki, bu gün Iranın Azərbaycandakı səfirliyinin binası qarşısında növbəti yürüş-aksiya keçirilib. Aksiyanı Güney Azərbaycan Istiqlal Partiyası (GAIP), Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və digər təşkilatlar həyata keçirib.
APA-nın məlumatına görə, aksiyada “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Azərbaycan bir olsun, istəməyən kor olsun!”, “Haray, haray, mən türkəm!”, “Rus, fars, erməni, bunlar türkün düşməni”, “Rədd ol!”, “Urmu gölü can verir, Iran rejimi qətlinə fərman verir”, “Od vurarıq Tehrana, and olsun Səttarxana” və s. şüarlar səsləndirilib.
“Azərbaycan Rusiyanın dəstəyinə arxalanıb İrana qarşı siyasət yürütməməlidir”
Iranın bu dəfə Azərbaycanın ünvanına səsləndirdiyi bəyanat olduqca sərt mesajlarla və konkret xəbərdarlıqlarla zəngindir. Iran tərəfi aksiyada şüarları səsləndirənlərin və Iranın ali dini rəhbərini təhqir edənlərin cəzalandırılmasını istəyir.
Avro Atlantik Şuranın sədri Sülhəddin Əkbərdən Iranın budəfəki bəyanatının özüylə hansı mesajları daşıdığını öyrəndik. S.Əkbər vurğuladı ki, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə bu cür ritorikaya enmək heç də xoş hal deyil. Iran tərəfinin bir müddət əvvəl Azərbaycanın dövlət başçısının ünvanına xoşagəlməz ifadələr işlətdiyini xatırladan S.Əkbər bildirdi ki, indi də Azərbaycanın Iran rəhbərlərinə qarşı eyni metodlardan istifadə etməsi yanlış addımdır. S.Əkbərin sözlərinə görə, Iran səfirliyinin son açıqlamasının tonu münasibətlərin kritik həddə çatdığından xəbər verir: “Bu cür qarşılıqlı bəyanatlar, qarşılıqlı aksiyalar iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirən məqamlardır. Halbuki indiki situasiyada münasibətlərin soyuq münasibətlərdən daha da kəskin münasibətlərə keçməsinin qarşısını almaq olar. Ümumiyyətlə, Azərbaycan kimi kiçik dövlət Iran kimi regional ölkə ilə münasibətləri sərtləşdirərkən ehtiyatlı olmalıdır. Azərbaycanın hərbi, siyasi dəstəyi yoxdur. Azərbaycan heç bir hərbi bloka üzv deyil. Azərbaycan yalnız Rusiyanın dəstəyinə arxalanaraq Irana qarşı siyasət yürütməməlidir”.
Xəyal