MTN paytaxtda “terrorçu ovu”na çıxdı; qurumun iki zabiti yaralandı, 1 nəfər öldürüldü
Milli Təhlükəsizlik Nazirliyi (MTN) metronun “Qara Qarayev” stansiyası yaxınlığındakı beşmərtəbəli binada əməliyyat keçirib. Əməliyyat ötən gecə saat 23-ə təsadüf edib.
Rəsmi məlumatlara görə, əməliyyat zamanı MTN-in iki əməkdaşı – kapitan Ağamaliyev Fuad Kamil oğlu və baş leytenant İbrahimov Rövşən Xudaverdi oğlu yaralanıb. Qarşı tərəfdən isə öldürülən silahlı şəxs Hüseynov Teymur Rüstəm oğludur. Onun üzərindən Rusiya vətəndaşlığını təsdiq edən sənəd tapılıb.
Həyata keçirilən əməliyyatlarla bağlı MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir, antiterror əməliyyatları davam etdirilir. Bu əməliyyatlar zamanı 1 terrorçu məhv edilib.
Dünən hadisə yerinə yollanıb olayın təfərrüatlarını öyrənməyə çalışdıq.
Hadisə Nəsimi küçəsi 25 ünvanında yerləşən beş mərtəbəli binanın birinci blokunda baş verib. Orada olan zaman yalnız bir post-patrul maşını gözümüzə dəydi. Hər yanda sakitçilik hökm sürürdü. Sakinlərdən öyrəndik ki, MTN-in əməliyyat keçirdiyi mənzil beşinci mərtəbədə yerləşir. Mərtəbələri qalxdıqca azca olsa da qan ləkələrinə rast gəlmək mümkün idi. Mərtəbələrdə qana bulanmış əlcəklərə də rast gəldik. Sakinlər deyirlər ki, mayın 15-də günorta radələrində qonşuluqdakı doqquz mərtəbəli bianda iki nəfər həbs olunub: “Biz o iki nəfəri tanımırıq. Birinci dəfə idi görürdük”.
Maraq üçün bildirək ki, adıçəkilən doqquzmərtəbəli bina mərhum jurnalist Elmar Hüseynovun vaxtilə yaşadığı binadı.
Sakinlərin sözlərinə görə, bu hadisədən sonra səhər, yəni mayın 16-da 10 nəfərdən artıq silahlı şəxs əraziyə gələrək axtarış aparmağa başladılar: “Axtarışlar bir neçə saat davam etsə də, heç nə tapılmadı”.
Bizimlə söhbət edənlər axtarış əməliyyatının mənzilin dəqiqləşdirilməsi məqsədilə həyata keçirildiyini ehtimal edirlər: “Bir qədər sonra, hava qaralana yaxın atışma baş verdi”.
Sakinlər bizimlə söhbətində qeyd etdilər ki, mənzildə yaşayanlar xarici görünüşlərinə görə dindara oxşamayıblar: “Bu adamları birinci dəfə idi ki, görürdük. Saqqallı deyildilər. Nə vaxt mənzilə gəlirdilər, nə vaxt gedirdilər, onu görməmişik. Bildiyimizə görə, evdə dörd nəfər yaşayıblar. Ancaq eşitdiyimzə görə, evə baxış keçirərkən radikal dini qruplaşmanın üzvü olan şəxs polis əməkdaşının ayağından güllə ilə vurub. Daha sonra atışma düşüb və daha bir güllə başqa bir polis nəfərinin boğazından dəyib. Mənzildə yaşayanların içərisində qadın da olub. Atışma dayanandan sonra onu sərbəst buraxıblar. O da qaçıb gedib, “Praqa” restoranın yaxınlığında bir oğlanla görüşəndə hər ikisini həbs ediblər”.
Məlumatlara görə, MTN mayın 17-nə keçən gecə eyni vaxtda metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında da əməliyyat keçirib.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl “Azadlıq” radiosuna açıqlamasında deyib ki, Azərbaycan istər milli, istərsə də dini zəmində beynəlxalq terrorizmin hədəfində olan ölkədir: “Ölkə bu və digər şəkildə hədəfdədir. Həqiqətən Azərbaycanda dini qruplaşmalar var və bu qruplaşmaların radikal terrorçu hərəkətlər etməsi zaman-zaman görünüb, sübut olunub. Bəziləri zərərsizləşdirilib, bəziləri yox. Sadəcə olaraq son vaxtlar burda xoşagəlməz tendensiya var. Bu əməliyyatlar çox hay-küylü həyata keçirilir. Əməliyyatlar binalarda keçirilirsə, müxtəlif metodlar var ki, bu sakitliklə keçirilsin. Bundan əvvəl Gəncədə də ölüm olmuşdu”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə isə bu əməliyyatların arxasında müəyyən siyasi məqsədlər də dayanır: “İndi Azərbaycan öz daxili siyasətinə görə intensiv şəkildə tənqid olunur. Bütün bunlar Qərbə nümayiş etdirməkdir ki, baxın, bizdə İslam təhlükəsi var. Siz isə bizi insan haqları, demokratik dəyərlərlə bağlı sıxırsınız. Ümumiyyətlə, Azərbaycanda terror təhlükəsi ilə bağlı bütün bu tipli əməliyyatların arxasında həmişə olmasa da, bir çox hallarda məhz siyasi məqsədlər dayanır”.
Ramin DEKO