Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Tale Bağırzadə Nardaran işi ilə bağlı qalmaqallı məhkəmə prosesinin getdiyi bir vaxtda ictimaiyyətin Hərəkatla bağlı artan marağını nəzərə alaraq hərəkatın məqsədləri ilə bağlı fikirlərini saytımıza təqdim edib.
Müsəlman Birliyi Hərəkatı üzvlərinin könüllü birliyi əsasında yaradılan, Azərbaycan Respublikasının Konstitusiyası və qüvvədə olan digər qanunlar çərçivəsində, öz proqramı və idarə heyətinin qəbul etdiyi qərarlar əsasında fəaliyyət göstərən ictimai təşkilatdır.
MBH insanı mənəvi baxımdan ucaldan, cəmiyyətdə sülh, tolerantlıq mühiti yaradan, əxlaqi düşüncə və davranış tərzi aşılayan, dünyanı sevgi və mərhəmətə dəvət edən, azadlıq və ədalət prinsiplərinə söykənən İslam dininin gerçək mahiyyətini təbliğ etməyə, bəşər üçün həqiqi qurtuluşa yol açan ilahi dəyərlər əsasında həmrəyliyə nail olmağa çalışır. Zülmə və ədalətsizliyə qarşı olan, insanın sahib olduğu hüquq və haqları toxunulmaz sayan islami dəyərlər yalnız demokratik quruluşlarda gerçəkləşə bildiyi üçün demokratik azadlıqlar islami dəyərlərlə ayrılmaz bir bütünlük təşkil edir. Bu səbəbdən MBH islami dəyərlərin təbliğini demokratik azadlıqların təmin olunması və qorunması prosesi ilə üzvi şəkildə bağlı sayır. Demokratik prinsiplərə əsaslanan dünyəvi dövlət quruluşu şəraitində dövlətin ideoloji tərəfsizliyi və vətəndaş azadlıqlarına təminat verməsi insanlara öz dini etiqadlarını sərbəst şəkildə yaşamaq, ifadə etmək və yaymaq imkanı yaradır. İslam dininin halallıq, dürüstlük, maddi nemətlərin insanlar arasında ədalətli bölüşdürülməsi kimi ali dəyərələrinin təbliği isə cəmiyyətin mənəvi baxımdan sağlamlaşması, korrupsiya və insan haqlarının tapdalanması kimi ictimai tərəqqiyə mane olan hallarla mübarizə aparılmasına, demokratik cəmiyyət və dövlət quruculuğuna töhfə verə bilər.
Biz MBH olaraq qloballaşma dövründə öz milli-mənəvi dəyərlərinə sahib çıxmaq şərti ilə dünyanın qabaqcıl dövlətlərinin təcrübələrindən yararlanmağı və bununla da mədəni və elmi tərəqqiyə nail olmağı Azərbaycan xalqının milli kimlik şüurunun yüksəldilməsinin əsas şərti hesab edirik. Xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi irsin yaşadılmasına dinamik bir proses kimi baxılmalı, onun müasir dövrün ehtiyaclarına uyğun şəkildə inkişafına çalışılmalı, milli özünəməxsusluğun qorunması ilə yanaşı mədəniyyətlərarası dialoq və inteqrasiya prosesinə qoşulmasına da dəstək verilməlidir.
MBH etnik, dini, sosial zəmində ayrı-seçkiliyi Azərbaycan xalqının bütövlüyü, tərəqqisi yolunda maneə sayır, ölkəmizin ərazi bütövlüyünü, ortaq tarixi-mədəni mirasımızı, dövlət suverenliyini, demokratik seçki azadlığını, insanların qanun qarşısında bərabərliyi və hüququn aliliyi prinsipini bütün ölkə vətəndaşlarını birləşdirən ortaq dəyər və bütövlük zəmini hesab edir. MBH inanır ki, yalnız bu ortaq dəyərələrin qorunması və yaşadılması sayəsində ölkədə sabitliyin və milli həmrəyliyin təmin olunması mümkündür.
MBH fikir və ifadə azadlığını, sərbəst toplaşma və etirazetmə haqqının insanların fundamental hüquqları olduğuna inanır. Bu səbəblərə görə təqibləri, həbsləri qətiyyətlə pisləyir, siyasi və vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. MBH hesab edir ki, dövlət sağlam tənqidin, fikir mübadiləsinin, siyasi və ictimai plürealizmin, azad mətbuatın və söz azadlığının olduğu təqdirdə möhkəm ola bilər.
MBH ailə insitutunun qorunmasına, dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunmasına xüsusi önəm verərək, ailələrin mənəvi baxımdan sağlamlığını cəmiyyətin və dövlətin dayanaqlılığının əsası hesab edir.
Təhsilə xüsusi önəm verən MBH Azərbaycan xalqının müasir dünyanın tələblərinə uyğun şəkildə inkişafının mütərəqqi və innovativ təhsil sisteminin yaradılmasına, savadlı, rəqabət qabiliyyətli və təşəbbüskar gənc nəslin yetişdirilməsinə bağlı olduğuna inanır. Buna görə də təşkilat milli təhsil siyasətinin həyata keçirilməsi zamanı gənclərin intellekt və savadının yüksəldilməsi ilə yanaşı, onların həm də şəxsiyyət kimi formalaşdırılmasına, mənəvi baxımdan tərbiyəsinə xüsusi əhəmiyyət verir.
Sosial dövlət mdelinə tərəfdar olan MBH hesab edir ki, insanları rahat, firavan həyata qovuşdurmaq üçün iqtisadi azadlıqların təmin olunması qədər, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial proqramların həyata keçirilməsi, gəlirlərin ədalətli şəkildə bölüşdürülməsi də əhəmiyyətlidir. Bu baxımdan iqtisadiyyatın sərbəst bazar və azad rəqabət prinsipləri ilə İslam dininin mərhəmət, yardımlaşma kimi humanist dəyərlərlərinə istinad edən sosial siyasətin uzlaşdırılmasını cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsinin əsas şərtdir.
Bu baxımdan həmrəylik dini olan İslamın xeyriyyəçilik, mərhəmət kimi yüksək insani dəyərlərinin cəmiyyətdə yayılması, azad sahibkarlığın, sərbəst rəqabətin olduğu şəraitdə iqtisadi fəaliyyət həm də sosial müdafiəyə ehtiyacı olanların rifahının yüksəldilməsinə, ehtiyaclarının təmin olunmasına şərait yaradacaq.
MBH Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağ və digər işğal olunmuş ərazilərin azad edilməsi məqsədi ilə Milli Ordunun döyüş hazırlığının müasir standartlara uyğun səviyyəyə qaldırılmasını, cəmiyyətdə milli-mənəvi dəyərlərə bağlılığın, vətənpərvərlik ruhiyyəsinin gücləndirilməsinin gücləndirilməsini, bəynalxalq birliyin bu istiqamətdə siyasi, diplomatik dəstəyinin qazanılmasını başlıca prioritetlərdən hesab edir.
Xarici siyasətdə Azərbaycan dövlətinin maraq və mənafelərini əsas meyar sayan MBH regional əməkdaşlığın və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və faydalılıq prinsiplərinə söykənən əməkdaşlığın davam etdirilməsinə tərəfdardır. Ölkə daxilində və beynəlxalq səviyyədə hər cür zorakı və təcavüzkar davranışların qarşısının alınmasını, regional və beynəlxalq səviyyədə sabitliyin təmin olunması istiqamətində diplomatik səyləri dəstəkləyən MBH sülhü bəşər cəmiyyətinin ortaq və alternativsiz dəyəri hesab edir.
Tale Bağırzadə, Kürdəxanı təcridxanası