Dünya boşalmır. Biz yıpranırıq, üzülürük, əzilirik, dirənirik və dirənə bilmirik. Biri gedir, biri gəlir. Dünən yaxın dostlardan birinin nəvəsi oldu. Aylardı mən də oğlan anası kimi bu günün sevincini xəyal edirdim. Xəyalım xəyal qaldı. Yaşadığım ağrının acısı sevincimdən qat-qat dərin və dözülməz oldu. Təbrikim içimə töküldü. O körpə doğulan gün… Allah onu xoşbəxt eləsin. Dünyaya küçücük insancıqlar gəlsin, böyüyüb-böyüyüb sanballı-sanballı adamların yerini tutsunlar. Dünya boşalmasın, əyilməsin.
Nəriman Əzimov mənim dayım deyil. Mən onun bacısı qızıyam. Həmişə belə olub, belə də qalacaq. Mənim həyatımda ayrıca rolu və yeri olan, dayıdan əziz doğma insan. Son illər hər məni görəndə “Elə bildim Fəridəsən”-deyirdi (Fəridə anamdı). Deyirdi. Bircə gün keçib, hələ torpağa tapşırılmayıb, mən onun barəsində keçmiş zamanda danışıram. Belə də etibarsızlıqmı olar. Dünən onu itirdik. Azərbaycanın Xalq Artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar, Azərbaycan Dövlət Televiziyasının Əməkdar kollektivi, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (son günədək) Əzimov Nəriman Abbasqulu oğlunu. Xəstəydi, ama uzun sürən ağır xəstə deyildi. Təzəcə “Şöhrət”in sevincini yaşayırdı, təbrikləri hələ bitməmişdi…
Bu kiçik yazını isə dayım haqqında yox, 80 illik ömrünün 61 ilini Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin təbliğinə həsr edən ictimai xadim, sənət adamı haqqında yazıram. Cavanlar yaxşı tanımaz, tanısınlar istəyirəm. Orta yaşlılar tanıyır, unutmasınlar istəyirəm. Yaşlılar sevir, sevgiləri azalmasın istəyirəm. İstəyirəm tarix tarix üçün deyil, insanlar üçün olsun. İnsanlıq adına böyüklərimizə layiq olduqları dəyəri verək, onların əməyinin qarşılığını hörmətimizlə, ehtiramımızla ucaldaq.
1936-cı il iyun ayının 1-də Gəncədə anadan olub Nəriman Əzimov. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsində birinci kursda oxuyarkən Xalq Çalğı Alətləri orkestrində tarçalan kimi işə başlayıb. 61 ildə tək bir iş yeri olub-AzTV. 56 ildir Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri və baş dirijorudur. 1974-cü ildə “Əməkdar İncəsənət xadimi”, 1990-cı ildə “Azərbaycanın xalq artisti” adına layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsüdür. Noyabrın 6-da Azərbaycan radiosunun 90, televiziyanın 60 illik yubileyində “Şöhrət” ordeni ilə təltif edilib.
Dövlət arxivində, AzTV-nin Qızıl fondunda N. Əzimovun bəstələdiyi yüzlərlə mahnı, musiqi əsəri, klassik və çağdaş xarici, Azərbaycan bəstəkarlarının əsərlərinə, xalq mahnılarına edilmiş orkestrələr qorunur. Bunlar xalqın sərvətidir, N.Əzimovun adını Azərbaycan Mədəniyyət tarixinə yazan, əbədi yaşadacaq sənət əsərləridir. Azərbaycan “Telefilm” yaradıcılıq birliyində onun barəsində “Dirijor” adlı sənədli film çəkilib.
Bakıda yaşayıb işləsə də ürəyi, canı hər zaman Gəncədə olub dayımın. Bir zamanlar Nəriman Əzim Gəncəli imzasıyla bəstələyirdi mahnılarını. İstəyirdi hər xatirəsində Gəncənin özü, adı olsun. Bu böyük sənət adamının 81-ci ilini tamamlamayan ömür yolu Gəncədən başlayıb Gəncədə bitir. Sabah, noyabrın 21-də Nəriman Əzimov Gəncə Teatrında vida mərasimindən sonra Səbzikar qəbristanlığında torpağa tapşırılacaq. Öz arzusuyla.
N.Əzimovun “Gəncəm” mahnısının sözləri atam Asim Qazıyevindir. “Gəncəm mənim, öz elim…”
Allah hər ikisinə rəhmət eləsin!
Fimar